Şəxsiyyətin tarixin gedişatında rolu, hadisələrin müsbətə doğru dəyişməsinə təsiri məsələləri daim geniş müzakirə obyekti olmuşdur. Bu məsələdə bir çox tədqiqatçılar şəxsiyyətin hadisələrdə rolunu o qədər də qabartmamışlar. İkinci tərəf siyasi xadimin hadisələrə təsirini ön plana çəkir, hadisələri şəxsiyyətlərin yaratdığı qənaətinə gəlmişlər. Digər bir qrup isə şəxsiyyətləri həm hadisələrin məhsulu, həm də hadisələri yaradan tərəf hesab etmişlər ki, burada da siyasi xadim həm hadisələrin formalaşdırdığı bir şəxsiyyət, həm də hadisələrə təsir edə biləcək gücə malik bir lider kimi göstərilmişdir. Fikrimizcə, üçüncü yanaşma siyasi romantizmdən uzaq olaraq, tam reallığı əks etdirir. Yəni, güclü siyasi xadim hadisələrin təsiri ilə zamanın hökmünə uyğun yetişir və xalqının, millətinin rifahı naminə hadisələri dəyişmə gücünə malik olur. Həmin düha millətin, dövlətin hər bir vətəndaşının qəlbində, ruhunda yüksələrək, ümummilli lider zirvəsinə ucalır. Heç də hər xalqın taleyinə millətinin rifahı uğrunda çalışan, milli vəhdəti formalaşdıran şəxsiyyətlər yazılmır. Buna görə də Heydər Əliyev kimi dühanın Azərbaycan xalqının taleyində var olması, yaradanın bu xalqa ən böyük lütfüdür.
Heydər Əlivev dühası, şəxsiyyəti o qədər yüksək bir zirvədir ki, bu gün hər bir ziyalı, istər müəllim, həkim, mühəndis ümumiyyətlə, dövlətini, dövlətçiliyini sevən Azərbaycan Respublikasının hər bir vətəndaşı onu yüksək ehtiramla anır. Çünki xalqın ən çətin vəziyyətində onun yanında olan, xalqın, dövlətçiliyin məhv olmasının qarşısını almaq üçün öz canını, ailəsini, ətrafını riskə atan bir insan min illər keçsə də yenə ümummilli lider kimi nüfuzunu qoruyub saxlayır.
Heydər Əliyevin 1969-1982-ci illərdə respublikamıza rəhbərliyi dövründə Azərbaycan müttəfiq respublikalar arasında bütün sahələrdə ön sıralarda gedirdi. Ölkənin infrastrukturunun yaxşılaşdırılması, regionların mədəni-iqtisadi tərəqqisi məhz 1970-80-ci illərə təsadüf edir. Dahi liderin uzaqgörən siyasətinin nəticəsi idi ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafına diqqət yetirilir, mərkəzin müstəmləkə iqtisadiyyatı konsepsiyasına ağır zərbə vurulur, daxili istehsal sahələri artırılırdı.
Ümummilli lider sovet dövlətinin gələcəyinin olmamasını uzaqgörənliklə duyurdu. Belə ki, 1990-cı ildə Bakıya qayıtdıqdan sonra siyasi cəhətdən sovet dövlətinin varlığının qorunmasına tərəfdar olan qruplara qarşı çıxdı. Heydər Əliyev həm də eklektizm burulğanından çıxa bilməyən xaosa qarşı mübarizə aparırdı. Sözügedən dövrdə yeni yaradılmış respublikada xaos və özbaşınalıq baş alıb gedirdi. Dövlət idarəçiliyində təcrübəsiz romantik-ümmətçilərin yer alması və millətçi qrupların dövlətin idarə edilməsinə təzyiqinin nəticəsi olaraq mülki əhali arxa cəbhədə, ordu isə ön cəbhədə əziyyət çəkirdi.
Xalqın ziyalı təbəqəsi yaxşı anlayırdı ki, ölkənin xilas yolu yalnız ulu öndər Heydər Əliyevdir. Ümummilli liderin şəxsi nüfuzu o vaxtkı iqtidarı narahat etdiyindən müxtəlif yollarla onun paytaxta gəlməsinə süni maneələr yaradılırdı. Lakin əyalətlərdən gələn sarsıdıcı xəbərlər cəbhədəki uğursuzluqla və nəhayət, Gəncədə qiyamın qalxması iqtidarı mat vəziyyətinə qoydu. Heydər Əliyev xalqın təkidi və xahişi ilə Bakıya gəldi. Onun parlament iclasında alovlu çıxışı və öz həyatını təhlükəyə atıb Gəncəyə yola düşərək vətəndaş müharibəsi təhlükəsinin qarşısını alması Azərbaycan xalqının yaradanın unutmadığı xalq olduğunu bir daha sübut edirdi.
Siyasi xadim keyfiyyətləri elə bir ölçüdür ki, onun bütün standartlarının formalaşmasında cəmiyyətdəki proseslərlə bərabər, xalqın ictimai rəyi də böyük rol oynayır. Ulu öndərin müstəqil dövlətimizdə hakimiyyətə gəlişinin əsas mənbəyi də məhz xalq amilidir. Xalqımızın dövlətçilik ənənələrinə malik olmasının, türk-müsəlman dünyasında yüksək zirvədə dayanmasının nəticəsi idi ki, o, öz müqəddəratının həllini onu hər zaman doğma bilən və taleyüklü məsələlərini çiynində daşıyan şəxsə həvalə etdi. Məhz həmin gündən etibarən destruktivizm xarakterli idarəçiliyə, xaotik duruma, eklektik siyasi addımlara qarşı mübarizə başlandı.
Rahim HƏSƏNOV,