İkinci Qarabağ müharibəsi qalibiyyətlə başa çatdıqdan sonra işğaldan azad olunan ərazilərdə sürətli quruculuq işlərinə başlandı. 30 il erməni əsarətində qalan şəhər və kəndlərin yenidən qurulması, bərpası ölkəmizin daxili siyasətinin prioriteti kimi müəyyən edildi.
Ölkə başçısının rəhbərliyi ilə düşmənin viran qoyduğu şəhər və kəndlərimizin tarixi görkəminin saxlanması ilə müasirliyin vəhdətində yenidən qurulması geniş vüsət aldı. İki ildən çoxdur ki, başlanan quruculuq işləri dinamik sürətdə həyata keçirilir. Doğma insanlarının isti nəfəsini duyduqca dirçələn, abadlaşan bu yerlərin dünyanın gəzməli, görməli məkana çevriləcəyi gün uzaqda deyil.
Uzun illər əzəli yurd yerlərinə həsrət qalmış soydaşlarımızın doğma torpaqlarına qayıdışını tez bir zamanda reallaşdırmaq, onların rahat yaşayışını təmin etmək üçün dövlətimiz bütün gücünü səfərbər edib. Bölgənin inkişafı, tərəqqisi, 30 il ərzində məcburi köçkün düşmüş soydaşlarımızın firavanlığı üçün "ağıllı kənd"lərin, "ağıllı şəhər"lərin yaradılması Azərbaycanın qüdrətini bütün dünyaya nümayiş etdirir. Ölkəmizin daxili potensialı hesabına minlərlə kvadratkilometrdən çox ərazilərdə infrastruktur, nəqliyyat, logistika layihələrinin həyata keçirilməsi, kənd təsərrüfatı, xidmət sektorları ilə əhatə olunan genişmiqyaslı quruculuq işləri sözün yaxşı mənasında insanı heyrətləndirir. İkinci Qarabağ müharibəsində qazandığımız möhtəşəm qələbə düşmənin viran qoyduğu əraziləri gülüstana döndərməklə davam etdirilir. İşğaldan azad olunmuş əraziləri qısa müddət ərzində sülh, əməkdaşlıq və təhlükəsizlik bölgəsinə çevirmək, rayonları, kəndləri, qəsəbələri bərpa etmək, bir sözlə, Qarabağı yenidən yaratmaq üçün əzm, qətiyyət nümayiş etdirən Azərbaycan həmin ərazilərdə müasir çağırışlara cavab verən və beynəlxalq standartlara əsaslanan yeni inkişaf modelinin icrasını reallaşdırır. "İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrası çərçivəsində bu ərazilərdə infrastrukturun bərpası ilə paralel olaraq alternativ enerji mənbələrindən səmərəli istifadə, yaşıl zonaların yaradılması, "ağıllı şəhər" və "ağıllı kənd"lərin qurulması bu konsepsiyanın əsas istiqaməti kimi həyata keçirilir, dağıdılmış ərazilərimiz müasir texnologiyalar əsasında yenidən qurulur.
Mərhələ-mərhələ reallaşdırılan Böyük Qayıdış proqramı çərçivəsində doğma yurd yerlərindən köçkün düşmüş vətəndaşlarımızın bir hissəsi artıq Zəngilanın Ağalı kəndinə qayıdıb. Tərtərin Talış kəndi də öz sakinlərini qəbul edib, köç karvanları Laçına, Füzuliyə də üz tutub. Kənddən şəhərə axının qarşısını almaq, əhalinin şəhərdə əldə edə biləcəyi bütün xidmətləri kəndlərdə təşkil etmək, eyni zamanda insanlara kənddə daha çox gəlir qazanmaq və məşğulluq imkanı yaratmaq, kənd sakinlərinə dövlət xidmətlərindən yararlanmaq şəraitini formalaşdırmaq kimi üstünlüklərə malik olan, ən müasir texnologiyalara əsaslanan "ağıllı kənd" layihəsi də tətbiq edilir.
Doğma yurdlarına qayıdan vətəndaşlarımızın rahat yaşayışı istiqamətində görülən vacib işlərdən biri də insanların məşğulluğunun təmin olunmasıdır. Ölkə başçımızın həyata keçirdiyi uğurlu siyasətdə doğma yurd yerlərinə köçürülən sakinlərin məşğulluq problemləri əsas məsələ kimi qarşıya qoyulur. Bu baxımdan, artıq Dövlət Məşğulluq Agentliyi tərəfindən keçmiş məcburi köçkünlərin məşğulluq imkanlarının qiymətləndirilməsinə başlanılıb. Onların münasib vakansiyalar üzrə işlə təminatı, özünüməşğulluq proqramına cəlbi, eləcə də bir qisminin yeni peşələrə yiyələnmələri məqsədilə peşə hazırlığı kurslarının təşkili nəzərdə tutulur.
Bu istiqamətdə Agentlik tərəfindən həyata keçirilən müvafiq işlərin nəticəsində artıq Ağalı kəndinin 171 sakini aktiv məşğulluq proqramları ilə əhatə olunub, 150-dən çox şəxs işlə təmin olunub və daha bir qrup sakinin məşğulluğunun təminatı üçün işlər aparılır. Həmçinin 11 sakin üçün özünüməşğulluq proqramı çərçivəsində mal və materiallar formasında aktivlər verilərək kiçik təsərrüfatlar yaradılıb. Kənd sakinlərindən 26 nəfər isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb edilib.
Doğma sakinlərinə qucaq açmış Tərtərin Talış kəndində də əhalinin məşğulluğuna dövlət dəstəyi göstərilir. Belə ki, 40-a yaxın sakinin məşğulluğu təmin edilib, həmçinin 9 kənd sakini özünüməşğulluq proqramına cəlb olunub. Böyük Qayıdış proqramı üzrə görülən işlər çərçivəsində Laçın şəhərinə və Füzuliyə köçürülən sakinlər də aktiv məşğulluq proqramları ilə əhatə olunublar. "Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrası çərçivəsində dövlət torpaq kadastr uçotu üzrə işlər də davam etdirilir.
Böyük Qayıdışın tez bir zamanda reallaşmasına xidmət edən bütün bu proseslər uğurla həyata keçirilir. Vətən müharibəsində düşməndən geri alınan ərazilərdə həyat öz axarına düşür. Bu yerlərin əsl sahibləri qayıtdıqca, insanlar əzəli yurd yerlərində yenidən məskən saldıqca yurdumuz daha da gözəlləşir.
Mehparə ƏLİYEVA,
"Respublika".