Bu gün Azərbaycan həyata keçirdiyi məqsədyönlü, düşünülmüş siyasəti ilə dünyanın diqqət mərkəzindədir. Yalnız region dövlətlərilə deyil, dünya ölkələrilə də əməkdaşlığa açıq olan, heç bir dövlətin daxili işlərinə qarışmayan, ərazi bütövlüyünə xələl gətirməyən müstəqil Azərbaycan beynəlxalq aləmdə sülhsevər ölkə, etibarlı tərəfdaş olaraq qəbul edilir. Təsadüfi deyil ki, iqtisadiyyatını möhkəmləndirməklə gücünü, qüdrətini daha da artıran, Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycanla bu gün əməkdaşlıq etmək istəyən, yeni əlaqələr qurmaqda maraqlı olan ölkələrin sayı getdikcə artır.
Rusiya-Ukrayna müharibəsi dünya düzəninin yenidən formalaşmasına zərurət yaratdı. Bu kontekstdə Azərbaycan və Mərkəzi Asiya ölkələri əlaqələri dərinləşdirmək, xalqların təhlükəsizliyini və rifahını təmin etmək istiqamətində məqsədyönlü siyasət həyata keçirirlər. Daşıyıcıların Rusiya ərazilərindən istifadə etməkdən imtinası, bunun Orta Dəhliz kimi tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əhəmiyyətini daha da artırması və Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiya layihələrinin reallaşdırılması Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlərə öz müsbət təsirini göstərir. Ölkələr arasında intensivləşən təmaslar və yeni təşəbbüslər ikitərəfli, üçtərəfli və çoxtərəfli formatlarda əməkdaşlığı daha da dərinləşdirir.
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda IV beynəlxalq konfransda Macarıstan Beynəlxalq Əlaqələr İnstitutunun tədqiqatçı professoru Vasa Laslonun dövlət başçımıza ünvanladığı sual hansı coğrafiyada yerləşməsindən asılı olmayaraq bir çox ölkənin Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu bir daha təsdiqlədi. Tədqiqatçının: "Mərkəzi Asiya ölkələrinin öz bazarları və iqtisadiyyatları arasında bir növ əməkdaşlıq qurmaqla bağlı bəzi fikirləri var... Əgər bu, həyata keçsə, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə həmin iqtisadi birliyə qoşulacaqmı?", - sualını Prezident İlham Əliyev həmişə olduğu kimi, dəqiq və əhatəli şəkildə cavablandırdı. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə mədəni-siyasi əlaqələrinin olduğunu və yaxın gələcəkdə bir-birinə nəqliyyat, eyni zamanda təhlükəsizlik məsələlərində inteqrasiya edə biləcəklərinin mümkünlüyünü söylədi. Bu ilin mart ayında Özbəkistan və Türkmənistan prezidentlərinin ölkəmizdə səfərdə olduqlarını, ötən ilin sonunda Qırğızıstana, həmçinin 3 dəfə Özbəkistana səfər etdiyini diqqətə çatdıran dövlət başçımız bu müsbət dinamikanı Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında siyasi əlaqələrin inkişafı kimi qiymətləndirdi. Ölkə başçımız müasir nəqliyyat infrastrukturuna malik Azərbaycanı Mərkəzi Asiya ölkələrinə dost ölkə adlandırdı: "Düşünürəm ki, ümumilikdə, nəsə olacağı təqdirdə nə ola biləcəyindən asılı olmayaraq, zənnimcə, Mərkəzi Asiya və Azərbaycan gələcəkdə, ilk növbədə, sözsüz ki, nəqliyyat, təhlükəsizlik məsələləri baxımından daha çox inteqrasiyalaşmış ola bilər. Çünki Mərkəzi Asiya ölkələri üçün nəqliyyat, təhlükəsizlik məsələləri və ixrac bazarlarına çıxış bu gün bir müddət əvvəl olduğundan daha çox əhəmiyyət kəsb edir...".
Prezident İlham Əliyev Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan ilə ölkəmiz arasında yüksək səviyyəli əməkdaşlıq əlaqələrinin mövcudluğundan, eyni zamanda Türk Dövlətləri Təşkilatında birgə fəaliyyətdən bəhs edərək Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə regional əməkdaşlığa, qarşılıqlı faydalı münasibətlərin inkişafına böyük səy göstərdiyini diqqətə çatdırdı. Qeyd edək ki, İlham Əliyevin Özbəkistana səfəri zamanı strateji tərəfdaşlığı dərinləşdirən və müdafiə, nəqliyyat və ticarət daxil olmaqla bir çox sahələrdə əlaqələri inkişaf etdirən on səkkiz sənəd imzalanmışdır. Sənəddə Özbəkistan ilə Azərbaycanın müştərək investisiya fondu yaratması, Bakı-Tbilisi-Qars dəmir yolunda yükdaşımaların genişləndirilməsi üzrə işlərin intensivləşdirilməsi, ikitərəfli ticarət və malların tranzitinə maneələrin aradan qaldırılması üçün işçi qrupunun yaradılması və s. vacib məsələlər öz əksini tapmışdır.
Konfransda iştirak edən Böyük Britaniyanın "Methkins" şirkətinin enerji təhlükəsizliyi üzrə mütəxəssisi Con Robertsin: "Qazaxıstana alternativ enerji marşrutlarını tapmağa kömək etmək üçün Azərbaycan nə edə bilər?", - sualına dövlət başçısı aprel ayında Qazaxıstana rəsmi səfəri zamanı Qazaxıstan ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq perspektivləri barədə müzakirələrin aparıldığını və Azərbaycanın boru kəməri vasitəsilə Qazaxıstandan neftin nəqlinə başlanılması barədə razılıq əldə olunduğunu bildirdi. Rusiyadan, Türkmənistandan, Qazaxıstandan neftin nəqli üçün tranzit ölkə olan Azərbaycanın qonşularının onun infrastrukturundan istifadəsini hər zaman dəstəklədiyini, eyni zamanda 1,5 milyon ton neftin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Aralıq dənizinin sahilinə nəqli üçün müqavilənin imzalandığını qeyd etdi.
Onu da qeyd edək ki, Qazaxıstan Azərbaycanla əlaqələrini TDT çərçivəsində, həmçinin digər təşkilatlar daxilində daha da genişləndirmək və yürütdüyü siyasətlə türk birliyinə töhfə vermək niyyətindədir. Bu ilin aprel ayında Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana birgünlük rəsmi səfəri Prezident Qasım-Jomart Tokayevin ötən ilin avqustunda Azərbaycana ilk rəsmi səfərindən təxminən altı ay sonra baş tutmuşdur. Səfər çərçivəsində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Qazaxıstandan Azərbaycan üzərindən Avropaya enerji tranziti ilə bağlı layihələr, o cümlədən telekommunikasiya sahəsinə dair bir sıra sənədlər imzalanmışdır. Qazaxıstan prezidenti Astananın logistik xidmətlərin təkmilləşdirilməsinə, vahid nəqliyyat operatorlarının yaradılmasına, texniki və tarif şərtlərinin modernləşdirilməsinə, inzibati maneələrin aradan qaldırılmasına və qapalı logistik dövrün yaranmasına ehtiyacı olduğunu vurğulamış və bunun iki ölkə arasında münasibətlərin dərinləşdirilməsi kontekstində həllinin mümkünlüyünü qeyd etmişdir.
ABŞ-ın "ALG Transportation" şirkətinin rəhbəri Fərhad Azimanın ölkə başçımıza ünvanladığı: "Özbəkistan, Türkmənistan və Qazaxıstan qazının asanlıqla Xəzər dənizinin dibi ilə boru kəməri vasitəsilə Bakıya, oradan isə Avropaya nəqli üçün bütün imkanlar var. Bu layihənin qarşısında duran maneələr hansılardır?", - sualı Azərbaycan üzərindən Mərkəzi Asiya ölkələrinin Avropaya enerji tranziti məsələsini əks etdirirdi. Prezident İlham Əliyev "ALG Transportation" şirkətinin rəhbərinə bu ölkələrin öz təbii ehtiyatlarını Şərq, yaxud Qərb istiqamətində ixrac edəcəyini müəyyənləşdirdiyi halda Azərbaycanın vasitəçi ölkə kimi əlindən gələni etməyə hazır olduğunu və texniki yardım göstərə, Xəzər dənizində boru inşa edən barjları təklif edə biləcəyini söylədi. İstər Şərqin, istərsə də Qərbin enerji təhlükəsizliyində Azərbaycanın mühüm rol oynadığını bildirən Prezident İlham Əliyev konsorsium yaradıldıqdan, korporativ sərmayənin, kreditlərin kimlər tərəfindən veriləcəyi müəyyən edildikdən sonra Özbəkistan, Türkmənistan və Qazaxıstan qazının Avropaya nəql olunmasında Azərbaycanın ədalətli tranzit ölkə olacağını vurğuladı. Prezident neft və qaz satışından əldə olunan gəlirin fonunda tranzit ölkə olaraq qazanılan vəsaitin o qədər böyük olmasa da, Azərbaycanın hər zaman dost ölkələrin enerji təhlükəsizliyinə töhfə verdiyini və bu istiqamətdə mühüm addımlar atdığını diqqətə çatdırdı.
Albaniya Beynəlxalq Araşdırmalar İnstitutunun İdarə Heyətinin üzvü Arian Starova Prezident İlham Əliyevə: "Çinin "Bir kəmər, bir yol" təşəbbüsünün gələcəyi barədə nə düşünürsünüz?", - sualına: "Bir kəmər, bir yol" təşəbbüsü həmişə Azərbaycan tərəfindən dəstəklənib... Eyni zamanda Mərkəzi Asiya tərəfindən bizim infrastrukturumuzu istifadə etməyə böyük maraq var və həmçinin demək istərdim ki, ötən ilin sonunda Çin, Qırğızıstan, Özbəkistan və Xəzər arasında yeni dəmir yolu əlaqəsinin qurulmasına başlanılıb. Bu layihə bir neçə il müzakirə mərhələsində idi. Buna artıq rəsmi olaraq başlanılıb və bu, onu göstərir ki, əgər başlayıbsa, deməli, işləyəcək. Mütləq, daha çox yük daşınacaq. Hazırda biz Xəzərin şərq sahillərində və ümumiyyətlə, Mərkəzi Asiyada tərəfdaşlarımızla birlikdə vahid tariflərin müəyyən olunması üzərində, bu yolun təkcə nəqliyyat təhlükəsizliyi baxımından deyil, həm də kommersiya baxımından əhəmiyyətli olması üzərində işləyirik və bu, mümkündür", - deyə cavab verdi.
Bəli, suallar müxtəlif olsa da, hər zaman məntiqi, geniş dünyagörüşü ilə yüksək tribunalarda, beyin mərkəzlərinin iştirakı ilə aparılan müzakirələrdə dəqiq, dürüst fikirləri ilə auditoriyanın diqqət mərkəzində olan, ona ünvanlanan sualları qərəzsiz və tam aydınlığı ilə şərh edən Azərbaycan Prezidenti İlham Əliyev "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda IV beynəlxalq konfransda da diskussiyalar zamanı düzgün və ədalətli mövqeyini bir daha nümayiş etdirdi. Dövlət başçımız, həmçinin Azərbaycanın Avropa Komissiyası ilə təbii qaz, bərpaolunan enerji və yaşıl hidrogen də daxil olmaqla, bir çox sahələri əhatə edən enerji dialoqu apardığını, zəngin neft və qaz ehtiyatlarına malik olan ölkəmizin Avropaya mümkün qədər çox qaz nəql etmək üçün mühüm diplomatik addımlar atdığını və Avropa İttifaqının Prezidenti Ursula Fon der Lyayen ilə imzalanan Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumuna əsasən 2027-ci il üçün qaz təchizatını iki dəfə artıracağını vurğuladı.
Müstəqil siyasət yürüdən Azərbaycanın bölgədəki mövqelərinin möhkəmlənməsi onu irəliyə, hərtərəfli inkişafa doğru aparır. Bu gün ölkədə gedən proseslər, bölgədəki mövqelərimiz, dünyada baş verənlərə təsir imkanlarımızın genişlənməsi ölkə başçısı İlham Əliyevin apardığı məqsədyönlü siyasətin nəticəsidir. İlham Əliyevin siyasi, iqtisadi, ictimai və məd