Noyabrın 7-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiya Prezidenti Aleksandar Vuçiç tərəfindən qəbul edilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı iki ölkə arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə olunub, qarşılıqlı yüksək səviyyəli səfərlərin, o cümlədən ötən ilin noyabrında Prezident İlham Əliyevin Serbiyaya dövlət səfərinin və Prezident Aleksandar Vuçiçin ötən ilin dekabr ayında Azərbaycana işgüzar səfərinin önəmi vurğulanıb.
Görüşdə ticarət və iqtisadi əlaqələrin inkişafı perspektivləri ətrafında fikir mübadiləsi aparılıb və Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyəti təqdir edilib.
İki ölkə arasında enerji, kənd təsərrüfatı, turizm və digər istiqamətlərdə strateji əməkdaşlığın etdirilməsi üçün geniş imkanların olduğu qeyd edilib.
Söhbət zamanı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması və regionda davamlı sülhün qurulması imkanları barədə fikir mübadiləsi aparılıb.
Prezident Aleksandar Vuçiç Serbiyanın Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini bildirib və Azərbaycanın da Serbiyanın ərazi bütövlüyünə göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.