"Tass": Azərbaycan Ermənistanın kəşfiyyat fəaliyyətinin qarşısını alıb
Rusiyanın "TASS" xəbər agentliyi mövqelərimiz üzərində kəşfiyyat xarakterli uçuş həyata keçirməyə cəhd göstərən kvadrokopterin fəaliyyətinin Azərbaycan Ordusu tərəfindən qarşısının alınması barədə məlumat yayımlayıb. Müdafiə Nazirliyinə istinadən bildirilən xəbərdə, erməni silahlı birləşmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yuxarı Ayrım qəsəbəsi yaxınlığındakı mövqelərinin atəşə tutulduğu da bildirilib.
"Devdiscourse": Azərbaycan və Dünya Bankı məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün 2 milyon dollarlıq saziş imzalayıb
"Devdiscourse" informasiya portalı Azərbaycanla bağlı məlumat yayımlayıb. Məlumatda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) Dünya Bankı ilə "Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması" layihəsini maliyyələşdirmək üçün 2 milyon ABŞ dolları dəyərində qrant Sazişi imzalandığı qeyd olunub. Layihənin məcburi köçkün ailələri üçün vətəndaş fəallığını, texniki bacarıqları və gəlir əldə etmək imkanlarını artırmaq məqsədi daşıdığı bildirilir. Xəbərdə, Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Mayklın fikirləri də vurğulanıb. Sara Maykl bildirib ki, təmsil etdiyi qurum bu yeni qrant vasitəsilə Azərbaycanda məcburi köçkün icmalarına göstərdiyi uzunmüddətli dəstəyi davam etdirməkdən çox məmnundur. "Bu gün bir çox məcburi köçkünlərin öz evlərinə qayıtma perspektivinin olduğu şəraitdə, biz ümid edirik ki, bu layihənin icrasından əldə olunan nəticələr məcburi köçkünlərin daha firavan gələcəyi naminə ehtiyac duyulan bir çox xidmətlərin gücləndirilməsinə kömək edəcək", - deyə menecer diqqətə çatdırıb.
"TRT Haber": Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Hakan Fidanı Bakıya dəvət edib
Prezident Rəcəb Tayyib Ərdoğanın açıqladığı yeni kabinetdə xarici işlər naziri vəzifəsinə təyin olunan Hakan Fidan ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub. Ceyhun Bayramov Hakan Fidanı ölkəmizə səfərə dəvət edib.
"TRT Haber"in məlumatına görə, yeni nazir təbriklərə və xoş sözlərə görə həmkarı Ceyhun Bayramova təşəkkür edib və dəvəti məmnuniyyətlə qəbul edib.
Tərəflər iki ölkə arasında qardaşlıq, dostluq və strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektlərinə və regional məsələlərə dair fikir mübadiləsi aparıblar.
"The Jerusalem Post": Ermənistan Azərbaycanla sülh sazişinin ilin sonuna qədər imzalana biləcəyini deyir
"The Jerusalem Post" xəbər saytı Azərbaycan və Ermənistan arasında gedən danışıqlar barəsində xəbər yayımlayıb. Sözügedən yazıda, həmçinin qeyd edilir ki, Ermənistanın yüksək rütbəli rəsmisi qonşu Azərbaycanla 2023-cü ilin sonuna kimi illərdir davam edən münaqişəyə son qoyacaq sülh sazişinin imzalana biləcəyini bəyan edib.
Moskva, Vaşinqton və Avropa İttifaqı ayrı-ayrılıqda Dağlıq Qarabağ anklavı üzərində son 30 ildə Azərbaycan və Ermənistan arasında daimi sülhün təmin olunmasına kömək etməyə çalışıblar.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, danışıqlar çox intensiv keçib: "Əgər biz bu intensivliyi qoruyub saxlaya bilsək və irəliləyişə nail olmaq üçün beynəlxalq ictimaiyyət tərəfindən güclü dəstək olarsa, o zaman ilin sonuna qədər sülh müqaviləsi əldə etmək şansı var".
"İnterfax": Rusiya baş nazirinin müavini Overçuk: Bakı ilə İrəvan arasında nəqliyyat kommunikasiyalarının açılmasının koordinasiyasında mühüm irəliləyiş əldə olunub
Rusiya, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin görüşündə Bakı və İrəvan arasında nəqliyyat kommunikasiyalarının açılmasının koordinasiyasında nəzərəçarpacaq irəliləyiş qeyd edilib.
Bunu 3 iyun 2023-cü il tarixində Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.
Bu barədə "İnterfax" saytı məlumat yayıb.
"Görüş konstruktiv şəraitdə keçib. Tərəflər məmnuniyyətlə qeyd ediblər ki, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması sahəsində xeyli irəliləyiş əldə edilib. Xüsusilə də tərəflər arasında ümumi anlaşma əldə edilib. Yerasx-Culfa-Meğri-Horadiz marşrutu üzrə dəmir yolu hərəkətinin bərpası və təşkili