İnci, ləl, mirvari, zümrüd taclı Şuşada bütün fəsillər gözəl olur, ana təbiət bu yerlərdən heç nə əsirgəməyib, sıldırım qayaların üzərində məğrur dayanan qala xüsusilə yaz aylarında daha füsunkar görünür. May ayında Qələbə rəmzinə çevrilən xarıbülbülün, nakam bir eşqin simvolu olan bu nadir çiçəyin ləçəklərindən ətir süzülür, məşhur Cıdır düzündə sayrışan bağrı qan lalələr alov dillərini xatırladır, otların, çiçəklərin ətri bir-birinə qarışır, ecazkar bir mənzərə adamı ofsunlayır. Əllərini uzatsan buludlara dəyər. Şuşanın insanın ruhunu təzələyən, ona ilahi bir güc verən havası bəlkə də dünyanın heç harasında yoxdur, bənzərsizdir, adam burada başqa bir ovqata köklənir.
Şuşa şəhərinin əsası 18-ci əsrin ortalarında qoyulub. Tarixi mənbələrə görə, Qarabağ xanı Pənahəli xan yadellilərin aramsız hücumlarından qorunmaq üçün 1750-ci illərdə Bayat və Şahbulaq adlı qalalar tikdirsə də, bu qalalardan heç biri xanlığı müharibələrdən qoruya bilməyib. Tarixi mənbələrə görə, üç tərəfdən sıldırım qayalarla əhatə olunan dağ yaylası təhlükəsizlik tələblərinə tam cavab verdiyindən, Pənahəli xan şəhəri burada salmaq haqqında qərar verib. Elə şəhərin əvvəlki adı da Pənahabad adlandırılıb. Mərkəzi Şuşa şəhəri olan Qarabağ xanlığı rus-fars müharibəsi nəticəsində Araz çayının şimalındakı digər xanlıqlarla birlikdə 19-cu əsrin əvvəllərində Rusiya imperiyasına birləşdirilib. Bütün bu ziddiyyətlərə baxmayaraq, Şuşa şəhəri zəngin inkişaf yolu keçərək Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynayıb.
Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Şəhərin inkişafına dair xüsusi qərarlar məhz ulu öndərin təşəbbüsü ilə qəbul edilib. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət alıb, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Həmin illərdə Şuşada Dövlət Dram Teatrı, Şuşa televiziyası, Qarabağ tarixi və Şuşa şəhərinin tarixi muzeyləri, Üzeyir Hacıbəyovun, Bülbülün, Mir Möhsün Nəvvabın xatirə muzeyləri, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Dövlət Rəsm Qalereyası, dörd texnikum, iki institut filialı, texniki peşə məktəbi, 25 orta məktəb, orta və orta ixtisas musiqi məktəbləri, 7 uşaq bağçası, 8 mədəniyyət evi, 17 klub, 31 kitabxana, 40 tibb müəssisəsi, 2 sanatoriya, uşaq sanatoriyası, uşaq sağlamlıq məktəbi, 70 yerlik turist bazası, mehmanxana, 5 mədəniyyət və istirahət parkı, 4 kinoteatr, ictimai iaşə obyektləri fəaliyyət göstərib. Şuşa şəhəri təbiəti və saf havasına görə, müalicəvi baxımdan keçmiş sovet dönəmində kurort şəhəri olub və insanlar buraya müalicə almağa, dincəlməyə gəliblər.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin "Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibi olublar və Qarabağda Azərbaycan torpağının qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir. Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə, Azərbaycan yoxdur" sözləri sanki gələcək nəsillər üçün bir vəsiyyət idi. Ulu öndərin həmin vəsiyyəti şərəflə yerinə yetirildi. Şanlı Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il noyabrın 8-də misilsiz bir qələbə, tarixi bir Zəfər qazandı. Tariximizin bir parçası Şuşa şəhəri işğalçılardan azad edildi.
Məkanı cənnət olan şəhidlərimizin qanı hesabına azadlığına qovuşmuş bu şəhər artıq böyük quruculuq, təmir-bərpa işlərinin, möhtəşəm tədbirlərin məkanına çevrilir. Bu gün Şuşaya gələn insanlar 28 il ərzində törədilən erməni vandalizminin vəhşi izləri ilə yanaşı, Azərbaycan dövlətinin həyata keçirdiyi genişmiqyaslı quruculuq işlərinin şahidi olurlar. Qeyd edək ki, Şuşada mühüm infrastruktur layihələri