Hər hansı təhlükə mənbəyi yaranarsa, dərhal məhv ediləcək
"Mən artıq bunu demişəm, bu il müdafiə sənayesi kompleksinin nəzdində olan zavodlarımıza həm dövlət, həm özəl sektor tərəfindən ən azı bir milyard manat investisiya qoyulacaq. Yəni, biz özümüzü daha böyük həcmdə lazım olan vasitələrlə təmin edəcəyik. Yəni, biz heç vaxt sakitləşə bilmərik. Bizim ordu quruculuğu prosesi davam edəcək və Ermənistan da bilməlidir, o, nə qədər silah alsa da, onlara nə qədər ürək-dirək versələr də, əgər bizə qarşı hər hansı bir təhlükə mənbəyi olsa, biz dərhal o təhlükə mənbəyini məhv edəcəyik". Bu fikirləri Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində deyib.
Hər bir xalq öz xilaskar ordusu ilə öyünür, qürur duyur. Qalib Azərbaycan xalqı da qüdrətli ordusu ilə fəxr edir. Zabit və əsgərlərimiz döyüş meydanlarında hünər və rəşadət göstərərək adlarını xalqımızın qəhrəmanlıq tarixinə böyük hərflərlə yazıblar. Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi 2003-cü ildə cənab İlham Əliyevin Prezident seçilməsindən sonra tamamilə yeni mərhələyə qədəm qoydu. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı.
Silahlı Qüvvələrimiz qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrilib. Nüfuzlu "Global Fire Power" mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer alır.
Ordunun gücü, döyüş qabiliyyəti həm də döyüş texnikaları ilə, silah-sursatla bağlıdır. Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci il dekabrın 16-da Müdafiə Sənayesi Nazirliyinin yaradılması haqqında imzaladığı Sərəncam ordu quruculuğunun daha dinamik aparılmasını təmin etdi. Qısa müddətdə silah, hərbi sursat istehsalına başlanıldı. Nazirliyin istehsal etdiyi məhsulların 80 faizdən çoxu müdafiə təyinatlıdır. Nazirliyin balansında olan zavodlarda təmir, yenidənqurma işləri aparıldı, bu müəssisələr indi ordumuzun inventarında olan hərbi texnikaların təmirini, ən müasir şəkildə modernləşdirilməsini həyata keçirməkdədir. Mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Hazırda Azərbaycan daha güclü hərbi potensiala malik olmaq üçün hərbi infrastrukturun beynəlxalq standartlara uyğun inkişaf etdirilməsini mühüm vəzifə kimi ortaya qoyur, dünyanın aparıcı dövlətləri və beynəlxalq hərbi təşkilatları ilə ikitərəfli, üçtərəfli və çoxtərəfli hərbi əməkdaşlığı diqqətdə saxlayır. Hərbi sahədə Türkiyə ilə sıx əməkdaşlıq edilir.
Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır" fikri ordu quruculuğunun bütün parametrlərinin dolğun ifadəsidir. Bunun məntiqi nəticəsi kimi, xüsusilə son yeddi ildə əldə edilən qələbələri qeyd etmək yerinə düşər. İlk olaraq 2016-cı il Aprel döyüşlərində Lələtəpənin və Talış yüksəkliyinin azad edilməsi ilə başlayan üstünlük böyük Zəfərə gedən yolun təməlini qoydu. Sonralar Tovuz döyüşlərində və nəhayət, 44 günlük Vətən müharibəsi dövründə rəşadətli Azərbaycan Ordusunun peşəkarlığı ilə seçilən əsas zabit heyəti Türkiyənin hərbi məktəblərində bilik və bacarıqlarını təkmilləşdirmiş, mütəmadi ardıcıllıqla keçirilən təlimlərdə iştirak etmişdilər. Prezident İlham Əliyevin ordu quruculuğu siyasətində əsas məqamlardan biri də Azərbaycan Ordusunun dünya hərb sənayesinin ən son nailiyyətləri ilə təchiz olunmasına, müasir hərbi texnikanın idxalına xüsusi diqqət yetirməsi ilə bağlıdır. Azərbaycanın iqtisadi gücündən maksimum faydalanaraq ordumuzu Türkiyə, İsrail, Rusiya, Belarus və digər dövlətlərin müasir hərbi texnikalarla təchiz edən, onun davamlı modernləşdirilməsi prosesini həyata keçirən dövlətimizin başçısı bununla Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusu qarşısındakı üstünlüyünü daha da artırdı və peşəkar, ən müasir tələblərə cavab verən orduya çevirdi. Təkcə bir faktı qeyd etmək kifayətdir. 44 günlük Vətən müharibəsində Azərbaycanın Türkiyə və İsraildən aldığı kəşfiyyat və zərbə dronları düşmən hədəflərinin müəyyənləşdirilməsində və məhv edilməsində mühüm rol oynadı. Nəticədə, işğalçı orduya məxsus milyonlarla dollar dəyərində hərbi texnika, hava hücumundan müdafiə sistemləri, artilleriya qurğuları məhv edildi.
Prezident İlham Əliyevin ordu quruculuğu istiqamətində səmərəli fəaliyyəti, aparılan ardıcıl və paralel işlərin nəticəsi Vətən müharibəsində əldə edilən şanlı Qələbədir. 2020-ci ildə Azərbaycanın adı qalib dövlət olaraq tarixə yazıldı. Lakin Qarabağ iqtisadi zonasında separatizm, mina terroru davam edirdi. Odur ki, əldə edilən Zəfər arxayınlıq yaratmadı, əksinə Ordumuzun daha strateji səviyyədə hazırlanması üçün verilən əmr və sərəncamlar günü-gündən artdı. Komando birlikləri yaradıldı və bu proses davam edir. Vətən müharibəsindən sonra ordu quruculuğu sahəsində aparılan islahatların məntiqi nəticəsi olaraq bu ilin sentyabrında, daha sürətli və dinamik lokal antiterror tədbirləri ilə Azərbaycan öz ərazilərində suverenliyini bərpa etdi.
Son üç il ərzində böyük yol keçilib. Müharibədən sonra da ordu quruculuğu prosesi davam edir. Yeni kontraktlar əsasında Ordumuzun təchizatı üçün ən müasir silahlar, texnikalar alınır. Həm hərbi texnikanın alınması, hərbi xərclərin, eyni zamanda hərbçilərin maaşlarının artırılması onu göstərir ki, müharibə başa çatsa da, ordu quruculuğu prosesi dayanmayacaq. Beləliklə, Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaq.
Azərbaycanın dilbər guşəsi Xankəndi şəhərində Vətən müharibəsində qazanılan Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad dünya ictimaiyyəti tərəfindən böyük maraqla izlənildi. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin paradda iştirak etməsi onun qalib sərkərdə, qətiyyətli, cəsarətli, uzaqgörən dövlət başçısı olduğunu bir daha dünyaya bəyan etdi. Bu unudulmaz mənzərə Azərbaycanın dünyada qalib ölkə olduğunu bir daha təsdiqlədi. Azərbaycana qarşı təzyiqlər həmişə olub, indi də var və bu, davam edəcək. Çünki Azərbaycan Prezidenti İlham Əliyevin apardığı müstəqil siyasət bir sıra dövlətlərin xoşuna gəlmir. Ona görə də, ölkə başçısı vurğulayıb ki, cəmiyyətdə sakitləşmə olmamalıdır. Demirəm, hər an biz fikirləşməliyik ki, yeni müharibə olacaq. Yox, mən əminəm ki, olmayacaq və əlimdən gələni edəcəyəm ki, olmasın. Yetər, müharibələr kifayətdir.
Mustafa KAMAL,
"Respublika".