Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın xilaskarı Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi həm ölkəmizdə, həm də ölkəmizdən kənarda istər millətimizin nümayəndələri, istərsə də əcnəbilər tərəfindən böyük qürur və sonsuz sevinc hissilə qeyd olunur. Təbii ki, bu, nəhəng şəxsiyyətin dünya tarixindəki rolundan, o cümlədən Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən doğur.
Prokurorluq işçiləri də "Heydər Əliyev İli" ilə əlaqədar silsilə tədbirlər keçirir və bununla bağlı müvafiq işlər görürlər. Vurğulanmalıdır ki, hər il olduğu kimi, bu il də may ayının 3-də Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, mayın 6-da isə Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunda millət vəkillərinin, ictimaiyyət və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə Ümummilli Liderin 100 illik yubileyi təntənəli surətdə qeyd olunmuş, dahi insanın əziz və unudulmaz xatirəsi hörmətlə yad edilmişdir.
14 iyul 1969-cu il tarixdə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişindən sonra ali və müqəddəs ideyaların reallaşması sürətli vüsət alır. Həmin dövrdə artıq azərbaycançılıq ideyası bir ideya şəklindən, yəni bir fərdin, bir siyasətçinin, bir öndərin ideyasından ideologiyaya çevrilməyə başlayır və bu proses ideya müəllifi ilə xalq arasında olan sıx bağlılığın sayəsində uğurla həyata keçirilir. Sözügedən proses milliləşməni özündə ehtiva edən müqəddəs ideyaların xalq tərəfindən mükəmməl mənimsənilməsi və dərindən dərk olunması, bununla da vahid azərbaycançılıq ideologiyasının formalaşması ilə nəticələnir. Təbliğat üçün xüsusi önəm kəsb edən digər sahələrdə də milliləşmə prosesi sürətlənir. Məhz Ümummilli Liderin təşəbbüsü və onun himayəsi ilə xalqımızın tarixini, adət-ənənələrini, qəhrəmanlıq keçmişini əks etdirən mövzularda filmlər çəkilir. Təsadüfi deyildir ki, gənclərin milli ruhda tərbiyəsində, sonralar onların kütləvi surətdə müstəqillik hərəkatına qoşulmasında böyük rol oynayan "Nəsimi", "Babək", "Dəli Kür" və digər bu kimi filmlər həmin dövrlərdə çəkilirdi. Təhlillər göstərir ki, sovet hakimiyyətinin ilk illərindən etibarən Azərbaycanda rus dilində təhsil alanların sayı dinamik surətdə artırdısa, ötən əsrin 70-ci illərinin əvvəllərindən bu dinamika Azərbaycan dilində təhsil alanların say artımı hesabına kəskin şəkildə azalmış, ana dilində rəsmi, elmi və bədii nəşrlərin sayı artmış, elmi tədqiqatların və araşdırmaların məhz ana dilində aparılması təmin olunmuşdur. Ümummilli Lider Heydər Əliyev həmçinin Azərbaycan xalqının görkəmli şəxsiyyətlərinin, klassik yazıçı və şairlərinin xatirəsini əbədiləşdirməklə, onların əsərlərinin nəşrini təmin etməklə, bir sözlə, milli ədəbi düşüncənin inkişafına təkan verməklə azərbaycanlıların necə böyük tarixə malik olduğunu nümayiş etdirirdi.
Böyük şəxsiyyət Heydər Əliyev tariximizi, dilimizi, dinimizi, mədəniyyətimizi, incəsənətimizi, xalqımızın milli-mənəvi dəyərlərini, adət-ənənələrini sevərək öz varlığında yaşatmış, hər zaman onlara sadiq olmuş, davranışları və konkret əməlləri ilə bu müqəddəs dəyərləri toxunulmaz bir xəzinə kimi qoruyaraq əbədiyaşarlığını təmin etmişdir. Ona görə də xalqın tarixi yaddaşının və mənəvi irsinin mühafizəsinə xidmət edən genişmiqyaslı fəaliyyətin həyata keçirilməsi, milli dövlətçilik konsepsiyasının konkret mənəvi dəyərlər sistemi əsasında vahid məqsədə yönəldilməsi, vətənpərvər ruhlu nəslin yetişdirilməsi Ümummilli Lider Heydər Əliyevlə bağlı olmuşdur.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə görülmüş səmərəli və mütərəqqi işlər nəticəsində Azərbaycan geridə qalmış kənd təsərrüfatı respublikasından aqrar-sənaye respublikasına çevrilməklə, Sovet İttifaqında ön sıraya keçərək, özünü təmin edən, ümumittifaq büdcəsinə töhfələr verən iki ölkədən biri oldu. Müdrik lider Heydər Əliyevin müstəqil dövlətçilik strateji proqramının özünəməxsusluğu onunla səciyyələnirdi ki, burada nəzərdə tutulan tədbirlərin icrası bir sahənin