Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın siyasi, iqtisadi, hüquqi, sosial-mədəni, elmi əsaslarını yaradan siyasi kursun və milli inkişaf strategiyasının müəllifidir. Millətin inkişafı, milli dəyərlərin dirçəldilməsi və milli maraqların təmin olunması Heydər Əliyevin hələ respublikamıza rəhbərliyinin birinci mərhələsində dövlət siyasətinin ana xəttini təşkil etmiş, ümummilli lider həmin dövrdə dövlət müstəqilliyinin bərpası üçün möhkəm zəmin hazırlamışdır.
Ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdışı isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanması ilə yanaşı, onun dayaqlarının möhkəmləndirilməsi, xalqımızı beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd və məram ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının yaradılması ilə şərtlənmişdir. Dahi şəxsiyyət müasir Azərbaycan tarixində milliliklə dövlətçiliyin sarsılmaz vəhdətini təmin etməklə milli ideyanı gerçəkliyə çevirmişdir.
XX əsrin sonu Azərbaycan xalqının həyatında taleyüklü dövr idi. Belə ki, 1993-cü ilin may-iyun aylarında dövlət böhranının, hakimiyyətsizliyin, xaosun son həddə çatması ölkədə vətəndaş qarşıdurması yaratmışdı. Uzun illərdən sonra müstəqilliyini bərpa etmiş xalq hakimiyyət davası edən, siyasi savadı, dövlət idarəçiliyində təcrübəsi olmayan rəhbərlərin ucbatından məhv olmaq təhlükəsi ilə üzbəüz qalmışdı. Ermənistanın işğalçılıq siyasəti nəticəsində ölkə ərazisinin 20 faizdən çox hissəsi düşmən nəzarətinə keçmişdi. Mənfur düşmən ölkə daxilindəki gərgin və qeyri-stabil vəziyyətdən istifadə edərək hücum əməliyyatlarını genişləndirir, daha çox ərazini zəbt etməyə çalışırdı. Nizami ordunun və vahid hərbi komandanlığın yoxluğu fonunda faşist xislətli ermənilərin hücumlarının qarşısını almaq mümkünsüz hala gəlmişdi. Bu isə ölkədə onsuz da gərgin olan vəziyyəti bir qədər də gərginləşdirir, xalqla dövlət arasındakı uçurumun daha da dərinləşməsinə səbəb olurdu. O dövrdə respublikada vəziyyət son dərəcə mürəkkəb və ümidsiz idi. Hakimiyyətdə olan AXC-Müsavat rəhbərlərini nə xalq, nə dövlət, nə də torpaq düşündürürdü. Onlar əllərinə düşən bu təsadüfdən maksimum istifadə etmək istəyir, bununla da müstəqil Azərbaycan dövlətçiliyini sual altında qoyurdular. Respublikada hərc-mərclik baş alıb gedirdi. Ovaxtkı iqtidar ölkəni nəinki idarə edə bilmir, hətta uğursuz qərarları ilə uçuruma sürükləyirdi. 1993-cü ilin ortalarında AXC-Müsavat iqtidarı daha bir səriştəsizliyi - Gəncədə son dərəcə uğursuz əməliyyat keçirməsi ölkəni qardaş qırğınının astanasına gətirdi.
709 saylı hərbi hissənin korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi dəstələr AXC-Müsavat iqtidarının istefasını tələb edərək Gəncədən Bakıya yürüş edir, yolüstü rayonlarda yerli hakimiyyəti öz əllərinə alırdılar.
Azərbaycan üçün çox mürəkkəb olan bu mərhələdə Heydər Əliyevin misilsiz liderlik təcrübəsi onun yenidən hakimiyyətə gəlməsi zərurətini yaratdı. İyunun 9-da xalqın təkidli xahişi ilə Naxçıvandan Bakıya gələn Heydər Əliyev artıq başlamaqda olan vətəndaş müharibəsinı yatırtmaq üçün Gəncəyə getdi, çox böyük çətinliklə hadisələri yoluna qoydu. Dünyaşöhrətli dahi şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin xalqın çağırışı ilə yenidən respublika rəhbərliyinə qayıdışı Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinə aparan təhlükəli proseslərin, vətəndaş qarşıdurmasının, xaos və anarxiyanın, cəmiyyətdə artan iqtisadi, siyasi və mənəvi-psixoloji gərginliyin qarşısını aldı. 1993-cü il iyunun 15-də müstəqil Azərbaycanın siyasi tarixinin şanlı günlərindən biri yaşandı. Azərbaycan Respublikası Milli Məclisinin iclasında Heydər Əliyev Ali Sovetin sədri seçildi.
Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıdaraq xalqı və dövləti labüd fəlakətdən xilas etdi, müasir, gələcəyə inamla baxan Azərbaycanın əsasını qoydu. Bu tarixi qayıdış ölkədə ictimai-siyasi sabitliyin bərqərar olmasına, müstəqil dövlət quruculuğuna, respublikamızda sosial-iqtisadi dirçəlişə, ölkəmizin müstəqil siyasət yürüdərək dünya birliyində mövqeyini gücləndirməsinə imkan verdi, Azərbaycanın dövlətçilik tarixində yeni dövrün başlanğıcı qoyuldu. Həmin gün Parlamentin tarixi iclasında çıxış edən Heydər Əliyev demişdir: "Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm.