Azərbaycan dövlətinin milli maraqlara əsaslanan xarici və daxili siyasət kursu beynəlxalq çərçivədə yüksək qiymətləndirilir. Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə təməli qoyulan balanslaşdırılmış xarici siyasət kursu nəticəsində Azərbaycan beynəlxalq aləmə uğurla inteqrasiya olunmuş, region və dünya ölkələri ilə səmimi, qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanan çoxtərəfli və ikitərəfli əlaqələr qurmuşdur. Ulu öndərin layiqli davamçısı olan Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi xarici siyasət kursu nəticəsində isə ölkəmizin dünyada nüfuz dairəsi daha da genişlənmiş, Azərbaycan regional və beynəlxalq oyunçuya çevrilmişdir.
Azərbaycanın dünya birliyinə inteqrasiyasındakı ən önəmli məqamlardan biri qarşılıqlı maraqlara əsaslanan bərabərhüquqlu münasibətlərin qurulmasıdır. Yəni, Azərbaycan birtərəfli qaydada heç bir dövlətdən, yaxud təşkilatdan nə isə ummur. Əksinə, Azərbaycanla əməkdaşlıq edənlər bundan faydalanır. Bu uğurlu siyasi gedişin nəticəsidir ki, ölkəmizin tərəfdaşları daha da artır və beynəlxalq məkanda Azərbaycan öz siyasi çəkisi ilə fərqlənir. Danılmaz faktdır ki, Azərbaycan regionun lider dövlətidir və bu məqam beynəlxalq arenada da diqqətdən yayınmır. Məhz bu çərçivədə dövlət başçısının birbaşa təşəbbüsü ilə reallaşdırılan, Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları, habelə Qlobal Açıq Cəmiyyətlər Forumu, Qlobal Bakı Forumu kimi çoxsaylı nümunələr Azərbaycanın geosiyasi və iqtisadi baxımdan dünya üçün rolunu ön plana çıxarır. Region ölkələri arasında üçtərəfli, dördtərəfli və daha çox dövlətin iştirakı ilə reallaşan görüşlərin əksəriyyətinin təşəbbüskarı da məhz Azərbaycan dövlətidir. Bütün bunlar Azərbaycanın qlobal məsələlərin müzakirəsi və həllində rolunu artırır və dünyada gündəmin formalaşmasında yaxından iştirakını təmin edir.
Avropa İttifaqının (Aİ) birbaşa təşəbbüsü ilə reallaşdırılan platforma - "Avropa Siyasi Birliyi"nin 2-ci Zirvə toplantısı bu dəfə Moldovada keçirildi. Bulboaka kəndində keçirilən builki Zirvə toplantısında ümumilikdə 50-yə yaxın ölkədən dövlət və hökumət başçıları iştirak edirdilər. Keçirilməsi nəzərdə tutulan növbəti iki toplantıya isə müvafiq olaraq İspaniya və Böyük Britaniya evsahibliyi edəcək.
Kəskinləşən geosiyasi maraqlar və yeni dünya düzəninin formalaşdığı bir vaxtda Avropada etibarlı tərəfdaşlarla birgə bu görüşün reallaşdırılması beynəlxalq ictimaiyyət tərəfindən olduqca yüksək qiymətləndirilir. Bununla yanaşı, Azərbaycan dövlətinin bu kimi yüksək səviyyəli platformalarda iştirakı və Prezident İlham Əliyevin hər iki toplantıya da dəvət edilməsi ölkəmizin artan nüfuzunu bir daha sübut etmiş oldu. Xüsusilə qeyd etmək lazımdır ki, ilk dəfə 2021-ci ilin mayında Fransa prezidenti Makron tərəfindən irəli sürülən Avropa Siyasi Birliyi (ASB) layihəsi oktyabrın 6-da Praqada keçirilən toplantı ilə fəaliyyətə başlamışdır. "Brexit", pandemiya və Ukrayna müharibəsi ilə Avropanın gələcəyinin necə formalaşacağı ilə bağlı müzakirələrin aparılması toplantının ana xəttini müəyyənləşdirirdi. İdeyası siyasi dialoqu və əməkdaşlığı gücləndirməklə ümumi maraqları həll etmək, bununla da Avropada təhlükəsizliyi, sabitliyi və rifahı artırmaq məqsəd daşıyan bu platforma çox dövlətli prinsip əsasında qlobal problemlərin həllinə indeksləşmişdir. Təsadüfi deyil ki, keçirilən görüşdə Aİ-nin 27 üzvü ilə yanaşı, 17 ölkə dəvət olunmuşdu. Dəvət məktublarını Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Çexiyanın Baş naziri, Aİ-nin prezidenti Petr Fiala imzalamışdılar. Azərbaycandan başqa, dəvət göndərilən ölkələr arasında Türkiyə, Albaniya, Bosniya və Herseqovina, Gürcüstan, İslandiya, Kosovo, Lixtenşteyn, Moldova, Monteneqro, Şimali Makedoniya, Norveç, Serbiya, İsveçrə, Ukrayna, Britaniya və Ermənistan da var idi.
Qeyd etmək lazımdır ki, Azərbaycanın beynəlxalq səviyyəli təşkilatlarda məşvərətçi səslə iştirakı sonrakı müddət ərzində heç də onun bu kimi platformalara üzv olacağına dəlalət etmir. Ali Avrasiya İqtisadi Forumuna Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə qonaq qismində iştirakı təqdirəlayiq hal olsa da, Azərbaycanın bu təşkilata üzvlük məsələsi ölkəmizin gündəliyində yer almır. Ölkəmiz hər hansı beynəlxalq təşkilatın üzvü olmasa belə, həmin qurumun üzvü