"Xoş o şəxsin halına ki, öləndən sonra onun adı dillərdə diri qala, ehtiram və rəhmətlə yad ola". Bu misralar Azərbaycan ədəbi mühitinin böyük dühalarındam olan Əbdürrəhim bəy Haqverdiyevə aiddir. Bəli, yazıçının qeyd etdiyi bu xoşbəxtlik ölümündən sonra öz ünvanına da şamil edilir. Onun dramaturji irsi ölkəmizdə teatr mədəniyyətinin yüksəlişinə yol açmışdır. Ədibin bu sahədəki ideya və fikirləri bu gün də öz aktuallığını qoruyub saxlayır.
O, Azərbaycan tarixində təkcə böyük yazıçı kimi deyil, müəllim, həm də ilk diplomatlardan biri kimi qalmışdır. "Leyli və Məcnun" operası 1908-ci il yanvar ayının 12-də tamaşaya qoyulduğu zaman ilk Azərbaycan dirijoru kimi xor və orkestri, tamaşanı idarə edən kimi də tanınmışdır. Yazıçı, dramaturq, pedaqoq, teatr xadimi, klassik Azərbaycan ədəbiyyatının korifeyi kimi ədəbi mühitdə ölməzlik qazanmışdır. Hələ "Nicat" cəmiyyətində və Kür-Xəzər gəmiçiliyi idarəsində işlədiyi müddətdə Zaqafqaziyanı, Dağıstan, Orta Asiya və Volqaboyu əraziləri səyahət edərək özünün bir sıra məşhur əsərlərini yazmışdır. Həmin əsərləri "Ceyranəli", "Xortdan", "Həkimi-nuni-səqir", "Lağlağı", "Mozalan", "Süpürgəsaqqal" imzaları ilə "Molla Nəsrəddin" jurnalında çap etdirmişdir. Haqverdiyevin jurnalda dərc olunmuş "Cəhənnəm məktubları", "Mozalan bəyin səyahətnaməsi", "Marallarım" əsərləri oxucular tərəfindən böyük maraqla qarşılanmışdır. Ədəbi fəaliyyətə Şuşa real məktəbində oxuduğu zaman başlamışdır. M. F. Axundovun təsiri ilə "Hacı Daşdəmir" adlı kiçik pyes yazmışdır. Peterburq həyatı isə ali təhsil aldığı müddətdə ədəbi yaradıcılığa həvəsini daha da artırmışdır.
Gənc nəslin milli-mənəvi dəyərlərə sadiqlik ruhunda tərbiyə alıb böyüməsində Vətən sevgisinin aşılanması böyük ədibin ən ümdə məqsədlərindən olub. Əbdürrəhim bəy Haqverdiyev xalqın maariflənməsində teatrın rolunun əvəzsiz olduğunu yazırdı: "Xalqla danışmaq, onu mədəniyyətə və maarifə çağırmaq üçün ən yaxşı vasitə teatr səhnəsi idi".
Əbdürrəhim bəy Əsəd bəy oğlu Haqverdiyev 1870-ci il mayın 17-də Qarabağ mahalının Şuşa şəhəri yaxınlığında Ağbulaq kəndində dünyaya gəlmişdir. 1880-ci ildə Şuşada Yusif bəyin müvəqqəti yay məktəbində ibtidai təhsil alan Haqverdiyev daha sonra Şuşa real məktəbini bitirir. Peterburq Yol Mühəndisləri Universitetində ali təhsil aldığı müddətdə şərq fakültəsinin dinləyicisi olmuş və onda ədəbiyyata qarşı güclü həvəs yaranmışdı. Həmin müddətdə gənc yazıçı "Yeyərsən qaz ətini, görərsən ləzzətini" və "Dağılan tifaq" adlı əsərlərini qələmə almışdır. Ədibin "Dağılan tifaq" əsəri 1899-cu ildə Peterburqda nəşr edilmişdir. Ali təhsilini başa vuran Əbdürrəhim bəy Haqverdiyev Şuşaya qayıdaraq şəhərdə tamaşalar təşkil etmişdir. Şuşada qaldığı iki il ərzində xalq yaradıcılığı nümunələri toplamaqla məşğul olmuş, "Bəxtsiz cavan" adlı pyesini də 1900-cü ildə bu şəhərdə yaşadığı müddətdə yazmışdır. Bakıya gəldikdən sonra isə "Pəri cadu" pyesini tamamlayır. Ötən müddət ərzində bir sıra hekayələr yazaraq çap etdirmişdir. 1905-ci il inqilabından sonra isə Rusiya Dövlət Dumasına Gəncə quberniyasından nümayəndə seçilərək Peterburqa getmişdir. Ədib Azərbaycanın ilk diplomatlarından hesab edilir. Peterburq dövlət kitabxanasında araşdırma apararaq "Ağa Məhəmməd şah Qacar" faciəsini yazmaq məqsədilə yeni materiallar əldə etmiş, əlavə məlumatlar üçün isə İrana getmişdir. Adıçəkilən faciə ilk dəfə 1907-ci ildə Bakıda səhnəyə qoyulmuşdur.
Azərbaycan bədii nəsrinin inkişafında böyük rolu və əməyi olan Əbdürrəhim bəy Haqverdiyev 1892-1906-cı illər ərzində bir çox dramatik əsərlər, daha sonra isə nəsr nümunələri və hekayələr yazmışdır. Ədəbi tənqidçilər bu baxımdan yazıçının hekayə yaradıcılığını iki hissəyə ayırırlar. İlk mərhələyə 1906-cı ildə yazdığı və "Həyat" qəzetində dərc etdirdiyi "Ata və oğul", "Ayın şahidliyi" hekayələri aid edilir. İkinci mərhələni isə yazıçının