"Azərbaycan müstəqil dövlət kimi gənc olsa da, qısa tarixi zamanda ölkə həyatının bütün sahələrində, o cümlədən məhkəmə-hüquq sistemi sahəsində xeyli işlər görübdür".
Heydər ƏLİYEV,
Ümummilli Lider.
Azərbaycan xalqının çoxəsrlik tarixində müstəsna rola malik şəxsiyyətlərdən söz düşərkən sözsüz ki, birinci növbədə ulu öndər Heydər Əliyevin adı iftixar və məhəbbətlə xatırlanır. Bu böyük şəxsiyyət rəhbərliyi dövründə ölkəmizi nəinki dünyaya tanıtmış, həm də Azərbaycanda dövlətçiliyin möhkəm qanuni əsaslar üzərində qurulmasına nail olmuşdur. Xarizmatikliyi, geniş dünyagörüşü və yüksək təşkilatçılığı ilə dövlətimizin daimi inkişafının təmini üçün qanunun aliliyini rəhbər tutan ulu öndər müdrik siyasi fəaliyyəti sayəsində bütün dövlət orqanlarında, o cümlədən ədliyyə sahəsində də mütərəqqi və dünyəvi islahatlar aparmışdır.
28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən təməli qoyulan Ədliyyə Nazirliyinin həmin ilin 22 noyabrında Əsasnaməsi təsdiq edilərək hüquqi qüvvəyə minmişdir. Ölkəmizin "XI qızıl ordu" tərəfindən işğalından sonra respublikamızda digər dövlət qurumlarına olduğu kimi, ədliyyə sahəsinə olan münasibət də xeyli sarsılaraq arxa plana keçmişdi. Lakin ulu öndər 2000-ci ilin 11 noyabrında imzaladığı Sərəncamla 22 noyabr tarixini "Ədliyyə işçilərinin peşə bayramı günü" kimi qeyd olunmasını təsdiq etdi. Bu, dahi liderin ədliyyə sahəsinə, eləcə də həmin sahənin əməkdaşlarına xüsusi diqqət və qayğısının növbəti göstəricisi idi.
Sovet hakimiyyətinin ilk illərindən başlayaraq mərkəzi hakimiyyətin Azərbaycan ədliyyə sisteminə ögey münasibəti özünü bariz şəkildə göstərirdi. Lakin Heydər Əliyevin 1969-cu ildə respublikamızda ali siyasi rəhbərliyə başlamasından az sonra onun təşəbbüsü sayəsində 1970-ci ilin 27 oktyabrında Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi yenidən təşkil olundu. Bu, ölkəmizin gələcək perspektivi üçün mühüm addım idi.
SSRİ dağıldıqdan və respublikamız 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra dövlət strukturlarının bütün sahələri kimi, ədliyyə sahəsində də axsamalar özünü göstərirdi. Xalqın xahişi ilə ikinci dəfə ölkənin ali siyasi rəhbərliyinə qayıdan ümummilli lider bütün sahələr üzrə məqsədyönlü şəkildə dünyəvi, demokratik, hüquqi əsaslı islahatlar həyata keçirdi. Xalqımız da bilirdi ki, yalnız vaxtilə SSRİ kimi fövqəldövlətin ən ali elitasında təmsil olunmuş milli qüruru, xarizmatik idarəçilik qabiliyyəti olan Heydər Əliyev Azərbaycanı xaos bataqlığından xilas edə bilər. Çünki 1969-1982-ci illərdə onun respublikamızdakı rəhbər fəaliyyəti sayəsində müxtəlif sahələrdəki misilsiz inkişaf hamının yaxşı yadında idi. Bu böyük insan Azərbaycan Respublikasının 1978-ci ildə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dilinin rəsmi dövlət dili kimi təsbit olunmasına nail olmuşdu. Halbuki, həmin dövrdə əksər sovet respublikalarının rəsmi dövlət dili o respublikalarda yaşayan əsas yerli xalqın dilində deyildi.
Azərbaycanda anarxiya həddinə çatan ən kəskin ictimai-siyasi ziddiyyətlərin mövcud olduğu bir dövrdə yenidən siyasi rəhbərliyə başlayan Heydər Əliyev yeni Konstitusiyanın qəbul olunması zərurətini ölkə vətəndaşlarının nəzərinə çatdırdı. Onun rəhbərliyi ilə hüquqi, dünyəvi və unitar dövlətimizin təməli olan yeni Konstitusiya layihəsi hazırlanaraq 1995-ci ildə Milli Məclisin müzakirəsinə verildi və həmin ilin 12 noyabrında ümumxalq səsverməsi ilə qəbul olundu. Məhz elə birinci maddəsində dövlət hakimiyyətinin yeganə mənbəyinin Azərbaycan xalqı olduğu vurğulanan həmin Konstitusiyada qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin müstəqilliyinin öz əksini tapması beynəlxalq hüquqi dövlət prinsiplərinə əsaslanırdı. Hamının qanun və məhkəmə qarşısında bərabərliyi qeyd olunan Konstitusiyamızda öz əksini tapan maddələrin həyatımıza daha sürətli və səmərəli təsirinin tətbiqi üçün ulu öndər bütün strukturlarda, o cümlədən ədliyyə sahəsində də ardıcıl islahatlar apardı, Sərəncam və fərmanlar imzaladı. Bu səmərəliliyin daha möhkəm təməl üzərində dayanması üçün Hüquqi İslahat Komissiyasını yaratdı, hüququn bütün sahələrinə aid müasir qanunvericilik mətnlərinin hazırlanmasına göstəriş verdi. Hüquqi İslahat Komissiyasının rəhbərliyini və məsuliyyətini öz üzərinə götürən dahi lider bu sahədəki