Bu il xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyini qeyd edir, əziz xatirəsini dərin ehtiramla anırıq. Milli dövlətçiliyimizin möhkəmlənləndirilməsində, demokratik, hüquqi dövlət quruculuğunda müstəsna xidmətləri olan ulu öndər Heydər Əliyev həm də insan hüquqlarının ən böyük təminatçısı idi.
Ümummilli lider insanpərvərlik və humanizm məfkurəsindən çıxış edərək ədalət və qanunçuluq prinsiplərini dövlətin və cəmiyyətin inkişafının başlıca qayəsi hesab edir, xalqı nəcib amallar naminə birləşdirmək, ictimai şüurda pozitiv dönüş yaratmaq üçün mühüm və qətiyyətli addımlar atırdı.
Cəmiyyətdə milli birlik və həmrəyliyin əsasını təşkil edən bu prinsipləri dövlət siyasətinin tərkib hissəsinə çevirən dahi rəhbər Heydər Əliyev haqqın, ədalətin carçısı, dürüstlüyün, düzgünlüyün tərəfdarı olmuşdur. Ulu öndər hələ sovetlər birliyində Azərbaycana rəhbərliyi dövründə ədalət, qanunçuluq və hüququn təmin olunması ilə bağlı cəsarətli addımlar atmış, bu prinsipləri dövlət və hüquq-mühafizə orqanlarının başlıca meyarı hesab etmişdir.
Müstəqilliyimizin bərpasından sonra yenidən hakimiyyətə qayıdan ümummilli lider ölkədə anarxiya və xaosun hökm sürməsinə, qanunsuz cinayətkar dəstələrin mövcudluğuna baxmayaraq, "ədaləti ədalətsizliklə bərpa etmək olmaz", - deyərək humanizm prinsiplərinin tətbiqi ilə bağlı əhəmiyyətli addımlar atmışdır.
Ümummilli lider ölkə rəhbərliyinə qayıdışından dərhal sonra insanın yaşamaq hüququnun təmin olunması məqsədilə ölüm cəzasının icrasına moratorium qoymuşdur. Eyni zamanda Heydər Əliyevin humanistliyi sayəsində o dövrdə vətən və xalq qarşısında ən ağır cinayətlər törətmiş, ölkəni parçalamağa və dövlət çevrilişinə cəhd etmiş təhlükəli şəxslər barəsində də ölüm hökmü tətbiq olunmamışdı.
Dahi öndərin bu qətiyyətli addımı sayəsində vətəndaşların yaşamaq hüququna əsaslı təminat verilmiş, cinayət-hüquq siyasətinin humanistləşdirilməsi ilə bağlı görülən işlər, o cümlədən Cinayət Məcəlləsinin ölüm cəzasını nəzərdə tutan maddələrin sanksiyalarından bu cəzanın çıxarılması, qadınlara, 65 yaşına çatmış kişilərə ölüm cəzasının tətbiqinin qadağan edilməsi Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu prosesinə əvəzsiz töhfə olmuşdur.
Ulu öndər 1998-ci il fevralın 3-də ölüm cəzasının ləğvi ilə bağlı bəyanatında deyirdi: "Mən cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək ideallara sadiq qalaraq ölkəmizdə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəlib bu tarixi bəyanatı vermişəm". Ümummilli liderin bu humanist addımı Milli Məclis tərəfindən dəstəklənərək fevralın 10-da ölüm cəzası birdəfəlik ləğv edilmiş, Azərbaycan bütövlükdə Şərqdə bu qətiyyətli və tarixi qərarı verən ilk ölkə olmuşdur. Yüksək humanizmin və insanpərvərlik örnəyinin bariz ifadəsinə çevrilən bu addım Azərbaycanın beynəlxalq nüfuzunu yüksəltmişdir. Bu tarixi addım fəlsəfi, hüquqi düşüncələrə, dərin elmi təhlilə, dünya təcrübəsinə və reallığa əsaslanmaqla humanizm, insanpərvərlik, ədalət, şəxsiyyətə və insan hüquqlarına hörmət kimi yüksək amallarla yaşayan ulu öndərin gələcək nəsillərə misilsiz töhfəsi olmuşdur.
Ümummilli lider Heydər Əliyev tərəfindən ölkədə əfv və amnistiya institutlarının bərpa olunaraq tətbiqinə başlanılması da onun humanist siyasətinin növbəti təntənəsi olmuşdur. O vaxtdan Prezidentin müstəsna səlahiyyətlərinə aid olan əfv, habelə amnistiya aktlarının imzalanması davamlı xarakter almışdır. Təsadüfi deyil ki, 1995-2003-cü illərdə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 32 əfv fərmanı, 7 amnistiya aktı imzalanmış, həmin dövrdə on minlərlə məhkum bağışlanaraq müxtəlif, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad edilmişdir. Beləliklə, ölüm cəzasının ləğvi, humanist aktların qəbulu ciddi tərbiyəvi məzmun kəsb edərək qanunçuluğa, haqqa və ədalətə inam hissini artırmış, ölkədə cinayətkarlığın dinamikasının azalmasına öz müsbət təsirini göstərmişdir.
Məlum olduğu kimi, törətdiyi cinayət əməlindən səmimi peşmançılıq keçirən, azad cəmiyyətə və normal həyata qovuşmaq istəyən məhkumların əfvlə bağlı müraciətlərinə daim həssaslıqla yanaşılır, onlar zaman keçdikdə cəzalarının çəkilməmiş hissəsindən tam və ya qismən azad edilirlər. Ulu öndərin möhkəm təməllər üzərində qoyduğu humanizm siyasəti bu gün