"GünAz TV"nin rəhbəri, Amerikada mühacir həyatı yaşayan güneyli milli fəal Əhməd Obalı və oğlu Dəniz Obalı Birləşmiş Ştatlarda vəhşicəsinə döyülüblər. Obalılara sui-qəsd təşkil edən 6 nəfər artıq ABŞ polisi tərəfindən saxlanılıb. Əhməd Obalı deyib ki, bu hadisənin arxasında duranların da, onu həyata keçirənlərin də kimliyindən agahdır. Bununla belə, hələlik Vaşinqton polisi, eləcə də Əhməd Obalı hadisə ilə bağlı kimin, hansı qruplaşmanın məsuliyyət daşıdığı barədə konkret açıqlama verməyib. Hadisənin təfsilatı ilə bağlı dəqiq məlumat olmasa da, ilkin versiyaya görə, bu, İran kəşfiyyatının əməlidir.
Bu iddiaya ilk növbədə Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının (GAMQH) bəyanatında rast gəlirik. GAMQH-ın başçısı Eldar Qaradağlının açıqlamasında bildirilib ki, irqçi faşist İran rejimi istər molla sistemi, istərsə də müxalifəti ilə Azərbaycan Milli Hərəkatına qarşı terror aktlarına rəvac verir: "Fars rejimin sonu yaxınlaşdıqca zülmü də artır. Rejim 50 milyonluq türk millətinin qarşısında aciz qalaraq terror aktlarına əl atmağı son çarə kimi görür. Azərbaycan səfirliyinə Tehranda, Azərbaycan millət vəkilinə Bakıda və indi "GünAz TV"nin rəhbərinə Amerikada təşkil edilən terror aktı bu rejimin varlığının sonu çatdığının göstəricisidir. Rejim bu boş aktlarıyla Azərbaycan Milli Hərəkatının milli dövlətçilik iradəsinə qorxu sala bilməyəcək. Biz Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı olaraq Əhməd Obalı və Dəniz Obalıya qarşı törədilən terror aktını nifrətlə qınayırıq".
Digər tərəfdən, Əhməd Obalının Azərbaycan səfərindən qayıtdıqdan bir gün sonra təxribata məruz qalması da bunun arxasında Tehran rejiminin dayandığına işarə edir. Görünən odur ki, Cənubi Azərbaycanla bağlı təsis edilən ilk televiziya olan "Gün Az TV"nin fəaliyyətinin təxminən bir il yarımlıq fasilədən sonra yenidən bərpa edilməsi və Güney Azərbaycanla bağlı fəaliyyətinin genişlənməsi Tehran rejimini narahat edib. Bu səbəbdən də, Əhməd Obalıya qarşı sui-qəsd planları qurmağa başlayıb, amma planlarını Azərbaycan Respublikasının ərazisində icra etməkdən qorxduğu üçün terror aktının Birləşmiş Ştatlarda həyata keçirilməsi əmrini verib.
Eyni zamanda, nəzərə almaq lazımdır ki, İrandan maliyyələşən terrorçular Amerika və Avropada müxaliflərə qarşı dəfələrlə terror aktı həyata keçiriblər. Ümumiyyətlə, İslam Respublikasının yarandığı ilk gündən dünyanın müxtəlif yerlərində baş verən siyasi qətllər İranın dövlət siyasətinin tərkib hissəsi olub. İran bütün dünyada terroru fəal şəkildə təbliğ edir, həyata keçirir və maliyyələşdirir. Rejim iki istiqamətdə terror siyasəti yürüdür - ona qarşı çıxan iranlı müxalifətçilərə və digər ölkələrin vətəndaşlarına.
Ölkə xaricində siyasi opponentlərin öldürülməsi praktikası 1980-ci illərin sonlarında başlayıb və bu günə qədər davam edir. Bu proses başlanğıcını Rza Pəhləvinin bacısı oğlu Şəhriyar Şəfiqin Parisdəki evinin həyətində başına iki güllə ilə vurularaq öldürülməsindən götürür. Kral ailəsindəki mövqeyinə və yeni yaranmış İslam Respublikasına qarşı müxalifəti oyatmaq qabiliyyətinə görə Ruhullah Xomeyni onun ölməsini istəyirdi. Bir neçə ay sonra müxalif siyasətçi, professor Əbdülrəhman Brumand evinin liftinin qarşısında bıçaqlanaraq öldürülüb. Daha sonra Böyük Britaniya, Almaniya, Avstriya, Türkiyə, İordaniya, Səudiyyə Ərəbistanında Ayətullah rejiminin əleyhdarlarına qarşı siyasi sui-qəsd dalğası yayılıb.
1980-ci ildə İranın ABŞ-dakı səfirliyinin keçmiş mətbuat attaşesi Əli Əkbər Təbatəbai evinin giriş qapısı önündə güllələnərək öldürülüb. ABŞ-da İran Azadlıq Fondunu qurmuş Təbatəbai Ruhullah Xomeynini sərt tənqid etməsi ilə tanınırdı. 1986-cı ildə isə İstanbulda İran Müqavimət Hərəkatının lideri Əziz Moradi başından iki güllə yarası alıb. İran siyasi rəhbərliyinin qurbanlarının siyahısına 1996-cı ildə Fransada güllələnərək öldürülən hüquq müdafiəçisi Reza Məzlumyan da daxildir. Amma ən səs-küylü terror hücumu 1992-ci il sentyabrın 17-də Berlinin Mikanos restoranında törədilib, burada İran İslam İnqilabı