“Media savadlılığı və dezinformasiya ilə mübarizə” mövzusunda təlim proqramına başlanılıb
Digər xəbərlər

“Media savadlılığı və dezinformasiya ilə mübarizə” mövzusunda təlim proqramına başlanılıb

Texnoloji tərəqqinin formalaşdırdığı qlobal informasiya mühitində məlumatın etibarlılığının müəyyənləşdirilməsi, tənqidi düşünmə və təhlil bacarıqlarının inkişaf etdirilməsi, media istehlakçıları ilə informasiya mənbələri və axını arasında səmərəli əlaqənin qurulması, həmçinin ölkə üzrə sağlam media ekosisteminin formalaşdırılması və cəmiyyətdə məlumat təhlükəsizliyinin təmin edilməsi məqsədilə hədəf qruplara istiqamətlənmiş maarifləndirmə tədbirlərinin təşkili mühüm əhəmiyyət kəsb edir. Bu barədə 22 may Medianın İnkişafı Agentliyinin məlumatında bildirilir.

22 may tarixində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə “Media savadlılığı və dezinformasiya ilə mübarizə” mövzusunda təlim proqramına başlanılıb.

İki gün davam edəcək təlim proqramı çərçivəsində “The European Alliance” Xəbər Agentliyinin baş katibi Alexandru Giboi və İsveçrənin “Università Svizzera İtaliana (USI)” Universitetinin Media menecmenti, media iqtisadiyyatı və media sənayesi üzrə professoru Matthew Hibberd öz təcrübələrini bölüşəcəklər. Təlimin yekununda iştirakçılara sertifikatlar təqdim olunacaq.

“Respublika”.