Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il sentyabrın 20-də Azərbaycanın XX əsr tarixində siyasi, iqtisadi və strateji əhəmiyyətinə görə ən mühüm müqavilələrdən biri olan Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının bir hissəsinin müştərək işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş - "Əsrin müqaviləsi" imzalandı. Dəyəri 7,14 milyard dollar olan "Əsrin müqaviləsi"ndə dünyanın 7 ölkəsini - Azərbaycan, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç və Səudiyyə Ərəbistanını təmsil edən 11 beynəlxalq neft şirkəti iştirak etmişdir.
Saziş 1994-cü il dekabrın 12-də Azərbaycan Parlamentində ratifikasiya olunmuşdur. 12 noyabr 1997-ci ildə isə "Əsrin müqaviləsi" üzrə ilkin neft hasilatına başlandı. Bu münasibətlə "Çıraq-1" platformasında təntənəli mərasim keçirildi. Azərbaycan Prezidenti Heydər Əliyev həmin gün ilkin neftin çıxarılması hadisəsini açıq dənizdə tikilən platformada bayram kimi qeyd edən azərbaycanlı və xarici neftçilərlə görüşdü. Ümummilli lider, Rusiya Baş nazirinin birinci müavini Boris Nemtsov, Britaniyanın dövlət naziri Derrik Façet ilə birlikdə vertolyotla sahildən 120 km aralıda yerləşən "Çıraq-1" platformasına gəldi. Azərbaycan Prezidentini və xarici qonaqları platformada ABƏŞ-in prezidenti Terri Adams, ARDNŞ-nin prezidenti Natiq Əliyev, ARDNŞ-nin birinci vitse-prezidenti İlham Əliyev və platformanın meneceri Hyu Oliver qarşıladılar. Sonra ilkin neftin platformadan sahildəki terminaladək çəkilmiş 176 km uzunluqda sualtı kəmərə vurulmasına başlandı.
1998-ci ilin dekabrında isə artıq Səngəçal terminalından vurulan xam neft 1999-cu il martın 11-də Supsa terminalına çatdı. Neftin çənlərə doldurulması ilə Bakı-Supsa İxrac Boru Kəmərinin fəaliyyətə başlaması üçün son hazırlıq işlərinə start verildi. Aprelin 17-də Supsada Azərbaycan, Gürcüstan və Ukrayna prezidentlərinin, ABŞ prezidenti və dövlət katibinin Xəzər regionu üzrə xüsusi müşavirinin iştirakı ilə Qərb İxrac Boru Kəmərinin və Supsa terminalının rəsmi açılış mərasimi oldu. Elə həmin gün Xəzərin Azərbaycan sektorundakı "Çıraq" platformasından hasil edilmiş 80 min ton neftlə yüklənmiş ilk tanker Supsa terminalından dünya bazarına yola salındı. Bununla da, Azərbaycan xam neftinin tankerlər vasitəsilə Bosfor boğazından keçərək dünya bazarına çatdırılmasına başlanıldı.
Ulu öndər Heydər Əliyev kəmərin açılışındakı çıxışında onun istifadəyə verilməsinin mühüm əhəmiyyətini vurğuladı: "Beləliklə, 1994-cü ildə başlanmış işlər artıq öz praktiki nəticələrini verir. Bakı-Supsa neft kəməri, burada tikilmiş gözəl terminal, müvəffəqiyyətlə işləmək və nefti fasiləsiz olaraq vurmaq, onu dünya bazarlarına daşımaq üçün yaradılmış gözəl şərait buna inandırıcı sübutdur". Ümummilli lider hələ o vaxt deyirdi ki, "Şərq-Qərb" enerji dəhlizi iqtisadi baxımdan daha çox, siyasi əhəmiyyət kəsb edir. Biz dünyaya sübut edəcəyik ki, öz məsələlərimizi özümüz həll edirik, müstəqil siyasətimiz var.
Müstəqil Azərbaycanı müasir, güclü, davamlı iqtisadi inkişafa malik dövlətə çevirmək üçün Heydər Əliyev gələcəkdə siyasi, iqtisadi islahatların köklü transformasiyasının əsası olacaq neft strategiyasını müəyyənləşdirdi. Bu, xarici sərmayədarların Azərbaycanın neft yataqlarının işlənilməsinə cəlb edilməsini, xam neftin daşıma yollarının şaxələndirilməsini, neft gəlirlərinin səmərəli şəkildə idarə olunmasını və ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoymasını təmin etdi.
Yeni neft strategiyası Azərbaycana investisiya yatırımına imkan verdi və bu da milli iqtisadiyyatımızın inkişafının bünövrəsini formalaşdırdı. Bu gün Azərbaycan iqtisadiyyatında yaranmış resurs bazasının böyük hissəsi şübhəsiz ki, "Əsrin müqaviləsi" hesabına formalaşdırılmış resurslardan ibarətdir. Azərbaycanın ərazi və əhali sayına görə kifayət qədər böyük həcmli ehtiyatlarının formalaşdırılmasında şübhəsiz ki, neft strategiyasının rolunu qeyd etməliyik. Eyni zamanda, biz neft strategiyası çərçivəsində xarici tərəfdaşlarımızla, ilk növbədə Qərb ölkələri ilə danışıqlarda daha güclü mövqedən çıxış etmək üçün şərait əldə etdik.
Azərbaycan ötən müddət ərzində təkcə təchizatçı deyil, həm də etibarlı tranzit ölkəyə çevrilib. Xəzərin şərq sahillərində yerləşən ölkələr beynəlxalq bazarlara öz karbohidrogen ehtiyatlarını Azərbaycan ərazisindən nəql edirlər. Həmçinin Rusiya şirkətləri Xəzər dənizi sektorundan çıxarılan nefti Bakı-Tbilisi-Ceyhan vasitəsilə beynəlxalq bazarlara nəql etməyə üstünlük verir. Xəzərdəki ən böyük donanma da Azərbaycana məxsusdur.
Müəllifi Heydər Əliyev olan neft strategiyasının uğurlu icrası bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Müstəqilliyimizin bərpasının ilk illərində neft sektorunda gəlir əldə etmək çətin görünsə də, atılan addımlar neft-qaz sahəsində böyük uğurlara gətirib çıxardı. 1990-cı illərdə Azərbaycanda böyük miqyasda neft emalı və ixracı mümkünsüz görünürdü. Buna maddi, texnoloji və mütəxəssis çatışmazlığı kimi amillər əsas verirdi. Çətin geosiyasi şəraitdə ulu öndər Heydər Əliyevin sayəsində xarici şirkətləri Azərbaycana cəlb etmək mümkün oldu. Beləliklə, neft yataqlarının işlənməsinə başlanıldı. "Əsrin müqaviləsi"nin imzalanmasından başlayaraq bu günə qədər düzgün qurulmuş həmin strategiya nəhəng neft-qaz layihələrinin reallaşdırılmasını mümkün etdi. Nəticədə bu gün Azərbaycan beynəlxalq aləmdə nüfuzlu neft ixracatçısına çevrilmişdir. Bu da ölkə iqtisadiyyatının, xalqın rifahının yaxşılaşdırılmasını təmin edir. Bu gün qeyri-neft sektorunun inkişafı prioritet olsa da, Azərbaycanın iqtisadi dayağı birmənalı olaraq neft-qaz sahəsidir. Azərbaycan nəhəng enerji layihələrini reallaşdırmaqla Avrasiyanın yeni enerji xəritəsini tərtib edir.
Neft strategiyası ilə bağlı qəbul edilmiş qərarlar hələ uzun müddət Azərbaycan iqtisadiyyatında mühüm rol oynayacaq. Bununla yanaşı, tədricən neft emalının prioritetə çevrilməsi Azərbaycan iqtisadiyyatının daha dayanıqlı inkişaf xəttini yaradacaq. Bu gün də Azərbaycanın neft-qaz sənayesinə xarici investorlar tərəfindən maraq göstərilir. Buna səbəb isə uğurlu siyasət və düzgün qurulmuş neft strategiyasıdır.
Nurlan ABDALOV,
"Respublika".