İgid əsgər, möhkəm dayan!..
Siyasət

İgid əsgər, möhkəm dayan!..

Azərbaycan əsgərinə, şəhidinə, qazisinə minnətdarlıq hər birimizin borcudur

"Oğul düşmən çəpəridir", - deyib atalar. Bu məsəli çox eşitmişəm böyüklərimizdən. Çoxları kimi bəlkə vaxtsa mən onun əsl mənasını o qədər dərindən dərk etməmişəm. Ancaq zaman-zaman, daha doğrusu, 30 illik müharibə, münaqişə, çəkişmə, çarpışma zamanı başa düşdüm atalarımızın demək istədiyini. Oğul bir ailənin deyil, bir elin, obanın, xalqın düşməninə sipərdir, çəpərdir. Axı, döyüşə oğullar gedir...

Analar oğul gətirdi dünyaya, qayğısına qaldı, nazını çəkdi, böyütdü, bu el, oba, Vətən üçün. Çox sınağa çəkdi zaman bizi, neçə oğul sinəsilə sipər oldu, qurban getdi Vətənə. Elə ona görədir ki, didilib, parçalanıb, bölünsə , sonunda özümüzün oldu bu torpaq. Çünki haqq yolunu seçdi bizim əsgər:

Ya azad ol, ya candan keç,

İki yoldan birini seç

Azadlığın şərbətin !..

İgid əsgər, möhkəm dayan!

"Güclü ordu qurmuşuq. Bu ordu düşməni 44 gün ərzində darmadağın edib, onları diz çökdürüb torpaqlarımızdan qovub. Gözəl gənc nəsil yetişdirdik - vətənpərvər, tərbiyəli, milli ruhda tərbiyə almış gənc nəsil. Həmin bu gənclər bizim torpaqlarımızı azad ediblər. Laçını, Kəlbəcəri, o vaxt işğal altında olan digər torpaqları görməyən, bu bölgələrdən olan gənclər ölümə getməyə hazır idilər, ölümə gedirdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların qəhrəmanlığını heç vaxt unutmayacağıq...". Ali Baş Komandan bunu igid övladlarımızın qəhrəmanlığı, şücaəti sayəsində azad edilmiş Laçın rayonunun əbədi sakinləri ilə görüşündə söyləyirdi.

Bu sözlərdə qürur, güvən, minnətdarlıq, o qəhrəmanları yetişdirən analara, xalqa təşəkkür ifadə olunurdu. komandanlıq etdiyi Ordunun ona olan güvəni, etimadı doğrultduğunun sevincini yaşayırdı bir daha Ali Baş Komandan!.. Bu anda başqa bir hadisəni xatırladım. 2013- ildə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Qubada inşa edilmiş Quba Soyqırımı Memorial Kompleksinin açılış mərasimində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev "1918-ci il qırğınlarının rəhbərləri icraçıları" adlı ekspozisiya qarşısında dayanarkən verilən məlumatları dinlədikcə nifrətini gizlətməyərək: "Biz bunları 70 il qəhrəman bilmişik", - demişdi.

Bu zaman onun gözlərində, səsində duyulan qəzəb heç kəsin gözündən yayınmamışdı. Çünki dövlət başçısı kimi hər halda bir qədər uzaqdan, rəsmi şəxs kimi qəbul etdiyimiz bu insanın hər bir azərbaycanlının düşmənə münasibətində keçirdiyi daxili hissləri bu qədər açıq aydın büruzə verməsi çoxları üçün gözlənilməz idi. Sonrakı vaxtlarda dövlət başçımızın Ermənistan prezidentləri ilə müxtəlif görüşlərində onun ciddi, təmkinli, bəzən azca istehzalı baxışlarını, qarşısındakını necə diqqətli bir sükutla dinlədiyini, sonra özünün aramla, tələsmədən, sakit tərzdə danışdığını görəndə hər dəfə onun erməni işğalçılarına qarşı Qubadakı sərt reaksiyasını xatırlayır diplomatik görüşlərdə dövlət başçısı kimi nümayiş etdirdiyi səbrinə heyran qalırdım.

Memorial Kompleksin açılış günündə, muzeyin çıxış hissəsində sonuncu ekspozisiyanı, Qafqaz İslam Ordusuna həsr edilmiş guşəni seyr etdikdən sonra 1918-ci il hadisələri ilə bugünkü işğal faktlarını müqayisə edərək vurğulamışdı: "1918-ci ildə Qafqaz İslam Ordusu Azərbaycan torpaqlarını işğaldan azad etdiyi kimi, müasir Azərbaycan Ordusu da torpaqlarımızı işğaldan azad edəcəkdir! Mən bunu sizə söz verirəm!".

Böyük qələbədən düz 7 il əvvəl söylənmişdi bu fikirlər. Elə oldu! Azərbaycan əsgəri ümidləri doğrultdu. Cümhuriyyət ordusu qəhrəmanlarının, Yalama sərhəd batalyonunun, Gəncə Qarabağ üsyanlarının son damla qanına qədər vuruşmuş igidlərinin xələfləri, müasir Azərbaycan Ordusunun əsgərləri, zabitləri onlardan gözlədiyimiz qələbəni yaşatdı bizə.