Görkəmli yazıçı, dramaturq, publisist və maarifçi kimi Nəriman Nərimanov Azərbaycan ədəbiyyatının mütərəqqi, demokratik fikirlərlə zənginləşməsinə böyük töhfələr vermiş, xalqının taleyində mühüm rol oynamışdır. Bu il aprelin 14-də xalqımızın bu böyük oğlunun anadan olmasının 153 ili tamam olur. Bu münasibətlə Nəriman Nərimanov irsinin tədqiqatçısı və “Respublika” qəzetinin baş redaktoru olmuş professor Teymur Əhmədovun ədib haqqında yazısını oxuculara ixtisarla təqdim edirik.
Nəriman Kərbəlayı Nəcəf oğlu Nərimanov 1870-ci il aprel ayının 14-də Tiflis şəhərində yoxsul bir ailədə doğulmuşdur. Ona əslən Cənubi Azərbaycanın Urmiya mahalından olan ulu babasının adını vermişlər. Nəriman hələ kiçik yaşlarından öz ağıllı davranışı, iti zəkası, həssaslığı ilə diqqəti cəlb etmişdi. Həlimə xanımın şirin nağılları, Kərbəlayı Nəcəfin böyük qardaşı Əlimirzənin ürəkaçan söhbətləri balaca Nərimanın mənəvi qidasına çevrilmişdi. Nəriman 1879-cu ildə Tiflis ruhani məktəbinə daxil olur. Zaqafqaziya maarif müfəttişliyinə tabe olan bu məktəbdə proqrama şəriət dərsi, Azərbaycan, fars və ərəb dillərinin tədrisi daxil edilsə də, təhsil əsasən rus dilində keçirilirdi. Buna görə də Nəriman ciddi çalışır, çoxlu mütaliə edirdi. İlk təhsil müvəffəqiyyətlə başa çatır. Nəriman 1885-ci ildə məktəbi bitirir, təhsilini davam etdirmək üçün Qori şəhərindəki Zaqafqaziya müəllimlər seminariyasına hazırlaşır. N.Nərimanov seminariyanın ibtidai hazırlıq kursuna 1885-ci ildə, on beş yaşında ikən daxil olmuşdu. Seminariyanın qeyri-adi həyatı sıxıntılı idi. Burada tələbələr ağır rejim şəraitində təhsil alırdılar. Rus dilinə və şəriət dərslərinə xüsusi qayğı göstərilirdi. Prof. Əziz Şərifin dediyi kimi, "çar mütləqiyyətinin fikrincə, rus dili gələcək müəllimləri çarizmin yerlərdəki ruslaşdırma siyasətinin təbliğatçısına çevirməli, şəriət isə onların qulluq vaxtı dindarlıq mövqelərində möhkəm durmalarını təmin etməli idi". Seminariyanın ağır qayda-qanunu, qapalı pansion həyatı gənc Nərimanın qəlbini sıxırdı. Lakin oxumaq arzusu onun varlığına hakim kəsilmişdi; o, hər şeylə maraqlanır, müntəzəm mütaliə edirdi. Nərimanın elmə coşğun marağı onun ilk müəllimləri - Səfərəli bəy Vəlibəyovun, Nikolay Lomaurinin, Əbdüssalam Axundzadənin və Karp Urusovun nəzərini cəlb etmişdi. Onlar Nərimanın gələcəyinə inanır, ona qayğı ilə yanaşırdılar. Səfərəli bəy Vəlibəyovun şəxsində gənc Nəriman özünün ən yaxın məsləhətçisini tapmışdı.
Nəriman 1886-cı il may ayının 21-də tatar şöbəsinin yuxarı hazırlıq kursuna dəyişdirilir və burada bir il oxuyur. Yuxarı hazırlıq kursunda Nərimanın qayğısı artmışdı. Seminariya tələbələri demək olar ki, səhərdən axşama kimi ciddi nəzarət altında çalışırdılar. Onlar rus dili və şəriət dərsləri ilə yanaşı, həndəsə, cəbr, tarix və coğrafiya fənləri keçir, musiqi və mahnı öyrənirdilər. Seminariyanın pedaqoji şurasının 30 may 1887-ci il tarixli protokolundan məlum olur ki, yuxarı hazırlıq kursunu müvəffəqiyyətlə bitirən N.Nərimanov seminariyanın üçillik əsas şöbəsinə dəyişdirilmişdir.
Nəriman hələ seminariyada oxuyarkən taleyini xalqın taleyinə bağlamışdı. O, doğma xalqa, vətənə xidməti müqəddəs vətəndaşlıq borcu və şərəf bilirdi. "Kəşkül" qəzeti 28 iyun 1890-cı il tarixli nömrəsində yazırdı: "Qori darülmüəllimin məktəbini bitirənlərdən bir qrupuna iyun ayının 6-da müəllimlik şəhadətnaməsi verilmişdir. Bunlardan biri də tiflisli N.Nərimanzadədir. Müəllimlik şəhadətnaməsi alanlar bu günlər mətbəəmizə dəxi gəlib, irəlidə vətən və əbnayi-vətənə xidmətlər edəcəklərini vəd vermişdirlər".
Məlum olduğu kimi, N.Nərimanovun ictimai şüur və düşüncələri, maarifpərvərlik baxışları Zaqafqaziya müəllimlər seminariyasında oxuduğu vaxtlar (1885-1890) yaranmışdır. Bu dövrdə seminariyaya mürtəce fikirli S.N.Stereleskin rəhbərlik edirdi. Onun dövründə seminariyanın ciddi, sərt qayda-qanunları daha da kəskinləşmişdi. Qafqaz təhsil dairəsinin müdiri K.P.Yanovski qatı monarxiyaçı müəllimlərin köməyi ilə tələbələr arasında