İranın İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı göstərdiyi qərəzli mövqe ucbatından iki ölkə arasındakı münasibətlər gərginləşib. Rəsmi Tehran və Bakı arasındakı indiki bu vəziyyət son 30 ilin ən soyuq dövrü kimi xarakterizə olunur. Cənub qonşumuzun birmənalı olaraq qazandığımız qələbəyə qısqanclıqla yanaşması və bundan sonrakı proseslərdə ölkəmizə qarşı açıq-aşkar hədə-qorxu nümayiş etdirməsi hələ də tam başa düşülən deyil.
İkinci Qarabağ müharibəsi Cənubi Qafqazda ədaləti, beynəlxalq hüququ təmin etdiyi kimi, özü ilə bərabər regiona yeni reallıqlar da gətirdi. Və 30 il düşmən tapdağı altında qalan ərazilərimizin "boz zona" olaraq qonşularımız tərəfindən istifadə olunmasının da qarşısı alındı. İşğal altındakı həmin ərazilərdə uzun müddət İran və Ermənistan qarşılıqlı olaraq yükdaşımalar həyata keçirirdi. 132 kilometrlik sərhədlərimizi bərpa etdikdən sonra həmin istiqamətdə daşınan yüklərə nəzarət etməyimiz Cənub qonşumuz tərəfindən normal qarşılanmadı. Baxmayaraq ki, həmin yerlər suveren Azərbaycan torpaqlarıdır. Rəsmi Tehran öz din qardaşlarının torpaq bütünlüyünə hörmətlə yanaşmaq əvəzinə, müharibə başa çatdıqdan sonra Araz çayı sahillində hərbi əməliyyatlara start verdi. Halbuki, İranla sərhəd olan Azərbaycan rayonları 30 il Ermənistan qoşunlarının işğalında olarkən belə bir əməliyyatların keçirilməsinə ehtiyac görülməmişdi. Dövlətimiz İranın bu cür təxribatçı addımlarına hər zaman səbir və təmkinlə yanaşsa da, yanvarın 27-də Tehranda baş verən hadisə bardağı daşıran son damla oldu. Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror hücumunun həyata keçirilməsi ölkələr arasındakı diplomatik bağların sarsılmasına gətirib çıxardı. Həmin hadisələrdən sonra təhlükəsizliyin təmin olunmadığı üçün Tehrandakı səfirlik fəaliyyətini dayandırdı.
Təbii ki, baş verən bütün bu hadisələrdə günah birmənalı olaraq İran tərəfinin üzərinə düşür. Və iki ölkə arasındakı münasibətlərin korlanmasında Cənub qonşumuzun yürütdüyü yanlış Cənubi Qafqaz siyasəti oldu. Regionun güclü və qüdrətli tərəfi ilə deyil, məğlub, kasıb, yarımmüstəqil dövlətilə yaxınlaşması dövlətimiz tərəfindən haqlı olaraq heç də yaxşı qarşılanmadı. Hərbə-zorba ilə öz maraqlarını Azərbaycana qəbul elətdirməyə çalışan İran artıq bunda heç bir fayda əldə edə bilməyəcəyini anlamaq üzrədir və gec də olsa Cənub qonşumuzun bunu başa düşməsi müsbət hal kimi qiymətləndirilə bilər. Nəhayət ki, onlar Azərbaycanın dünya miqyasında hansı mövqeyə sahib olduğunu deyəsən dərk edə biliblər. BMT-dən sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatına uğurla sədrlik edən, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat qovşaqlarının kəsişməsində yerləşən və enerji təhlükəsizliyində önəmli paya sahib olan Azərbaycanla düşmənçilik münasibəti saxlamaq digər ölkələrə olduğu kimi, İrana da fayda gətirmədi. Elə bu səbəbdən son illərdə atdığı addımların səhv olduğunu anlayan Tehran rəsmiləri diplomatik yollarla yenidən dövlətimizlə xoşməramlı münasibətlər qurmağa çalışır. Ölkəmiz isə hər zaman mehriban qonşuluq münasibətlərinin olmasında maraqlı olub və qarşı tərəfdən gələn müsbət addımlara eyniliklə reaksiya göstərib.
İyulun 5-də Qoşulmama Hərəkatı Əlaqələndirmə Bürosunun nazirlər görüşündə iştirak etmək üçün Azərbaycana gələn iranlı nazir Hüseyn Əmir Abdullahiyan Prezident İlham Əliyevin qəbulunda olarkən ölkəmizin uğurlarından söz açıb. Nazir etiraf edib ki, İranın da üzv olduğu Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi dövründə davamlı və dinamik surətdə inkişaf yolu keçib. Həmçinin Hüseyn Əmir Abdullahiyan dövlət başçısının Qoşulmama Hərəkatının nazirlər görüşünün açılış mərasimindəki çıxışında çox vacib məqamlara toxunduğunu deyərək bu tədbirin əhəmiyyətini qeyd edib, onun gündəliyindəki çox vacib məsələlərin müzakirə olunduğunu vurğulayıb. İranlı nazir ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin inkişafında müsbət dinamikanın olduğunu, Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsində Azərbaycanla İranın mühüm rol oynadığını diqqətə çatdırıb. Azərbaycan səfirliyinə qarşı törədilmiş terror aktının İranın məhkəmə və hüquq-mühafizə orqanları tərəfindən çox ciddi şəkildə araşdırıldığını bildirən nazir Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin tezliklə bərpa olunacağına ümidvarlığını ifadə edib. Söhbət zamanı Zəngəzur dəhlizinin açılması məsələsi də müzakirə olunub. İqtisadi-ticari əlaqələrin son dövrlərdə artan dinamikası məmnunluqla qeyd edilib, Şimal-Cənub nəqliyyat dəhlizinin, həmçinin bu marşrutla bərabər, Şərqi Zəngəzur iqtisadi rayonu ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında kommunikasiya bağlantılarının icrasının inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Qeyd etmək lazımdır ki, İran xarici işlər nazirinin Tehrandakı səfirliyinin bərpa olunmasına belə maraq göstərməsinin ən böyük səbəbi törədilən terror aktının beynəlxalq ictimaiyyət tərəfindən mənfi qarşılanması olub. İndisə bunu konpensasiya etməyin tək yolunu diplomatik korpusun bərpasında görür. Həmçinin Şimal-Cənub dəhlizinin Azərbaycandan keçməsi İran üçün başqa bir seçim imkanı yaratmır. Regionun güclü dövlətlərindən biri olan İranın sonda Azərbaycana barışıq əli uzatması ölkəmizin bölgədəki nüfuzundan xəbər verir. İran rəsmiləri sonunda dərk edəcək ki, Ermənistan kimi bir dövlətə görə Azərbaycanı itirmək bu ölkə üçün geosiyasi anlamda səhv qərar olar.
Musa BAĞIRLI,
"Respublika".