Mürəkkəb, ziddiyyətli və ikili standartların hökm sürdüyü müasir dünyada Azərbaycan sürətlə inkişaf edir. Düşünülmüş, uzaqgörən daxili və xarici siyasət, iqtisadi və hərbi sahədə aparılan məqsədyönlü və ardıcıl islahat ölkəmizi sabit və davamlı inkişaf edən dövlətə, beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevirmişdir. Ölkədə milli dövlətçilik ənənəsinin formalaşması, sabitliyin qorunub saxlanılması, iqtisadi islahatların uğurlu nəticələri sosial həyatın hər bir sahəsində tərəqqiyə güclü təkan vermiş, Vətən müharibəsindəki tarixi qələbə Azərbaycanı regionda lider ölkə kimi tanıtmışdır. Bütün bunlar hamısı ulu öndər Heydər Əliyevin ideyalarının reallığa çevrilməsinin məntiqi nəticələridir. Heydər Əliyev inkişafımızın memarı, müstəqillik konsepsiyasının müəllifi, Azərbaycan ruhunun simvoludur. O, dövlətin inkişafının strategiya və taktikasını hazırlamış, inkişafın Azərbaycan modelini yaratmağa nail olmuşdur.
Ulu öndərin xalqı qarşısında tarixi xidmətləri haqqında çoxsaylı kitablar yazılıb. Bu kitablarda ümummilli liderin şəxsiyyəti, titanik fəaliyyəti haqqında geniş söhbət açılmış, onun bənzərsiz liderliyi barədə tarixi gerçəkliklər əks olunmuşdur. Bütün bunlar ulu öndərə sonsuz hörmət və ehtiramın ifadəsidir.
AMEA-nın müxbir üzvü, professor Misir Mərdanovun "Heydər Əliyev: Xalqa həsr olunmuş ömür" kitabı bu baxımdan daha təqdirəlayiqdir. "Təhsil" Nəşriyyat Poliqrafiya MMC tərəfindən nəfis şəkildə çap olunan kitabın elmi redaktoru Fikrət Şiriyev, naşiri Tural Axundov, operatoru Səbinə Salmanovadır.
Oxucu marağını nəzərə alaraq, ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmovun kitab haqqında rəyini təqdim edirik.
Kitabda ulu öndərin şərəfli və mənalı ömrünün, ictimai-siyasi və dövlətçilik fəaliyyətinin ən yaddaqalan anları xronoloji ardıcıllıqla, ictimai-siyasi hadisələrin fonunda tədqiq və təhlil edilir, real faktlar əsasında hər kəsə nümunə olacaq şəxsiyyətindən, həyat tərzindən, fenomenal dühasından, yüksək insani keyfiyyətlərindən və dövlətçilik fəaliyyətindən bəhs edilir.
Kitab giriş, beş fəsil, son söz və istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir. Kitabın "Zirvəyə doğru" adlı ilk fəslində ulu öndərin həyatının 1923-1969-cu illərinə işıq salınır, onun nəsil şəcərəsi, soykökü, ata-baba yurdlarında - Zəngəzurda ermənilərin törətdikləri qırğınlar və ailə faciəsi haqqında müfəssəl məlumat verilir. Xalqının, vətəninin taleyini öz taleyinə çevirən Heydər Əliyevin uşaqlıq və gənclik illəri, həyat şəraiti, sosial durumu yığcam şəkildə oxucuya təqdim olunur. Heydər Əliyevin yaşadığı dövrü ictimai-siyasi cəhətdən səciyyələndirən Misir müəllim haqlı olaraq onun mütaliə mədəniyyətinin, nitq qabiliyyətinin, əqli inkişafının, aktyorluq, memarlıq və rəssamlıq bacarığının inkişafında, şəxsiyyətinin formalaşmasında mühüm rol oynayan ailə və təhsil mühitinə (1 saylı Beynəlmiləl məktəbi, Naxçıvan Pedaqoji Məktəbi) xüsusi diqqət yetirir. Sonralar yaddaşında möhkəm iz qoyan təhsil aldığı illəri xatırlayan ulu öndər deyirdi: "Mən həmişə Naxçıvanda təhsil aldığım illəri xatırlayıram. Bu illər heç vaxt mənim yaddaşımdan silinməyəcək. Mən burada mükəmməl təhsil almışam, özü də elə həvəs və aludəçiliklə oxumuşam ki, sonralar digər ali təhsil müəssisələrində oxumaq mənim üçün çətin olmayıb". Naxçıvanda dövrün fədakar və işgüzar müəllimlərindən aldığı təhsil müxtəlif ali məktəblərin qapısını onun üçün açır. Bir müddət Azərbaycan Sənaye İnstitutunda oxuyur. Sonralar Dövlət Təhlükəsizliyi Komitəsinin Akademiyasında və Bakı Dövlət Universitetinin Tarix fakültəsində aldığı təhsil, şəxsi mütaliəsi, təşkilatçılıq bacarığı onun karyerasında ciddi dəyişikliyə səbəb olur, Azərbaycan DTK-sının Əks-kəşfiyyat idarəsinin rəisi vəzifəsindən 1964-cü ildə DTK-nın sədr müavini vəzifəsinə irəli çəkilir, 1967-ci ildə isə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri təyin edilir.
Müəllif təhlükəsizlik orqanlarında 20-30-cu illərdə yuva salan markaryanların, qriqoryanların milli kadrlarla əvəz edilməsində, millətin yaddaşında repressiya və cəza aparatı