iDMAN6Daim zirvələrdə
İdman

iDMAN6Daim zirvələrdə

Pauerliftinqçimiz iki qızıl medal qazanıb

Macarıstanın Kişkunfeledhaza şəhərində WPC (Dünya Pauerliftinq Konqresi) versiyası üzrə növbəti Avropa çempionatı keçirilib.

Azərbaycan Pauerliftinq Federasiyasının yeganə idmançısı Ramil Əhmədov klassik pauerliftinq növündə 850 kiloqram nəticə ilə bütün rəqiblərinə qalib gələrək birinci olub.

İdmançımız bununla kifayətlənməyərək öz şəxsi reytinqini artırmaq məqsədilə didlift hərəkətində də çıxış edib. R.Əhmədov əzmkarlıq nümayiş etdirərək mütləq Avropa çempionu olub. Beləliklə, Ramil Əhmədov Vətənə həm 2 qızıl medal, həm də mütləq çempionluğun kuboku ilə dönür.

 

Dünya kuboku yarışında fəxri kürsülərdə

Portuqaliyanın Koimbra şəhərində batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışı və "Soimbra Gym Fest 2022" adlı beynəlxalq turnir keçirilib.

Dünya kuboku yarışında komandamıza tamblinqçimiz Mixail Malkin qızıl medalı qazandırıb. İdmançımız bütün rəqiblərini üstələyərək fəxri kürsünün birinci pilləsində yer alıb. Finalda mübarizə aparan tamblinqçimiz Tofiq Əliyev və batutçumuz Selcan Mahsudova isə yarışı beşinci pillədə başa vurublar.

Beynəlxalq turnirdə fərdi növdə mübarizə aparan yığma komandamızın üzvləri Maqsud Mahsudov (batut), Aleksey Karataşov (tamblinq) qızıl, Bilal Qurbanov (tamblinq) isə gümüş medal qazanıblar.

 

U-20 Avropa çempionatında yunan-Roma güləşçilərimizin uğuru

İtaliyanın paytaxtı Romada keçirilən U-20 Avropa çempionatında yunan-Roma güləşi üzrə mübarizə başa çatıb.

9 güləşçi ilə qitə birinciliyinə qatılan komandamızın 5 üzvü fəxri kürsüyə qalxıb. Nihad Quluzadə (55 kq) və Laçın Vəliyev (87 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olublar. Qurban Qurbanov (72 kq) ikinci, Nihat Məmmədli (60 kq) və Kənan Abdullazadə (67 kq) isə üçüncü yeri tutublar.

Beləliklə, yığma komandamız Avropa çempionatında 2 qızıl, 1 gümüş və 2 bürünc medala sahib olub.

 

Stolüstü tennis üzrə Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib

Şəhid general-mayor Polad Həşimovun xatirəsinə həsr olunan stolüstü tennis üzrə Azərbaycan birinciliyinə yekun vurulub. 

Xaçmaz Olimpiya İdman Kompleksində keçirilən yarışda 2010-cu il təvəllüdlü və daha az yaşda idmançılar iştirak ediblər. Fərdi xarakter daşıyan ölkə birinciliyində Bakı, Sumqayıt, Şabran, Quba, Gədəbəy, Salyan, Zərdab və digər şəhər və rayonlardan 70-ə yaxın idmançı qələbə uğrunda mübarizə aparıb.

Bu gün keçirilən həlledici görüşlərin nəticələrinə əsasən, qızlar arasında Yağmur Məmmədli ölkə çempionu adını qazanıb. Xədicə Eylazova ikinci, Banu Baytallı və Aynur Ağayeva isə üçüncü yerləri tutublar.

Oğlanların mübarizəsi Onur Quluzadənin qələbəsi ilə başa çatıb. Tunar Bağırov gümüş, İbrahim Rəhimzadə və Uğur Nəzərli bürünc medala layiq görülüblər.

Nərgiz İSMAYILOVA,

"Respublika".