Dünən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev növbəti dəfə vətəndaşların müraciətlərini dinləyib.
Komitədən bildirilib ki, görüşlər zamanı Prezident İlham Əliyevin rəhbərliyi ilə məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması üçün genişmiqyaslı tədbirlər həyata keçirildiyi qeyd edilib. Birinci xanım Mehriban Əliyevanın da müharibədən əziyyət çəkən insanlara, o cümlədən məcburi köçkünlərə xüsusi diqqət və qayğı göstərdiyi vurğulanıb.
Komitə sədrinin fərdi qaydada qəbul etdiyi məcburi köçkünlər də tezliklə doğma yurda qayıdacaqlarına əmin olduqlarını bildiriblər.
Qəbulda iştirak edən vətəndaşların müraciətləri əsasən mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq, işğaldan azad olunmuş ərazilərə qayıdış və digər məsələlərlə əlaqədar olub.
Vətəndaşlara bildirilib ki, müraciətləri və qaldırdıqları məsələlər araşdırılacaq, qanunvericiliyə uyğun şəkildə həll ediləcək.
Ülvi QARAYEV,
“Respublika”.