2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanat İkinci Qarabağ müharibəsində məğlub olan Ermənistanın kapitulyasiya aktıdır və bu aktı imzalayarkən hər iki tərəf üzərinə müəyyən öhdəliklər götürmüşdür. Düşmən ölkə hər zaman olduğu kimi, verdiyi sözdən boyun qaçırsa da, Azərbaycan dövləti imzaladığı sənədin bütün müddəalarına əməl edir. Eləcə də Bəyanatın Laçın dəhlizi ilə bağlı 6-cı bəndində nəzərdə tutulan öhdəlik dövlətimiz tərəfindən vaxtından tez yerinə yetirildi.
Əslində, Prezident İlham Əliyevin təkidi ilə eni cəmi 5 kilometr olan dəhliz haqqında razılığa gəlinməsi, 3 il ərzində Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi boyunca yeni nəqliyyat marşrutunun tikintisi və rus sülhməramlılarının əraziyə nəzarət etməsi Laçın dəhlizinin ermənilərin əlindən çıxması demək idi. Çünki Laçın şəhərinin içindən keçən bu dəhlizin Azərbaycana qaytarılmasından və Qarabağla Ermənistanı birləşdirən yeni, alternativ yolun inşa edilməsindən sonra dəhlizdəki Laçın şəhəri və Zabux kəndi də Azərbaycana verilməli idi. Beləliklə, Azərbaycan tərəfinin qısa müddət ərzində tikdiyi 32 kilometr uzunluğunda alternativ yol hazır olduqdan sonra Prezident İlham Əliyev Rusiya hökumətinə rəsmi bildiriş göndərərək avqustun 5-də sülhməramlı kontingentin postlarının köhnə yoldan yeni yola keçirilməsini bildirmişdi. Ermənistan hökuməti isə yolun 2023-cü ilin sonuna qədər inşa ediləcəyini açıqlamışdı. Dövlət başçımızın hər zaman olduğu kimi, bu dəfə də qeyri-konstruktivlik nümayiş etdirən Ermənistana üçtərəfli Bəyanatın bu müddəasını da yerinə yetirmədiyi təqdirdə, Azərbaycan Silahlı Qüvvələrinin avqustun 5-də Laçın dəhlizinə girəcəyini, orada öz postlarını quracağını bəyan etməsindən sonra burada yaşayan ermənilər məskunlaşdıqları Azərbaycan torpaqlarından çıxmaq üçün vaxt istəmişdilər. Bu dəfə də Azərbaycan dövləti humanistlik göstərərək onlara avqustun sonuna qədər vaxt vermiş və nəhayət, ötən il avqust ayının sonlarında laçınlılar doğma yurdlarına əbədi olaraq qayıtmaq imkanı qazanmışlar.
2022-ci il avqust ayının 12-də Prezident İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsındə bu barədə fikirlərini belə ifadə etmişdir: "...avqustun 5-i olmasın, 25-i olsun, sentyabrın 1-i olsun böyük fərq etmir. Amma əlbəttə ki, Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış insanlar çıxarılmalıdır. Bu, təbiidir. Onların orada qalması, əslində, hərbi cinayətdir. Çünki o, Cenevrə konvensiyalarının qaydalarına ziddir. İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz. Bu, hərbi cinayətdir. Bəlkə də orada yaşayanlar Suriyadan, Livandan gəlmiş ermənilər bunu bilmirlər, amma Ermənistan rəhbərliyi bunu yaxşı bilir".
Ermənistanın ərazilərimizin 20 faizdən çox hissəsini işğal altında saxladığı 30 il ərzində Azərbaycan münaqişənin sülh yolu ilə həllinə ciddi səy göstərsə də, işğalçı ölkə zəbt etdiyi torpaqları geri qaytarmaq niyyətində olmamışdır. Beynəlxalq təşkilatlar, nüfuzlu qurumlar, erməni havadarı olan bəzi qərb ölkələri münaqişənin hərbi yolla həllinin qeyri-mümkünlüyünü bəyan etmişlər. Buna baxmayaraq, Azərbaycan 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti təxribatına əks-hücum əməliyyatı ilə cavab verdi və Qarabağ uğrunda müharibə başladı. Öz ərazilərində düşməni məhv edən Azərbaycan Ordusu bu qanlı döyüşlərdə dövlətimizin ərazi bütövlüyünü təmin etdi. Ermənistanın 30 illik işğalına son qoyuldu. Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin 8 noyabrda Şuşanı azad etməsindən sonra Xankəndiyə yaxınlaşması ermənilərin müharibənin taleyi ilə bağlı son ümidlərini də öldürdü. Döyüş meydanında məğlub olan Ermənistan təslim aktı imzalayaraq Ağdam, Kəlbəcər və Laçın rayonlarını siyasi yolla geri qaytarmağa məcbur oldu.
İkinci Qarabağ müharibəsi başlamazdan əvvəl aparılan danışıqlarda Laçın rayonunun Azərbaycana qaytarılması, xüsusilə Laçın dəhlizi ilə bağlı olan məsələ ayrı bir mövzu kimi müzakirə olunmuşdu. Azərbaycanın ərazi bütövlüyünü pozan, şəhər və kəndlərini uzun illər boyu işğal altında saxlayan mənfur düşmən boş xəyallar quraraq özünü inandırmışdı ki, Laçın rayonu onlara dəhliz kimi verilməlidir.