Müdrik xalq, qətiyyətli Lider, güclü dövlət
Siyasət

Müdrik xalq, qətiyyətli Lider, güclü dövlət

24 oktyabr 2008-ci ildə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmiş cənab İlham Əliyevin Heydər Əliyev Sarayında andiçmə mərasimi keçirilib. Azərbaycanın Konstitusiya Məhkəməsinin nəticələrini rəsmən elan etdiyi seçkilərdə 88%-dən çox səs topladığı elan olunmuş cənab İlham Əliyevin andiçmə mərasimində Gürcüstan prezidenti, Türkiyə və Rusiya rəsmiləri də iştirak ediblər. Azərbaycan Prezidenti Azərbaycan Respublikasının Konstitusiyasına və müqəddəs Qurana əl basaraq and içib.

Andiçmə mərasimindəki çıxışında Azərbaycan Prezidenti İlham Əliyev ölkədə Heydər Əliyev siyasətini davam etdirəcəyini bir daha bəyan edib: "Oktyabrın 15-də Azərbaycan xalqı seçki məntəqələrinə gələrək Heydər Əliyev siyasətinə səs veribdir. Sülhə, əmin-amanlığa, tərəqqiyə, inkişafa, quruculuğa, sabitliyə səs veribdir. Bu siyasətə Azərbaycanda alternativ yoxdur. Heydər Əliyevin siyasəti Azərbaycana böyük uğurlar gətiribdir. Bütün sahələrdə Azərbaycan inkişaf edir, uğurlar qazanır. Beynəlxalq aləmdə Azərbaycan yüksəlir, uğurlar qazanır. Azərbaycan beynəlxalq aləmdə özünəlayiq yerini tuta bilibdir, Azərbaycanın nüfuzu artıbdır. İndi Azərbaycanla hesablaşırlar, Azərbaycana hörmət edirlər. Regionda bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı ilə, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir".

2008-ci il oktyabrın 15-də Azərbaycanda keçirilən prezident seçkiləri ölkəmizin tarixinə mühüm hadisə kimi düşdü. Azərbaycan vətəndaşları yenidən öz səslərini İlham Əliyevə verdilər. Seçicilərin böyük əksəriyyətinin səs çoxluğu ilə qalib gələn İlham Əliyev növbəti 5 il müddətinə Prezident seçildi.

Məqsədi xalqa və dövlətçiliyə xidmət, amalı ölkəmizi xoş gələcəyə aparmaq olan Prezident İlham Əliyev 2003-2008-ci illər ərzində öz çıxışında bildirdiyi kimi, Heydər Əliyev kursuna uyğun olaraq tarazlı xarici siyasət yeridib və xarici investisiyaların cəlb edilməsilə ölkə iqtisadiyyatının inkişafı istiqamətində fəaliyyət göstərib. Beş il bundan əvvəl andiçmə mərasimində xalqına söz vermişdi ki, Azərbaycanın hərtərəfli inkişafı üçün fəal çalışacaq. Azərbaycanda Heydər Əliyev siyasəti davam etdiriləcək. Çünki bu, Azərbaycanın bu günü, sabahı və gələcəyi üçün yeganə siyasətdir. Bu siyasət Azərbaycanı böyük bəlalardan qurtardı. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf etmişdir. Azərbaycan xaosdan, böhrandan, anarxiyadan inkişafa, sabitliyə doğru böyük addımlar atmışdır. Məhz onun rəhbərliyi altında Azərbaycanda dövlətçilik ənənələri qurulmuş, Azərbaycan öz dövlət müstəqilliyini möhkəmləndirmiş, ölkədə sabitlik yaradılmış və inkişaf dövrü başlamışdır.

Prezident bildirmişdir: "Bu gün bir daha demək istəyirəm ki, növbəti beş il ərzində mən bu siyasətə sadiq qalacağam və bu yoldan dönməyəcəyəm. Son beş il ərzində Azərbaycanda bütün istiqamətlərdə böyük inkişaf müşahidə olunurdu. Azərbaycan son beş ildə bölgədə öz mövqelərini daha da möhkəmləndirmişdir. Azərbaycanda dövlət quruculuğu prosesi sürətlə getmişdir. Müstəqilliyimiz möhkəmləndirilmişdir. Azərbaycanda siyasi və iqtisadi islahatlar uğurla aparılır. Demokratikləşmə prosesi uğurla gedir. Azərbaycan son beş il ərzində böyük dərəcədə güclənmiş və bu gün gələcəyə ümidlə, böyük nikbinliklə baxan bir ölkədir". Azərbaycan dövlətinin siyasi və iqtisadi müstəqilliyi daha da möhkəmləndi, ölkəmizin dünyadakı nüfuzu artdı. Dövlətimizin başçısının uğurlu fəaliyyət modeli bütün dünyanın qabaqcıl ölkələri tərəfindən qəbul olundu. Prezident İlham Əliyev görkəmli dövlət xadimi kimi beynəlxalq miqyasda böyük nüfuz qazandı. Ölkə başçısının rəhbərliyi ilə Azərbaycan regionun lider dövlətinə çevrildi. Həyata keçirilən qlobal və regional layihələr ölkəmizin dünyaya inteqrasiyasını sürətləndirdi. Güclü xalq, güclü dövlət, güclü Lider vəhdəti müasir müstəqil Azərbaycanın uğurlu gələcəyinin təminatına çevrildi.

Müasir müstəqil Azərbaycan dövlətinin banisi ulu öndər Heydər Əliyev güclü dövlət yaratmaqla yanaşı, özündən sonra çoxşaxəli islahatların varisliyini uğurla təmin edə biləcək peşəkar lider də yetişdirib. 2003-cü il oktyabrın 1-də prezident seçkiləri ərəfəsində xalqa müraciətində: "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" - deyən Heydər Əliyevin xalqımıza özünün layiqli davamçısı kimi təqdim etdiyi İlham Əliyevin prezidentlik fəaliyyətinin qısa təhlili belə deməyə əsas verir.

Prezident İlham Əliyev fəaliyyəti dövründə xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Bu müddət ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib. Dövlət başçısı keyfiyyətcə yeni mərhələdə Azərbaycanın müasir dövlətə çevrilməsini və tam müstəqil siyasət yürütməsini milli ideyanın başlıca hədəfi kimi müəyyənləşdirmişdir. Ən əsası, Prezident İlham Əliyevin prezidentlik fəaliyyətinin əsas qayəsində xalqa ləyaqətlə xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq, dövlətçiliyimizi hər vasitə ilə möhkəmləndirmək dayanır. Azərbaycanın bütün sahələrdə qazandığı bu misilsiz uğurlar Heydər Əliyev siyasətinin təntənəsidir.

Mustafa KAMAL,

"Respublika".