Cibuti şəhərində Azərbaycan Respublikası və Cibuti Respublikası Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin ilk raundu keçirilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən "Respublika"ya bildirilib ki, məsləhətləşmələrdə Azərbaycanın nümayəndə heyətinə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Cibutinin nümayəndə heyətinə isə Xarici İşlər Nazirliyinin Baş katibi Mohammad Ali Hasan rəhbərlik ediblər.
Nazir müavini Yalçın Rəfiyevin Cibutiyə səfəri çərçivəsində Azərbaycan nümayəndə heyətinin bu ölkənin xarici işlər naziri Mahmud Ali Yusuf və Cibuti-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə də görüşləri olub.
Görüşlərdə iki dövlət arasında siyasi münasibətlərin müxtəlif istiqamətləri üzrə əsas gündəm mövzuları ətrafında fikir mübadiləsi aparılıb, əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub.
Tərəflər həm ikitərəfli əsasda, həm də Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər çoxtərəfli əməkdaşlıq platformaları çərçivəsində əhəmiyyətli məsələlər üzrə əlaqələndirmə və qarşılıqlı dəstək təcrübəsinin davam etdirilməsinin önəmini vurğulayıblar.
Azərbaycan və Cibuti nümayəndə heyətləri ikitərəfli əlaqələrin daha da şaxələndirilməsi, xüsusilə də iqtisadi, sosial və humanitar sahələrdə təmasların və işgüzar münasibətlərin intensivləşdirilməsi imkanlarını nəzərdən keçiriblər.
Tərəflər Azərbaycan ilə Cibuti arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini və parlamentlərarası əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər.
Siyasi məsləhətləşmələrin növbəti raundunun gələn il Bakı şəhərində təşkil edilməsi razılaşdırılıb.