İslam aləmində ölkənin müstəqilliyini, ərazi bütövlüyünü və əhalisinin mühafizəsini, şərəf və namusunu müdafiə zamanı canını fəda edənlər şəhiddirlər.
Bəli, böyük Türk milləti “Torpaq - uğrunda ölən varsa, Vətəndir” şüarı ilə tarixdə zəfərlər qazanmışdır. Tarix boyunca şəhidlik xalqımızın mənliyində yaşayan yüksək əxlaqi keyfiyyət olmuşdur. Xalqımız Vətən və müqəddəs dəyərlər naminə həmişə döyüşmüş, bu yolda ölməyi yaşamaqdan üstün tutmuşdur. Məhz bu səbəbdən Vətən, torpaq uğrunda canından keçənlər, özlərini fəda edənlər ölmürlər. Aylar, illər, əsrlər keçdikcə, onların göstərdikləri igidliklər bir dastana dönür, tarixə qızıl hərflərlə yazılır. Beləliklə, xalq öz igid, qəhrəman övladlarına qəlbində əbədi heykəl ucaldır.
Ən yeni tariximizin qanlı və unudulmaz səhifəsi olan 1-ci Qarabağ savaşının başlanması ilə ürəkləri Azərbaycanla vuran igidlərimiz könüllü olaraq, azğınlaşmış nankor erməni silahlı dəstələrinin qarşısına çıxdılar, mərdliklə vuruşdular Belə mərd oğullardan biri də Naftalan şəhərində boya-başa çatmış, Mehman Dilqəm oğlu Bayramov idi. O, könüllü olaraq cəbhəyə yollanmış, Goranboy rayon ərazi müdafiə taborunun igidləri ilə birgə Şaumyan rayonunun Orta kənd, Gülüstan, Başkənd, Boris, İrkəc, Mənəş, Buzluq və digər yaşayış məntəqələrinin mənfur erməni daşnaklarından təmizlənməsində böyük şücaətlər göstərmiş, xalqın sevimlisinə çevrilmişdi. Əfsuslar ki, 1992-ci ilin iyulunda Qaraçanaq uğrunda şiddətli döyüşdə, amansız güllə onun həyatına son qoydu, arzularını puç etdi.
Lakin ən böyük ada, şəhidlik zirvəsinə ucaldı. Bəli, vətənpərvərliyin ən ali məqamı - şəhidlik! Bu ucalığa yüksələnlərin ömür yolu nə qədər qısa olsa da, şərəfli və örnək sayılır.
...Zeynəb ananın ikinci oğlu Vaqif qardaşının ölümündən sonra hərbiçi olacağını qətiyyətləşdirdi. Hərbçi olmaq, torpaqları yadelli işğalçılardan azad etmək üçün yardımçı olmaq... Atalar yaxşı demişdir: “Niyyətin hara, mənzilin ora”. Vaqif Bakı Ali Birləşmiş Komandanlıq Məktəbini müvəffəqiyyətlə bitirdi. Oxuduğu müddətdə davranışı, mədəniyyəti, kreativliyi və bacarığı ilə müəllimlərin sevimlisinə çevrildi. O, idmanla çox ciddi məşğul olur, texnikanın sirlərini dərindən öyrənirdi. Motoatıcı ixtisasına yiyələnən Vaqif zabit kimi döyüş bölgəsinə yollandı. Oxuduqlarını məharətlə praktikaya tətbiq edən gənc hərbçi tezliklə fərqləndi. Xidmətdə fərqləndiyinə və döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalları ilə, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalla, Fəxri fərman, diplomlar, təşəkkürnamələrlə təltif olundu. Döyüşlərin birində ayağından yaralanan fədakar zabit müalicəsi sona çatmamış döyüş bölgəsinə qayıtdı. O, komandirlik etdiyi əsgərləri hər an ayıq-sayıq olmağa çağırırdı. Bilirdi ki, xain, xoflu düşmən yatmayıb, hər an, məqam düşdükcə öz bədnam hərəkətlərini həyata keçirmək istəyindədir. Belə də oldu: Cəbhənin bütün istiqamətlərində mənfur erməni silahlı qüvvələri torpaqlarımıza qəfil hücum etdi, 2016-cı il aprelin 6-da qanlı vuruşmada, yağı düşmənin qarşısını müvəffəqiyyətlə alan igid, cəsur Azərbaycan zabiti - Bayramov Vaqif Dilqəm oğlu 36 yaşında qəhrəmancasına şəhid oldu. Qəhrəmanlıq bir anın bəhrəsi deyil... Xarakterin, tərbiyənin, mənəvi yaddaşın gücü ilə diktə olunan keyfiyyətdir. O, elə bir keyfiyyətdir ki, onun mahiyyətində təsadüf adlanan heç nə yoxdur. Onu minlərlə