Hüququn aliliyi və ədalətin üstünlüyü təmin edildi
Siyasət

Hüququn aliliyi və ədalətin üstünlüyü təmin edildi

İkinci Qarabağ müharibəsindən bu günə qədər Azərbaycanın atdığı hər bir addım beynəlxalq hüququn aliliyinin təmin olunması və ədalətli yanaşma nöqteyi-nəzərindən qlobal sistemdə köklü dəyişikliklərin qaçılmaz olduğunu bütün dünyaya sübut etdi. Belə ki, beynəlxalq hüquq normaları və prinsiplərini ikili standartlar əsasında tətbiq etməyi adət halına gətirmiş güc mərkəzləri və qlobal institutlar aydın şəkildə gördülər ki, ədalət və güc anlayışları bərabər nisbətdə tətbiq olunduqda ədalət bərpa oluna bilər. Necə ki, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Respublikası öz ərazilərini işğaldan azad edərək BMT Təhlükəsizlik Şurasının otuz il həyata keçirə bilmədiyi dörd qətnaməni icra etdi. Bununla yanaşı, dövlətlərin ərazi bütövlüyünün və suverenliyinin toxunulmazlığı kimi beynəlxalq hüququn təməl prinsiplərinə əsaslanaraq imzalanmış üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərin icrasının həyata keçirilməsi üçün iyirmi dörd saatlıq antiterror tədbirləri də uğurla nəticələndi.

Beləliklə, tarixi bir mərhələ sona çatdı, işğala son qoyuldu, ərazi bütövlüyümüz və suverenliyimiz tam və qeyd-şərtsiz bərpa olundu. Həmçinin Azərbaycan müharibə cinayətkarlarının qanun qarşısında cavab verməsini ədalətli mühakimə prosesi ilə təkbaşına həyata keçirən dövlət olaraq da tarixə düşdü. Halbuki analoji cinayətləri həyata keçirmiş müharibə cinayətkarları tarixin müxtəlif mərhələlərində beynəlxalq tribunal qarşısında cavab verməyə məcbur edilmişdilər. Amma bu məsələdə də ikili standart və qərəzli yanaşma ön plana çıxdığı üçün işğala və işğalçıya dəstək verənlər peyda oldular. Lakin bu, heç bir halda ədalətin bərpa edilməsinə mane olmağa qadir deyildi.

Bu gün Qarabağda - Azərbaycan torpaqlarında separatçılığı təbliğ edənlərin, soyqırımı və müharibə cinayətləri törədənlərin Bakıda mühakimə prosesi davam edir. Cənab Prezidentin yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibə zamanı ifadə etdiyi kimi: "Bu, özlüyündə böyük bir tarixi hadisədir. Bizə qarşı qanlı müharibə aparan, vandallıq törədən, Xocalı soyqırımını törədən, torpaqlarımızı, şəhərlərimizi, kəndlərimizi yerlə-yeksan edən canilər bu gün həbs olunub, saxlanılıb və ədalət qarşısında cavab verəcəklər. Onların arasında Qarabağda olmuş bütün dırnaqarası keçmiş liderlər, ondan sonra Qarabağa ixrac edilmiş dırnaqarası baş nazir və digərləri var. Təkcə o qruplaşmada iki nəfər çatışmır, onlar da İrəvandadırlar, onlar da olsa, onda tam heyət formalaşır".

Bununla da qalib Azərbaycan müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə ərazi bütövlüyünü bərpa edərək müharibə cinayətkarlarını cəzalandırmaqla hüququn aliliyini və ədaləti təkbaşına təmin edən dövlət olaraq adını qızıl hərflərlə tarixin ən parlaq səhifəsinə yazdı.               

Aytən QURBANOVA,

politoloq.