MİLLİ ORDU QURUCULUĞUNUN BANİSİ
Siyasət

MİLLİ ORDU QURUCULUĞUNUN BANİSİ

Dünyaşöhrətli dövlət xadimi, ümummilli lider Heydər Əliyev bütün ömrünü ölkəmizin inkişafına və tərəqqisinə həsr edərək xalqımızın çoxəsrlik azad, müstəqil yaşamaq arzusunu reallaşdırmışdır. Ulu öndərin və onun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin titanik səyləri nəticəsində Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasında xüsusi yeri və mövqeyi olan dövlətə çevrilmişdir. 44 günlük Vətən müharibəsində qazandığımız parlaq qələbə ölkəmizi qalib dövlət, xalqımızı qalib xalq, ordumuzu güclü, müasir ordu kimi dünyada tanıtdırmışdır.

Həmsöhbətim Ümidvar Məmmədov Astara rayonunun Pensər kəndində yaşayır. Azərbaycan Dövlət Aqrar Universitetinin məzunudur. Vətən müharibəsi iştirakçısıdır. 2020-ci ilin sentyabrında ehtiyatda olan zabit kimi könüllü olaraq cəbhəyə getmiş, torpaqlarımızın işğaldan azad edilməsində şücaət, fədakarlıq, igidlik göstərmişdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə Ümidvar Məmmədov torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında fəal iştirak etdiyinə, Vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərkən fədakarlıq və şücaət göstərdiyinə görə "Şücaətə görə", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

Ümidvar ümummilli liderin hakimiyyətdə olduğu hər iki dövrdə xalqımızın xoşbəxt gələcəyi üçün çalışdığını və bütün təminatları yaratdığını vurğulayaraq dedi:

- Heydər Əliyev dünyaşöhrətli dahi, müdrik rəhbər, böyük şəxsiyyət kimi xalqımızın qəlbində, yaddaşlarda yaşayır. 1993-cü ilin iyun ayında siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanı bəlalardan, faciələrdən, məhvolma təhlükəsindən xilas etdi. Ulu öndərin gərgin səyləri sayəsində ölkəmizin müstəqilliyi, dövlətçiliyi qorunub möhkəmləndirildi. Bütün sahələrdə uğurlu islahatlar aparıldı. Azərbaycan dinamik inkişaf yoluna qədəm qoydu.

Əbədiyaşar liderin ordu quruculuğu sahəsində gördüyü işlər istefada olan hərbçi kimi məni daim qürurlandırır. 44 günlük Vətən müharibəsində Heydər Əliyevin əsasını qoyduğu müasir, güclü ordumuzun qazandığı qələbələrin iştirakçısı və şahidi olmuşam. Müharibənin ilk günündə orduda yüksək əhvali-ruhiyyə, şəxsi heyətin psixoloji və döyüş hazırlığı, xalq-iqtidar-ordu birliyi böyük qələbədən soraq verirdi. Hər bir əsgər və zabit torpaqlarımızı namərd, alçaq düşməndən azad etmək üçün canından keçməyə hazır idi. Əsgərdən əhvalını soruşanda deyirdi: "Vətənin keşiyində durduğum üçün çox qürurluyam. Torpaqlarımızı işğaldan azad etməyə hər an hazıram". Bu, ulu öndərin tövsiyələrini həyata keçirən Azərbaycan əsgərinin başlıca məqsədi, məramı idi.

Hər birimizin qəlbində müqəddəs bir sevgi var idi: Vətən sevgisi. Bu tükənməz sevgi ilə kəndlərimizi, rayonlarımızı düşməndən azad edib böyük Zəfərə nail olduq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz 44 gündə analoqu olmayan qələbəyə imza atdı. Möhtəşəm qalibiyyətimiz dünyanı heyrətə saldı. Bu gün Azərbaycan ordusunun strategiyası, döyüş təcrübəsi xarici ölkələr tərəfindən nümunə kimi öyrənilir.

Mən qalib ordumuzla fəxr edir, qürur duyuram. Sentyabr ayının 19-20-də keçirilən 23 saatlıq lokal antiterror əməliyyatı zamanı təpədən dırnağadək silahlanmış separatçı xunta rejimi ordumuzun qarşısında diz çökdü. Əməliyyatın gedişində bir nəfər belə erməni mülki vətəndaşa ziyan dəymədi. Rəşadətli ordumuzun gücü, qüdrəti sayəsində ölkəmizin ərazi bütövlüyü, suverenliyi tam bərpa olundu. Dövlətimizin başçısı ata vəsiyyətinə sadiq qalaraq 30 ilə yaxın işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etdi.

Ümummilli liderin memarı olduğu müstəqil Azərbaycan möhtərəm Prezidentimizin rəhbərliyi ilə sürətli inkişaf, tərəqqi yolundadır. Bu gün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı tikinti, bərpa-quruculuq işləri aparılır. Soydaşlarımız dədə-baba yurdlarına böyük coşqu ilə qayıdırlar. Ölkəmizin bütün bölgələrində ictimai-siyasi sabitlik qorunur, sürətli inkişaf, yüksəliş təmin olunur. Xalqımız möhtərəm Prezidentimizin ətrafında sıx birləşərək qurub-yaradır, sabaha böyük ümidlərlə gedir.

İllər, qərinələr keçsə də, Heydər Əliyevin nəzəri irsi, əsasını qoyduğu dövlətçilik ənənələri əbədi yaşayacaqdır.

Əlisəfa HƏSƏNOV,

"Respublika".