Bir qrup fransız ictimai-siyasi xadim 2024-cü ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Azərbaycanda keçirilməsi qərarına etiraz edib. İrqçi müraciəti imzalayanlar arasında Ann İdalqo, Valeri Pekres, Bruno Reteyo kimi "tanış" simaların olması əslində, məsələnin mahiyyətindən xəbər verir.
Belə ki, Parisin 62 yaşlı meri Ann İdalqo 2015-2018-ci illərdə Ermənistanın sabiq prezidenti Serj Sarkisyanla 4 dəfə görüşüb. O, qondarma erməni soyqırımı ilə bağlı sosial şəbəkələrdəki paylaşımları ilə də ad çıxarıb. İdalqo son dövrlərdə tez-tez separatçıların keçmiş lideri Arayik Harutyunyanla təmasda olub, ona hərtərəfli yardımlar təklif edib. Bu isə təəccüblü deyil. Çünki onun müavinlərindən biri Anuş Toronyan Parisdəki erməni təşkilatlarının koordinasiya şurasının rəhbəri Ara Toronyanın qızıdır. İdalqonun Fransanın ilk qadın prezidenti olmaq arzusunu nəzərə alsaq, onun qatı ermənipərəst siyasətinin ən fəal təbliğatçısı kimi çıxış etməsi anlaşılandır. Çünki Paris meri ümid edir ki, erməni icması prezident seçkisində qalib gəlmək üçün ona müəyyən maddi və mənəvi dəstək verə bilər.
Amma İdalqonun heç başına yumurta atılan Makron qədər də hörməti və siyasi bilgisi yoxdur. Onun Ukrayna ilə bağlı vaxtilə söylədiyi gülünc fikirlər hələ də gündəmdədir. Mer Şərqi Avropadakı gərginliyin mənbəyi barədə suala cavabında bildirib ki, müharibə faydalı qazıntılar səbəbindən başlayıb. Bu da onu göstərir ki, rişxənd edilən, lağa qoyulan xanım merin nəinki geosiyasətdən xəbəri yoxdur, heç ətrafında baş verənləri də müşahidə etmək qabiliyyətinə sahib deyil. Ona görə də həm erməni sevdalısı olan İdalqonun Azərbaycanla bağlı səsləndirdiyi fikirlər tamamilə gülüncdür.
Utanc hissini itirmiş bir qrup fransız ictimai-siyasi xadimin sırasında yer alan Valeri Pekres isə düz iki il əvvəl Fransa prezidentliyinə namizəd olarkən özü ağılda olan Bruno Reteyo ilə birlikdə qanunsuz olaraq Qarabağa soxularaq indi Bakıda həbsxanada çay içərək Azərbaycan məhkəməsinin qərarını gözləyən Arayik Harutunyan və David Babayanla görüşmüşdü. Yəni onsuz da zamanla islamofob və azərbaycanofob yanaşma sərgiləməkdən çəkinməyən siyasətçilərin yenidən irqçi müraciətlə çıxış etmələri təəccüblü deyil. Bu mövzu ilə bağlı Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda da bildirilib ki, Azərbaycana qarşı böhtan atan, daim beynəlxalq hüquqa uyğun hərəkət edən ölkəmizi Fransa ilə səhv salan müraciət müəlliflərinə elə gəlir ki, mühüm beynəlxalq tədbirlər, ancaq özünü "beynəlxalq ictimaiyyət" adlandıran bəlli bir qrup ölkələrdə keçirilməlidir. Hiss olunur ki, onlar hələ də müstəmləkə, səlibçi zehniyyətindən xilas ola bilməyiblər.
Amma Azərbaycan və Ermənistanın 2023-cü il dekabrın 7-də birbaşa danışıqlarla əldə etdiyi razılıqlar, o cümlədən İrəvanın Bakının COP29-a ev sahibliyini dəstəkləməsi fonunda fransız merlərinin belə bir müraciətə imza atması sadəcə, siyasi klounluqdur. Yaxşı olar ki Yelisey sarayının təmsilçiləri belə mənasız işlərlə məşğul olmaq əvəzinə, ölkələrinin bərbad vəziyyətdə olan olimpiya oyunlarına hazırlığı ilə məşğul olsunlar və ya Parisdəki siçovul problemini həll etsinlər. Çünki onların müraciətləri nəticəsiz qalacaq.
Azərbaycan tarixi ədaləti beynəlxalq hüququn fundamental norma və prinsiplərinə, BMT Nizamnaməsinin 51-ci maddəsinə tam uyğun şəkildə təmin edib. Buna görə də Cənubi Qafqazda yaranmış yeni reallığın müəllifi məhz rəsmi Bakıdır. COP29-un 2024-cü ildə ölkəmizdə keçirilməsi ilə bağlı qəbul olunmuş qərar da həqiqətlərin qlobal səviyyədə etirafıdır. Prezident İlham Əliyevin dekabrın 15-də keçirdiyi xüsusi müşavirədə səsləndirdiyi fikirlər bu mənada diqqət çəkir: "Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı. Bu hadisənin önəmi, o cümlədən ondadır ki, bu qərar antiterror əməliyyatından iki ay yarım sonra qəbul olunmuşdur və beləliklə, bir daha bütün dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə etmişdir".
Odur ki, COP29-un Azərbaycanda keçirilməsi qərarı dövlətimizin, hökumətimizin növbəti tarixi qələbəsidir. Buna qısqanclıq, xəbisliklə yanaşan qüvvələrin cəhdləri isə uğurumuza kölgə sala bilməyəcək.
Jalə QASIMZADƏ,
"Respublika".