Xalqımız görkəmli siyasi xadim, dövlət başçısı, müasir Azərbaycanın qurucusu, milyonlarla soydaşımızı dövlətçilik ideyası ətrafında birləşdirən dahi şəxsiyyət, azərbaycançılıq ideologiyasının banisi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyini qeyd etməyə hazırlaşır. Ömrünü, həyatını xalqına fəda edən ulu öndər həm də çağdaş Azərbaycan Respublikasının, onun müasir dövlətçiliyinin memarı, yaradıcısıdır. Tarixdə və dünyada çox az dövlət xadimi tapılar ki, ölkənin əksər sahələrinin inkişafı onun adı ilə bağlı olsun, təməli onun səyləri nəticəsində atılsın. Ulu öndər məhz bu cür nadir şəxsiyyətlərdəndir.
Bu baxımdan, Azərbaycanın demokratik dəyərlərə söykənən müstəqil dövlət kimi təşəkkül tapması ilə yanaşı, ölkənin məhkəmə-hüquq sistemi sahəsində dövlət siyasətinin formalaşdırılması, tənzimlənməsi və inkişafı da ümummilli lider Heydər Əliyevin gərgin əməyinin nəticəsidir. Azərbaycanın müasir məhkəmə-hüquq sisteminin ədalətə söykənən prinsipləri məhz ümummilli liderin ömür boyu təbliğ etdiyi və hər zaman fəaliyyətində rəhbər tutduğu haqq-ədalət ideyasına əsaslanır.
Sovet hakimiyyəti illərində Azərbaycanın məhkəmə-hüquq sisteminin dayanıqlı fəaliyyəti və inkişafı Heydər Əliyevin 1969-cu ildə respublikanın rəhbərliyinə gəlişindən sonrakı dövrə təsadüf edir. Məhz ulu öndər açıq və cəsarətli çıxış edərək SSRİ məkanında ilk dəfə cinayətkarlığa, korrupsiyaya qarşı barışmaz münasibət göstərmiş və vətəndaş məmnunluğunu təmin etmişdir.
Heydər Əliyev hesab edirdi ki, vətəndaş öz dövlətindən yalnız haqq və ədalət gözləməlidir. Ümummilli lider "Literaturnaya qazeta"nın 1981-ci il 18 noyabr tarixli nömrəsində dərc edilmiş "Qoy, ədalət zəfər çalsın" başlıqlı müsahibəsində deyirdi: "Biz idealist deyilik və iddia etmirik ki, Xeyrin Şər üzərində əbədi mütləq qələbəsinə nail olacağıq. Lakin tərəzinin haqq-ədalət, qanunçuluq, ideyalılıq qoyulan gözünün ağır gəlməsinə nail ola bilərik və olmalıyıq".
Elə həmin ildə onun rəhbərliyi ilə respublikada "Məhkəmə quruluşu haqqında" yeni qanun qəbul edilmiş və bu da məhkəmə orqanlarının inkişafı və möhkəmlənməsi üçün əlverişli şərait yaratmışdır. Adıçəkilən qanun 1960-cı ildə qəbul edilmiş qanuna nisbətən geniş və mütərəqqi sənəd olmaqla yanaşı, Azərbaycan SSR Ali Məhkəməsindən, Naxçıvan MSSR Ali Məhkəməsindən, Bakı Şəhər Məhkəməsindən, rayon (şəhər) xalq məhkəmələrindən ibarət məhkəmə sistemini formalaşdırmışdı.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra isə Heydər Əliyev daim qanunun aliliyi və ədalət ideyalarının dövlətçiliyimiz və xalqımız üçün böyük əhəmiyyət daşıdığını ön plana çəkmiş, bu ideyaları yürütdüyü siyasətin əsas xətti götürmüş və bunu fəaliyyətində dəfələrlə sübut etmişdi.
Hüquqi dövlət quruculuğuna xüsusi diqqət yetirən, ədalət, qanunçuluq və hüquq qaydalarının təminatını hər zaman üstün tutan Heydər Əliyevin məşhur "ədaləti ədalətsizliklə bərpa etmək olmaz" ifadəsi isə onun qanunun aliliyini əsas meyar saydığını sübut edirdi. Elə bu səbəbdən, ölkəmizdə məhkəmə-hüquq sistemində qanunun aliliyinin bərqərar olması üçün möhkəm təməl yarandı. Hazırda respublikamızda vətəndaş hüquqlarının təmin edilməsi də məhz bu təmələ söykənir.
Ümummilli lider Heydər Əliyevin zəngin təcrübəsi, yüksək siyasi və hüquqi düşüncəsi, möhkəm iradəsi və uzaqgörən siyasəti nəticəsində dövlət quruculuğu prosesində məhkəmə-hüquq sahəsində beynəlxalq standartlara əsaslanan köklü islahatların aparılmasına başlandı. Bu çərçivədə ulu öndərin müstəqil Azərbaycan Respublikasının ilk Əsas Qanununun - Konstitusiyasının ərsəyə gəlməsindəki rolunu xüsusi qeyd etmək lazımdır. 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul edilən müstəqil Azərbaycanın ilk Konstitusiyasının ideya müəllifi məhz Heydər Əliyev idi və bilavasitə onun rəhbərliyi ilə hazırlanmışdı.
Konstitusiya ali hüquqi qüvvəsi ilə yanaşı, Azərbaycanda aparılacaq hüquq islahatlarının başlıca ideya sənədi olaraq, demokratik, hüquqi dövlət quruculuğuna, ictimai-siyasi, iqtisadi və mədəni həyatın inkişafına əhəmiyyətli dərəcədə təsir göstərdi. Dövlətin Əsas Qanununda insan və vətəndaş