Bakı - müstəqil Azərbaycan Respublikasının paytaxtı, elm, təhsil, mədəniyyət və idman mərkəzi. Əsrlər boyu bu gözəl şəhər Şərqlə Qərb arasında körpü rolu oynayaraq müxtəlif mədəniyyət və sivilizasiyaların birləşdiyi məkan olub. Abşeron yarımadasında yerləşən şəhər Rusiyada və ümumiyyətlə Avropada görünməmiş sürətlə inkişaf edir.
Hələ 1882-ci ildə ən iri yerli neft şirkətinin sahibləri olan Nobel qardaşları: "Bakı bütün dünyanı işıqlandıra və ona rəng qata bilər", - deyirdilər.
Bu gün iqtisadi baxımdan qabaqcıl ölkələrdən biri olan Azərbaycan Bakının gələcək inkişafına xüsusi diqqətlə yanaşır. Qədim Bakı bu gün dinamik inkişaf edir. Müasir üslublu muzeylər, teatrlar, konsert zalları, Dənizkənarı Milli Park, eyni zamanda milli və xarici mətbəxi ilə seçilən kafelər, restoranlar fəaliyyət göstərir. Hazırda Bakının sosial və ictimai həyatı da çox dinamikdir. Burada keçirilən mühüm konfranslar, festivallar, sərgilər, idman yarışları və digər beynəlxalq tədbirlər Bakının regionda əhəmiyyətini artırır.
Ölkə başçımız İlham Əliyevin diqqət mərkəzində saxladığı məsələlərdən biri də paytaxtımızda memarlıq və şəhərsalma normalarının gözlənilməsidir. O, təməlqoyma və açılış mərasimlərində şəxsən iştirak edərək dəyərli tövsiyələrini verir. "Şəhərsalma qaydaları, nəqliyyat infrastrukturu, digər kommunikasiyalar, memarlıq prinsipləri, Bakı şəhərinə uyğun memarlıq üslubunun qorunması, ekoloji vəziyyətin yaxşılaşdırılması və digər amillər daim diqqət mərkəzində olmalıdır", - deyə dövlətimizin başçısı vurğulayıb.
Şərqi Avropanın bəzi paytaxt şəhərlərində baş planlar hazırlansa da, Bakı ilə bağlı təklif edilən layihə unikallığı ilə fərqlənir. Məzmun və mahiyyət etibarilə tam yeni texnologiyaların tətbiqini nəzərdə tutan bu sənəd Azərbaycan paytaxtının yaxın iyirmi illik inkişafının konsepsiyasını, strategiya və taktikasını, prioritet istiqamətlərini müəyyənləşdirəcək. Şəhərimizin ilkin Baş Planı XIX əsrin sonunda tərtib olunub. Bunun zərurəti ondan irəli gəlirdi ki, Bakı inkişaf edirdi. Və bu inkişafın planlı şəkildə aparılması üçün Baş Plan vacib idi.
Bu gün dövlət başçısının göstərişinə əsasən, aparıcı qlobal şəhərsalma prinsipləri nəzərə alınaraq şəhərin planlı və sistemli inkişafını təmin etmək məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinin Baş Planı hazırlanıb və aidiyyəti dövlət orqanları ilə razılaşdırılaraq 30 dekabr 2023-cü il tarixində Nazirlər Kabinetinin 504 nömrəli qərarı ilə təsdiq edilib. Şəhərin Baş Plan layihəsi Komitənin sifarişi ilə Almaniyanın beynəlxalq şəhərsalma şirkəti olan "AS+P Albert Speer + Partner GmbH" tərəfindən hazırlanıb. Baş Planın hazırlanmasına yerli layihə təşkilatı qismində Bakı Dövlət Layihə İnstitutu, həmçinin mühəndis-kommunikasiya sistemləri, nəqliyyat və iqtisadi aspektlərin işlənməsi məqsədilə "EY" konsaltinq və "Ramboll UK" şirkətləri cəlb edilib.
Paytaxtın Baş Planı 4 prioritet hədəfə əsaslanır: şəhərin dayanıqlı inkişafı, şəhər və ətraf mühitin regenerasiyası, şəhərin memarlıq siması və tarixi irsə qayğı, yeni şəhər iqtisadiyyatı. Bakı şəhərinin əhalisinin 2040-cı ilə 3,17 milyon nəfər təşkil edəcəyi proqnozlaşdırılıb. Bu da əlavə çətinliklər yaradacaq. Odur ki, Baş Plan müəyyən problemlərin həllini tapmasını şərtləndirir. Qeyd edilən tədbirlərin həyata keçirilməsi sayəsində 2040-cı ilədək Bakı şəhərində küçə-yol şəbəkəsinin ümumi uzunluğunun yerli əhəmiyyətli yollarla birlikdə 2668 kilometrə çatdırılması gözlənilir. Baş Plana əsasən, ictimai nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqlarının 2040-cı ilədək ümumi uzunluğunun hazırkı 16 zolaq-kilometrdən 112,2 zolaq-kilometrə qədər genişləndirilməsi nəzərdə tutulur. Metro nəqliyyatı sisteminin inkişafı ilə əlaqədar 2027-ci ilədək "28 May"-"Cəfər Cabbarlı" keçid stansiyasında yaşıl və qırmızı xətlərin bir-birindən ayrılması və yeni dəstəkləyici infrastrukturun yaradılması da planlaşdırılır. Bunlarla yanaşı, Heydər Əliyev adına Beynəlxalq Hava Limanına yeni dəmir yolunun çəkilməsi, aeroportdan Yeni Suraxanı və Binə qəsəbələrinə doğru uzanan yeni dəmir yolu xəttinin inşası, o cümlədən Hövsan dəmir yolu stansiyasının fəaliyyətinin bərpası, həmçinin yeni "Binəqədi-Mehdiabad-Fatmayi-Pirşağı" dəmir yolu dəhlizinin yaradılması planda əksini tapıb. Eyni zamanda, hazırda şəhər ərazisində bir sıra istifadə olunmayan dəmiryol təhkim zolağı və istifadə olunmayan yük xətləri yenidən aktivləşdirilə və "tramvay-elektrik qatarı" sisteminin tətbiqində bu infrastruktur imkanlarından istifadə oluna, həmçinin sürətli tramvay nəqliyyatı infrastrukturunun genişlənməsinə imkan yarana bilər.
Müstəqil respublikamız inkişaf etdikcə inanırıq ki, Bakı günü-gündən ucalaraq, dünyanın məşhur paytaxt şəhərləri arasında öz keçmişinə, bu gününə və gələcəyinə layiq yer tutacaq.
Röya RÜSTƏMLİ,
"Respublika".