Bir anlıq dünyanı iki rəngdə təsəvvür edək: göy və qızılı. Biri səmanın, demokratik dəyərlərin, düzlüyün, təmizliyin, əminliyin, milliliyin rəmzi, digəri Günəşin, sülhün, inkişafın, işıqlı gələcəyin nişanəsi...
O, nə vaxtsa rəssam olmaq istəmişdi. Erkən yaşlarda həvəskar rəssam marağı ilə çəkdiyi şəkillərdən bir neçəsi bu gün ən qiymətli muzey eksponatlarına çevrilib. Bu şəkillər Onun rəssamlıq arzusunun nə qədər böyük bir istedaddan qaynaqlandığını sərgiləyir, amma...
Heydər Əliyev bu arzusunu gerçəkləşdirə bilmədi, Azərbaycanın və dünyanın mədəniyyət tarixi onun simasında qüdrətli bir fırça ustasını itirdi. Kim bilir, bəlkə də dünyanın ən nüfuzlu muzeylərinin sərgi salonlarında tamaşaçıları ovsunlayacaq neçə-neçə tablonun yeri boş qaldı. Əvəzində, Heydər Əliyev siyasət ustası oldu, tale onu fırçadan uzaq olsa da, xəyallarını, təxəyyülünü, ürəyindən keçən arzuları reallıqda Azərbaycan boyda bir tablonun üzərinə köçürdü. Görəsən Heydər Əliyev peşəkar rəssam olsaydı, dünyanı hansı rəngdə çəkərdi?! Yəqin ki, göy və qızılı rənglərdə, çünki bu rənglərin hər ikisində Heydər Əliyevin istək və arzuları öz ifadəsini tapıb. Bu rəmzi indi demək olar ki, dünyanın hər yerində tanıyırlar. Heydər Əliyev Fondu üçün müəyyən edilmiş rəmz öz məzmununda təcəssüm etdiyi ideyalarla bütün dünyanı dolaşır, təlqin etdiyi dəyərlərlə Yer üzünü göy və qızılı rənglərin haləsində görmək istəyən insanların sırasını genişləndirir.
İctimai əsaslarla Heydər Əliyev Fondunun yaradılması ideyası rəsmi səviyyədə ilk dəfə "Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 mart tarixli Fərmanı ilə dəstəkləndi. Fondun yaradılmasında qarşıya qoyulan məqsədlər başlanğıcdan kifayət qədər aydın və konkret idi.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə ehtiramını ifadə etmək arzu və istəyindən yaranan bu Fond görkəmli siyasi xadimin ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyasına, xalqın maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi, işləyib hazırladığı siyasətin öyrənilməsinə, təbliğinə və bu ideyaların həyata keçirilməsinə, Azərbaycanın tərəqqisi və xalqımızın rifahı üçün ümummilli lider, Heydər Əliyevin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı proqram və layihələrin reallaşmasına kömək etmək və s. məqsədi qarşıya qoymuşdu.
Uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət, ölkəmizin beynəlxalq nüfuzunun artırılması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və s. bu kimi məsələlər də Fondun yaradılmasında əsas məqsədlər sırasında idi.
Bütün bunlardan əlavə, uşaq müəssisələrinin, infrastrukturlarının, səhiyyə və tibbi təsisatların inkişaf etdirilməsi, ekologiya sahəsində mühüm tədqiqatların dəstəklənməsi, sağlam həyat tərzinin təbliği, Azərbaycan Respublikası ərazisində və xaricdə aktual mövzulara dair konfrans və seminarların təşkili, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək verilməsi də Heydər Əliyev Fondu qarşısında məqsəd kimi müəyyənləşdirilmişdi.
Heydər Əliyev Fondu ictimai fəaliyyət müstəvisinə irəli sürdüyü ideyaların real icra mexanizmləri ilə birgə qədəm qoydu. Cəmiyyət bu Fondu hər hansı təqdimatdan, səs-küylü təbliğat kampaniyalarından tanımadı. Heydər Əliyev Fondu özünü Azərbaycan cəmiyyətinə fəaliyyətinin başlanğıc mərhələləri üzrə müəyyən etdiyi tədbirlərin real nəticələri ilə təqdim etdi. Azərbaycan cəmiyyəti bu təşkilatın məqsədi, məramı barədə Fondun real fəaliyyətinin istiqamətlərindən, gördüyü işlərin mahiyyətindən öyrəndi. Bu isə Heydər Əliyev Fonduna, Fondun prezidenti Mehriban Əliyevaya Azərbaycan vətəndaşlarının, bütün dünyada Azərbaycana bağlı olan hər kəsin rəğbətini, dəstəyini qazandırdı. Beləcə, görülən işlər Heydər Əliyev Fondunu Azərbaycanın milli dövlətçilik tarixinə ən parlaq faktlardan biri kimi daxil etdi. İnsanların şüurunda Mehriban Əliyeva fenomenini formalaşdırdı.
Heydər Əliyev Fondu əsas fəaliyyət istiqamətlərindən biri kimi ilk olaraq təhsil