Yurdumuzu xəyallarımızda yaşadırıq
Digər xəbərlər

Yurdumuzu xəyallarımızda yaşadırıq

Əzəli torpaqlarımız olan Qərbi Azərbaycandan didərgin salındıqdan sonra Balakən rayonunda məskunlaşan soydaşlarımızın min bir əziyyətə qatlaşaraq normal şəraitdə yaşamaq üçün yeni yurd yerləri düzəltdikləri barədə əvvəlcədən məlumatım olsa da bilirdim ki, söhbətimiz daha çox nostalji hisslər üzərində qurulacaq. Çünki doğma yurd sevgisi dünyanın bütün varlıqları qarşısında öndə gedir. Belə də oldu.

Rayonun Fındıqlı kəndində həmsöhbət olduğum şəhid anası Atlas HƏsƏnova ilə söhbətimiz də yurd həsrətindən başladı. Bu səbəbdən də o ağrılı anları bir dəqiqə belə unutmayan həmsöhbətim bir anlığa xəyala dalaraq xeyli fikirləşdi. Sonra aramla söhbətə başlayaraq erməni faşizminin dəhşətlərindən danışdı. Bildirdi ki, orada da normal yaşamaq üçün gözəl təbiət və şərait vardı. Qərbi Azərbaycanın Amasiya rayonunun Mağaracıq kəndində anadan olmuşam. Həyat yoldaşım və qayınanam 1948-ci ildə oradan didərgin salınıb. Bir müddət Azərbaycanda yaşadıqdan sonra yenidən geri qayıdıblar. Axı ora da bizim vətəndi.

Qeyd etdi ki, oynadığım yerləri bir an belə unutmuram, daim xəyallarda yaşadıram. Uşaq vaxtı gəzdiyimiz o torpaqları unutmaq olarmı. Sizinlə söhbət edəndə evimiz bir anlığa gözümün qabağına gəldi. İnanın mənə kəndimizə getsəm birbaşa evimizi taparam, çünki həmin vaxtdan bu günə qədər yurdumuzu daim düşünmüşəm, heç vaxt unutmamışam.

Söhbətimizə Qərbi Azərbaycandan didərgin düşmüş və Balakən rayonunda eyni kənddə məskunlaşan Şəfiqə NƏsibova qoşuldu: Amasiya rayonunun Əzizbəyov kəndində yaşayırdıq. Bura gəlsək də tez-tez ora gedib gəlirdik. 1988-ci ildən sonra birdəfəlik əlaqələrimiz kəsildi. Şəfiqə xanım uşaqlıq dövrü barədə danışaraq dedi ki, ermənilər imkan vermədilər ki, uşaqlıq dövrümümüzü yaşayaq.

Ermənilər bizimkilərə zülm edirdilər. Uşaq vaxtından görürdüm ki, bütün azərbaycanlılar kimi atamı və əmilərimi də incidirdilər. Yaxşı şəraitimiz olsa da onlar normal yaşamağımıza imkan vermirdilər. Yola çıxan kimi bizimkiləri incidirdilər. Leninakana tək getmək mümkün deyildi. Yoldaşım erməni dilini də bilirdi, dükanda işləyirdi. Ermənilər onun başına min bir oyun açdılar, müxtəlif bəhanələrlə incidirdilər. Məcbur olub evimizi tərk edib bir müddət Gəncədə qaldıqdan sonra bura gəldik.

Yaxşı torpaqlarımız vardı, hamıya əkin üçün yer vermişdilər. Buğda, kartof, nə imkan varsa, əkirdik. Suyu, havası əla idi. Şəraitimiz olsa da normal yaşamaq mümkün deyildi, imkan vermirdilər. Atam müharibə veteranı idi. Böyük Vətən müharibəsində vuruşmuşdu. O da məcbur olub Bakıya gəldi. Bura gələn kimi çox yaşaya bilmədi, dünyasını dəyişdi.

Kəndimizin son dərəcə gözəl havası və suyu vardı. Təbiəti, meyvələri insanı valeh edirdi. Əfsuslar olsun ki, bu qədər gözəl mənzərədə rahat yaşamağa qoymurdular. Ermənilər imkan düşən kimi çirkin niyyətlərindən əl çəkmirdilər, bizimkilərə zülm edirdilər. İnsanlığa qənim kəsilən bu yaramazlar 2 qaynımı öldürdülər. Hətta yoldaşım bir qardaşının meyitini gedib gətirə bilmədi, imkan vermədilər.

Şəfiqə xanım didərgin düşən əzizlərinin özləri ilə heç nə gətirə bilmədiklərinə də toxundu. Bildirdi ki, qışın sərt günlərində bizimkiləri yurd-yuvasından didərgin saldılar. Özləri ilə adi adyal belə gətirməyə imkan vermədilər. Ermənilər 1980-ci illərdən başlayaraq soydaşlarımıza qarşı düşmənçiliklərini daha da gücləndirdilər. Hətta Leninakana belə sakitcə getmək mümkün deyildi. Yadımdadır, bir dəfə cavan bir oğlanı camaatın gözü qarşısında yandırdılar. Elə bil qorxulu vəziyyət yaranmışdı ki, gün batan kimi hamı evinə girməyə məcbur idi. Atamın evinin içində ziyarətgah vardı, ermənilər buldozerlə onu dağıtmaq istəyiblər, buldozerin özü dağılmışdı. Bir sözlə, faşist niyyətli ermənilər bizə olmazın zülmünü edirdilər. Kəndimiz o qədər səfalı idi ki, oranı tərk edənlər başqa yerdə çox yaşaya bilmirdi, tez dünyasını dəyişirdi.

Düşmənin bütün bu hiylələrinə və əməllərinə baxmayaraq, biz kəndimizi heç vaxt unutmamışıq. Türkiyə tərəfdən çəkilən görüntülərinə və şəkillərinə həsrətlə baxırdıq. Bu mənada biz yurdumuzu xəyallarımızda yaşatmışıq və birlikdə o torpaqlara qayıdacağımızı düşünmüşük. Çünki bu bizim haqqımızdır.

M.NƏRİMANOĞLU,

"Respublika".