Milli Kulinariya Komandası beynəlxalq yarışmada gümüş və bürünc medallar qazanıb
Digər xəbərlər

Milli Kulinariya Komandası beynəlxalq yarışmada gümüş və bürünc medallar qazanıb

29-31 may tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şarca şəhərində “Emirates Salon Culinarie” adı altında keçirilən “Alen Thong Golden Coffee Pot Challenge” beynəlxalq kulinariya çempionatı və bir sıra fərdi kateqoriyalar üzrə yarışlar keçirilib.  Bu barədə Dövlət Turizm Agentliyindən bildirilir.

Ümumdünya Kulinariya Cəmiyyətləri Assosiasiyası (Wordlchefs) və Əmirliklər Kulinariya Gildiyasının təşkilatçılığı ilə keçirilən yarışlarda ölkəmizi 9 nəfərlik heyət təmsil edib.

Azərbaycan Milli Kulinariya Komandasının tərkibində “Wordlchefs”in assosiativ üzvü olan Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının (ACSA) üzvləri, CASA Kulinariya Məktəbinin gənc məzunları olan Leyla Vəliyeva, Cəlal Məmmədov, Altay Qəribov, Rüfət Mirzəmmədli, Elsevər Ömərov və Kənan Balaşov, eləcə də məşqçi Araz Əhmədov, kapitan Sərxan Məmmədov və beynəlxalq hakim Orxan Muxtarov yer alıblar.

Dövlət Turizm Agentliyi tərəfindən dəstəklənən Azərbaycan Milli Kulinariya Komandasının üzvləri həm fərdi, həm də komanda yarışlarında gümüş və bürünc medallar qazanıblar.

Beynəlxalq hakimlər heyətinin qərarına əsasən, Azərbaycan Milli Kulinariya Komandası “Bufet menyusu” kateqoriyası üzrə Yaxın Şərq, Cənub-Şərqi Asiya və Afrika regionlarının ən güclü komandaları arasında 2-ci yeri tutaraq gümüş trofey əldə edib.

“Respublika”.