Məhkəmə-hüquq sistemində islahatlar: Heydər Əliyev dühası və böyük uğurlar
Siyasət

Məhkəmə-hüquq sistemində islahatlar: Heydər Əliyev dühası və böyük uğurlar

Ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqil dövlət kimi formalaşmasında və inkişafında xidmətləri əvəzsizdir. Onlar əbədi olaraq müstəqil dövlətçilik tariximizə qızıl hərflərlə yazılacaq. Çünki ümummilli lider mükəmməl şəkildə bütövlükdə müstəqil dövlət quruculuğu kursunu, o cümlədən məhkəmə-hüquq sistemində islahatların sistemli, ardıcıl və davamlı olaraq aparılması xəttini müəyyən etmişdir. Prezident İlham Əliyev ulu öndərin layiqli siyasi varisi kimi bu prosesi daha da inkişaf etdirir. Bunu faktlar da sübut edir.

Müstəqillik, demokratiya və hüquq: Heydər Əliyev nümunəsi

Azərbaycanda müstəqil dövlət quruculuğunun banisi ulu öndər Heydər Əliyevdir. Azərbaycan xalqının ümummilli lideri siyasi fəaliyyətinin bütün mərhələlərində ölkənin mövcudluğu və inkişafı üçün sözlə tam ifadə edilə bilməyən töhfələr vermişdir. Hələ SSRİ dövründə Azərbaycan rəhbərliyinə gəlişi ilə bütün istiqamətlərdə canlanma və inkişaf yaradan Heydər Əliyev hüquq sahəsində islahatlara da start vermişdi.

Qeyd etmək lazımdır ki, Heydər Əliyevin rəhbərliyə gəlişindən öncə Azərbaycan bütün sahələrdə, o cümlədən məhkəmə-hüquq sistemində çətin yollar qət etmişdi. Dayanıqlı, oturuşmuş, ədalət prinsipini daim gözləyə bilən bir sistem yaradılmamışdı. Cinayətkarlığa qarşı lazımi səviyyədə mübarizə aparılmırdı. Əslində, bütövlükdə SSRİ-də vəziyyət bu cür idi. Lakin məhz Heydər Əliyev həmin nöqsanları ilk dəfə olaraq mərkəz qarşısında qaldırdı və onlarla mübarizəni doğma Azərbaycanında aparmağa başladı.

Ulu öndər fəaliyyətinin ilk anlarından "ədaləti ədalətsizliklə bərpa etmək olmaz" prinsipindən çıxış etdi. Bu, bütün sovet respublikaları üçün çox mühüm mesaj idi. Çünki ilk dəfə olaraq respublikalardan birinin rəhbəri məhkəmə-hüquq sistemi də daxil olmaqla ümumən siyasi, sosial, iqtisadi, mədəni və hüquqi fəaliyyəti ədalət müstəvisinə gətirirdi. Bu prinsipi ümummilli lider həmişə qorudu və müstəqil dövlət quruculuğu konsepsiyasının əsas müddəalarından biri kimi praktiki müstəviyə gətirdi. Şübhəsiz ki, həmin prinsipin məhkəmə-hüquq sisteminə tətbiqi böyük əhəmiyyət kəsb edirdi. Bu sahədə aparılan islahatlarda ədalətlilik başlıca şərt kimi yer almışdır.

Bununla məhz ulu öndər həm sovet dövründə respublikaya rəhbərliyi müddətində, həm də müstəqillik mərhələsində Azərbaycan məhkəmə-hüquq sistemində ədalət, qanunçuluq və hüquq qaydalarının təminatçısıdır. Təsadüfi deyildir ki, Heydər Əliyev Azərbaycanda cinayətkarlıq, rüşvətxorluq və korrupsiyaya qarşı olduqca səmərəli mübarizə aparan nadir rəhbər, dövlət xadimi və lider olmuşdur! Ümummilli liderin həmin nöqsanlarla cəsarətli mübarizəsi, barışmaz mövqeyi ölkədə vətəndaş məmnunluğunu təmin etdi! Ulu öndərin bu aspektdə siyasətini böyük uğurla cənab Prezident İlham Əliyev davam etdirir!

Hüquqi və demokratik dövlət quruculuğunda məhkəmə-hüquq sisteminin strateji əhəmiyyət kəsb etdiyi kimsəyə sirr deyildir. Bu baxımdan Heydər Əliyev, faktiki olaraq, müasir Azərbaycanın qanunun aliliyi, hüququn tam təmini əsasında demokratik dövlət kimi inkişafının konkret istiqamətlərini müəyyən etmiş nadir dövlət başçısı və lider kimi şanlı tariximizdə yer almaqdadır!

Heydər Əliyev ictimai-siyasi həyatın bütün sahələrində inkişafı, demokratik və hüquqi dövlət prinsiplərinin bərqərar olmasını təmin etmək üçün dərin düşünülmüş və konseptual əhəmiyyətli proqramlar həyata keçirirdi. Heydər Əliyev məharətlə insan və vətəndaş hüquq və azadlıqlarının təminatının əsasına demokratik və əhatəli qanunvericilik sistemi və bütövlükdə hüquqi bazanı qoya bildi. Bunun üçün təbii ki, hər şeydən öncə müstəqil Azərbaycan Respublikasının milli Konstitusiyası hazırlanmalı idi. Müstəqil Azərbaycanın Konstitusiyası məhz Heydər Əliyevin əsəridir.

Ümummilli lider Konstitusiya Komissiyasının sədri idi. Həmin statusda ulu öndər Əsas Qanunun hazırlanmasına məharətlə rəhbərlik etdi. Konstitusiyanın bütün müddəalarının geniş ictimai müzakirələrini keçirdi və bu prosesə şəxsən rəhbərlik etdi. Heydər Əliyev Azərbaycan cəmiyyətinin milli-mənəvi dəyərlərini tam nəzərə almaqla yeni Konstitusiyanı dövrün siyasi reallıqlarına tam uyğunlaşdırdı. Bununla da həm milli mahiyyətli, həm də müasir kriteriyalara cavab verən Əsas Qanun hazırlandı.

Bütün bunlara görə ulu öndərin Azərba

ycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın 10 noyabr 1995-ci il tarixdə keçirilən iclasında ifadə etdiyi və indi hər bir məhkəmə-hüquq işçisinin yaddaşında və dilində olan aşağıdakı tarixi fikirləri bir daha xatırlatmaq yerinə düşər: "Komissiyanın sədri kimi mən bu böyük tarixi sənədin hazırlanmasında öz şəxsi məsuliyyətimi daim dərk etmişəm, bu gün də dərk edirəm. Ona görə də bu sənədin hazırlanmasına xeyli vaxt sərf etmişəm. Haqqım var deyəm ki, çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam, onun bu gün üçün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihənin altından imza atıram və bu layihəyə görə tam cavabdeh olduğumu bu gün bəyan edirəm. Hesab edirəm ki, biz Azərbaycanın bu günü, gələcəyi üçün çox böyük bir sənəd - siyasi, hüquqi sənəd yaratmışıq".

Müstəqil dövlətin Konstitusiyasının qəbul edilməsi ilə dövlətimizin tarixində ilk dəfə olaraq hakimiyyətin bölgüsü prinsipinin təminatının hüquqi əsası qoyuldu. Daha geniş miqyasda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsasları uğurla yaradıldı. İnsan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatına zəmin formalaşdırıldı. Əslində, ölkədə məhkəmə-hüquq sistemində mühüm yeniliklərin sistemli və ardıcıl aparılmasında Konstitusiyanın qəbul edilməsinin əhəmiyyətini dərindən dərk etməliyik. Çünki söhbət hüquqi dövlətdən gedirsə, burada islahatların mütləq hüquqi bazası və əsası olmalıdır. Heydər Əliyev Konstitusiyada Prezident üsul-idarəsini də konkret və aydın şəkildə hüquqi müstəviyə gətirməklə legitimliyin hüquqi əsasını yaratmış oldu. Məlumdur ki, Heydər Əliyevə qədər olan dövrdə müstəqil Azərbaycanda Prezident üsul-idarəsinin konstitusion əsası yox idi. Eyni məntiqlə Konstitusiya məhkəmə-hüquq sistemində ardıcıl, demokratik və şəffaf yenilikləri həyata keçirməyə əsas yaratmış oldu. Buna görədir ki, hüquqi islahatlar Konstitusiyanın qəbulundan sonra geniş miqyasda, ardıcıl və prinsipial şəkildə davam etdirildi. Bu baxımdan Heydər Əliyevin 21 fevral 1996-cı il tarixli Sərəncamı ilə Hüquqi İslahat Komissiyasının yaradılması tarixi hadisə kimi qəbul edilməlidir. Heydər Əliyev Komissiyanın rəhbəri idi. Bunun sayəsində qısa müddətdə yeni müasir qanunlar qəbul olundu. Məsələn, Komissiya tərəfindən "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında" qanunlar işlənib hazırlandı.

Üstəlik, Azərbaycanda məhkəmələrə insan haqlarının qorunması ilə bağlı çox böyük səlahiyyətlər verildi. Bu xüsusda qətimkan tədbiri kimi həbsin seçilməsi səlahiyyətinin məhkəməyə verilməsinin beynəlxalq miqyasda böyük məmnunluqla qarşılanması ayrıca vurğulanmalıdır. Azərbaycan bu addımı atmaqla "Habeas Corpus" prinsipini tətbiq edən ilk dövlətlər sırasına qatıldı.

Heydər Əliyevin fəaliyyəti sayəsində Azərbaycan məhkəmə-hüquq sistemində humanizm prinsipləri geniş tətbiq olunmağa başladı. Həm məhkəmənin keçirilməsinə hazırlıq, həm də məhkəmənin keçirilməsi mərhələlərində humanizm prinsipləri əsas yer tutur. Bu baxımdan Şərqdə ilk dəfə olaraq ölüm cəzasının Azərbaycanda ləğv edilməsi tamamilə gözlənilən hal idi.

Ulu öndərin təbiətən humanist olması onun fəaliyyətində daim özünü göstərirdi. Bu kontekstdə Heydər Əliyevin humanizm prinsiplərini önə çəkərək Azərbaycanda əfvetmə institutunun formalaşması istiqamətində addımlar atması tamamilə başadüşüləndir. Ümummilli lider əfvetmə institutunu bərpa etdi. Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Komissiyasını yaratdı.

Bu kimi yeniliklər nəticəsində Heydər Əliyev 1995-2003-cü illərdə 32 əfv fərmanı imzaladı. Bu fərmanlar 3104 məhkumu azadlığa çıxardı, ailələrinə qovuşdurdu. Bunlardan başqa, Prezident Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında Milli Məclis 1996-2003-cü illərdə 8 amnistiya haqqında qanun qəbul etdi. Amnistiyalar nəticəsində 20 mindən çox məhkum azadlığa buraxıldı.

Həmin müddətdə Azərbaycan Respublikası bir çox beynəlxalq konvensiya və sazişlərə qoşuldu. Bunlarla yanaşı, qanunvericilik, icra və məhkəmə hakimiyyətinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi ilə bağlı mühüm tədbirlər təşkil edildi.

Bu prosesdə öncəki dönəmlərdən qalmış bir sıra nöqsanların sürətlə aradan qaldırılması xüsusi yer tutur. Misal olaraq, Ali Məhkəmədə demokratik cəmiyyətlərə uyğun olmayan nəzarət funksiyaları vardı. Onların hamısı ləğv edildi. Məhkəmədə sırf kassasiya instansiyası kimi yalnız hüquqi məsələlər araşdırılmağa başlandı, digərləri aradan qaldırıldı. Paralel olaraq məhkəmə prosesində vəkilin iştirakı mütləq surətdə təmin edildi.

Bütün bunların əsasında ümummilli lider Heydər Əliyev ABŞ-da keçirilən "Azərbaycan Avrasiyanın qapısı, strateji və iqtisadi alyanslar ölkəsidir" adlı beynəlxalq konfransda ifadə etmişdi ki, "Biz Azərbaycanın məhkəmə sistemini tamamilə yeni səviyyəyə qaldırdıq". Ulu öndər onu da vurğulamışdı ki, Azərbaycanda məhkəmə sistemi demokratik prinsiplər əsasında yaradıldı. Və "Bütün hakimlər test üsulu ilə imtahandan, yarışdan keçdilər və kim qalib gəldi, o da hakim təyin olundu".

Azərbaycan məhkəmə-hüquq sistemi yeni inkişaf mərhələsində

Əlbəttə, bir məqalədə ulu öndərin məhkəmə-hüquq sistemində apardığı geniş islahatları tam əhatə etmək mümkün deyildir. Ancaq hesab edirik ki, Heydər Əliyevin həmin bağlılıqda olduqca böyük tarixi əhəmiyyəti olan töhfəsi İlham Əliyevin simasında Azərbaycana yeni lider yetişdirməsindən ibarətdir. Prezident İlham Əliyev ulu öndərin bütün istiqamətlərdə əsasını qoyduğu quruculuq işlərini böyük uğurla davam etdirir. O cümlədən məhkəmə-hüquq sisteminin daha da demokratikləşməsi, təkmilləşməsi və yeni çağırışlara uyğun inkişaf etdirilməsi prosesi dayanıqlı olaraq davam edir. İlham Əliyev Azərbaycan rəhbərliyinə gəldiyi ilk günlərdən məhkəmə hakimiyyətinin müasir çağırışlara uyğun inkişafı istiqamətində ardıcıl proqramlar həyata keçirmişdir.

Prezident İlham Əliyev bütövlükdə məhkəmə sisteminin toplumda nüfuzunun daim yüksəldilməsi üzrə tövsiyə və tapşırıqlar verir. Dövlət başçısı bu istiqamətdə mütərəqqi islahatları davamlı və ardıcıl olaraq aparmaqdadır. Xüsusi qeyd etmək istərdik ki, ölkə rəhbərinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 3 aprel 2019-cu il tarixdə imzaladığı Fərman böyük əhəmiyyətə malikdir. Həmin Fərmanı hüquqşünaslar məhkəmə-hüquq sistemi üçün "yol xəritəsi" kimi qiymətləndirirlər.

Doğrudan da, Fərman məhkəmə islahatlarının müasir çağırışlara uyğun olması baxımından yeni mərhələdir.

Prezident İlham Əliyevin məhkəmə-hüquq sisteminə göstərdiyi qayğının əyani təzahürlərindən biri, bu sahədə təşkil edilən beynəlxalq tədbirlərdə iştirak edərək öz qiymətli tövsiyələrini verməsidir. Bu baxımdan İlham Əliyevin Azərbaycan Ali Məhkəməsinin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransın iştirakçılarına ünvanlandığı müraciətdə ifadə etdiyi fikirlər çox aktual və maraqlıdır. Həmin fikirlərdə məhkəmə-hüquq sisteminin davamlı, şəffaf və demokratik tələblər çərçivəsində inkişafının başlıca istiqamətləri öz əksini tapmışdır. Ölkə rəhbəri demişdir: "...məhkəmə-hüquq sisteminin davamlı inkişafı daim dövlət siyasətimizin prioritetlərindən biri olmuşdur. Məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmlənməsi, hüququn aliliyinin təmin edilməsi, məhkəməyə müraciət imkanlarının genişləndirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin və keyfiyyətinin artırılması, yüksək hüquqi biliklərə malik hakim korpusunun yaradılması, məhkəmə fəaliyyətinin yeni informasiya texnologiyalarının tətbiqi yolu ilə təkmilləşdirilməsi bu inkişaf prosesinin mühüm istiqamətləridir".

Prezident İlham Əliyev məhkəmə-hüquq sisteminin islahatlarında beynəlxalq təcrübəni aktiv surətdə öyrənməyi və tətbiq etməyi tövsiyə edir. Həmin aspektdə ötən dövrdə aparılmış islahatlar zamanı Avropa Şurası ilə əməkdaşlıq xüsusi yer tutur. Bunun sayəsində məhkəmə fəaliyyətini tənzimləyən mövcud qanunvericilik mütərəqqi beynəlxalq təcrübə nəzərə alınmaqla daha səmərəli səviyyəyə yüksəldilmiş, qanunvericilik davamlı olaraq təkmilləşdirilmişdir. Eyni zamanda, yeni qanunlar qəbul edilmişdir.

Bu müddətdə məhkəmə hakimiyyətinin müstəqil özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurası yaradılmışdır. Bununla yanaşı, Hakimlərin Seçki Komitəsi təsis edilmişdir. Hakimliyə namizədlərin beynəlxalq aləmdə təqdir olunan ən mütərəqqi və şəffaf seçimi qaydasının müəyyən olunması da bu kontekstdə mühüm hadisədir.

Məhkəmə-hüquq sisteminin islahatları sırasında məhkəmə hakimiyyətinin müstəqilliyinin əlavə təminatlarının yaradılması xüsusi yer tutur. Bu kontekstdə məhkəmələrin fəaliyyətinə müdaxilələrin Məhkəmə-Hüquq Şurası tərəfindən qarşısının alınması mexanizmlərinin də müəyyən edilməsi vacib hadisədir. Bu çərçivədə məhkəmə büdcələri təsdiq olunarkən Şura ilə razılaşdırılır. Hakimlərin əməkhaqqının azaldılmasının qanunla qadağan olunması da təsbit edilir.

Prezident İlham Əliyev vətəndaşların ədalət mühakiməsinə əlçatanlığının asanlaşdırılmasına da böyük diqqət yetirir. Bu məqsədlə məhkəmə sistemi təkmilləşdirilir. 40-dək yeni məhkəmə yaradılmışdır. O cümlədən, ölkənin hər bir bölgəsində apellyasiya məhkəmələri və inzibati ədliyyə institutu təsis edilmişdir.

Dövlət başçısı, bütün sahələrdə olduğu kimi, məhkəmə-hüquq sistemində də yeni yüksək texnologiyaların tətbiqinə ayrıca diqqət yetirir. Bu baxımdan mövcud məhkəmə infrastrukturunun Dünya Bankının iştirakı ilə müasirləşdirilməsi mühüm hadisədir. Bakıda və bölgələrdə məhkəmə üçün 35 yüksək texnoloji-hi-tech bina və komplekslər inşa olunmuşdur. Onların əksəriyyətinin açılışında Prezident İlham Əliyev şəxsən iştirak etməklə məhkəmə-hüquq sisteminə böyük dəyər verdiyini nümayiş etdirmişdir.

Onu da mütləq vurğulamaq lazımdır ki, Azərbaycanda aparılan məhkəmə islahatları beynəlxalq aləmdə çox müsbət qarşılanır. Azərbaycan Avropa Şurasının "Ədliyyənin Kristal Tərəzisi" mükafatına layiq görülmüşdür. Ədliyyə sisteminin müasirləşdirilməsi üzrə Dünya Bankı ilə birgə həyata keçirilən layihələr müxtəlif nominasiyaların qalibi olmuşdur. Azərbaycanın tətbiq etdiyi hakimlərin seçim proseduru Avropa Şurası və Avropa İttifaqı tərəfindən örnək kimi dəyərləndirilmişdir.

Bütün bunlar onu göstərir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş məhkəmə-hüquq sistemi islahatları böyük uğurla davam etdirilir. Prezident İlham Əliyev bu istiqamətdə ardıcıl olaraq yeniliklər edir və şəffaflığı daha da artırır. Azərbaycan hüquqi demokratik dövlət kimi artıq digər dövlətlərə nümunədir. İnanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyatın bütün sahələrində daha böyük uğurlar əldə ediləcəkdir!

İlham KƏRİMLİ,

Bakı Şəhər Nizami Rayon

Məhkəməsinin sədri.