Aqrar sektor yeni inkişaf mərhələsində
İqtisadiyyat

Aqrar sektor yeni inkişaf mərhələsində

Bu gün Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsi baxımından kənd təsərrüfatı böyük potensiala malikdir. Aqrar sektora güzəştli kreditlərin, vergi güzəştlərinin, subsidiyaların verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi istiqamətində mühüm addımlar atılır və bu sahədə böyük layihələrin icrası uğurla davam etdirilir. Bu səbəbdən də aqrar sektorda iqtisadi fəallıq yüksəlir.

Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi, yeni çağırışlara uyğun strateji hədəflərin və mütərəqqi dəyişikliklərin müəyyən edilməsi bu sahənin keyfiyyətcə yeni mərhələyə keçməsinin təməlini qoyub. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədi lə ölkədə müasir aqroparklar, iri fermer təsərrüfatları təşkil edilir. Həyata keçirilən aqrar islahatlar, dövlət dəstəyinin əhəmiyyətli dərəcədə gücləndirilməsi bu sahəyə inamın artmasına və fəallığın yüksəlməsinə səbəb olub.

Ağsu Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru İlqar Hüseynov bildirdi ki, dövlətin qayğısına əsasən torpaq mülkiyyətçiləri taxılçılığın inkişaf etdirilməsinə həmişə yüksək münasibət göstərirlər. Ötən ilin məhsulu üçün 2022-ci ilin payızında 33885,8 hektar sahədə taxıl əkini aparılmışdır ki, bunun da 4185,8 hektarı dəmyə, 29700 hektarı isə suvarılan sahələrdədir. Ümumi əkinin 18560,2 hektarı arpa, 15325.6 hektarı isə buğda sahələridir.

29325 hektar sahədə suvarma aparıldığından əkilmiş sahələrdə normal bitiş alınmışdır. Taxıl sahələrində 29700 hektar birinci və ikinci vegetasiya suvarması aparılmış, 3793 hektar sahədə isə üçüncü vegetasiya suvarması olmuşdur. Gübrə və pestisid təchizatında heç bir problem yaranmamışdır. Aparılmış monitorinq və keçirilmiş görüşlər zamanı taxıl əkinlərində aqrotexniki işlərin yerinə yetirilməsi ilə yanaşı, ehtiyac olan sahələrdə xəstəliklərə, ziyanvericilərə və alaq otlarına qarşı kimyəvi mübarızə aparılmışdır.

Taxılçılıqla məşğul olan fermerləri yüksək reproduksiyalı taxıl toxumu ilə təmin etməsi nəticəsində rayonda fəaliyyət göstərən 3 toxumçuluq təsərrüfatı tərəfindən 2022-ci ilin payızında 2023-cü ilin məhsulu üçün 968 hektar sahədə yüksək reproduksiyalı toxumla səpin aparılmışdır. Toxumçuluq məqsədilə əkilmiş sahələrdən 399 hektarı arpa, 569 hektarı buğdadır. Həmin 968 hektar toxumluq sahələrin 14 hektarına super elit, 222 hektarına elit, 732 hektarına isə R1 reproduksiyalı toxumlar səpilmişdir.

Qeyd olundu ki, 2023-cü ilin məhsulu üçün rayon ərazisində 33879,8 hektar sahədə taxıl biçini aparılmış, 117900 ton məhsul istehsal olunmuş, məhsuldarlıq hər hektardan 34,8 sentner təşkil etmişdir. 15321,10 hektar buğda sahəsindən 53501.30 ton məhsul istehsal edilmiş, məhsuldarlıq 34,92 sentner olmuşdur.

2024-cü ilin məhsulu üçün ötən il rayon üzrə 34506 hektar sahədə payızlıq əkin aparılmışdır ki, bunun 4525 hektarı dəmyə sahələrdə, 29981 hektarı isə suvarılan sahələrdədir. Dəmyə sahələrdə əkilmiş taxılın 2180 hektarı arpa, 2345 hektarı buğda, suvarılan sahələrdə əkilən taxılın 17704 hektarı arpa, 12277 hektarı isə buğda sahələridir.

M.NƏRİMANOĞLU,

"Respublika".