Elmi ağlından çox olan alim bəşər üçün təhlükəli olduğu kimi, vəzifəyə gəlir mənbəyi kimi baxan insanlar da dövlət, xalq üçün təhlükədir. Yerində olan məmur xalq üçün arxa, dövlət üçün xəzinədir. Şəxsiyyətləri vətənə və xalqa sevgidən doğan insani və sosial keyfiyyətlər formalaşdırır. Şəxsiyyətin əyarı ədalətdir. Ədalətli olmaq qədər şərəfli ad, onu qorumaq qədər də çətin vəzifə yoxdur. Ulu Öndər Heydər Əliyev demişdir: "Vəzifə insanı yox, insan vəzifəni yüksəldir". Ümummilli lider Heydər Əliyevin hələ 1970-ci illərdən bəri bütün çıxışlarında "Qoy ədalət zəfər çalsın!" - şüarı yer almışdır...
Bu gün bəşər elə bir dövrünü yaşayır ki, pul insanları, iqtisadiyyat siyasəti, güc münasibətləri dəyişsə də, insanlığı və onun varlığını ehtiva edən mənəviyyatı dəyişə, ədalətin dayağı olan cəsarəti boğa bilmir. Ulu öndər Heydər Əliyev demişdir: "Hər şeyi insan özü qazanır, lakin mənəviyyat və cəsarət insanın qanında olur".
Vətəninə və xalqına sevgisi, məhəbbəti olmayan, millətinə xidmət etməyən hər kimsə nə qədər şəxsi uğurlar qazansa da, alim olub ixtiralar etsə də, şəxsiyyət ola bilməz, o, yalnız düşmənlərin əlində alətə dönən bir şəxs ola bilər.
Bu gün Türkiyə prezident seçkilərində türkə qarşı birləşən bütün dünya güclərinin koalisiya qüvvələrinə rəğmən heç bir qanun pozuntusuna yol vermədən keçirdiyi demokratik seçkiyə yüksək səs çoxluğu ilə liderlik edərək Qərbə və Avropaya demokratiyadan dərs verməsi Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın dünya miqyasındakı güc və əzəmətinin möhtəşəm təntənəsi deyilmi?! Türkiyədə keçirilən prezident seçkilərinin ikinci tura qalması, bəlkə də uca Tanrının izni ilədir...
Bu seçkilərin nəticələri gözümüzü bağlayan bir çox qaranlıq məqamların qapısını açır, Türk xalqını oyadacaq qulaqbatırıcı bir səslə həyəcan təbili çalır!.. Hayqıraraq deyir ki, Türkiyədə bu ölkəni qüdrətli bir dövlətə çevirən Rəcəb Tayyib Ərdoğana səs verməyənlər qədər, Türkə düşmən kəsilən koalisiya qüvvələrinə xidmət edən maskalanmış "türklər" yaşayır! "Cənnət anaların ayağı altındadır" kəlamını "Cənnət qadınların ayağı altındadır" kimi ifadə edən düşüncə sahibi Kamal Kılıçdaroğlunun topladığı 44,88 faiz səs ona olan inamın yox, məhz həmin koalisiya qüvvələrinə xidmət edənlərin səsidir. Bu səslərin içində əsr yarım geri çəkilmədən Vətən uğrunda müharibə aparan, ÇANAQQALA döyüşündə qalib olan BÖYÜK TÜRK XALQInın səsi ola bilməz! Böyük Türk xalqının varlığına çevrilən Mustafa Kamal Atatürk demişdir: "Məmləkətin daxilində, iqtidara sahib olanlar, qəflət və riyakarlıq və hətta xəyanət içində ola bilərlər. Hətta bu iqtidar sahibləri şəxsi mənfəətlərini düşmənlərin siyasi məqsədlərilə birləşdirərək düşmənlərlə ortaqlıq qura bilərlər. Millət yoxsulluq və sıxıntı içində əldən düşmüş ola bilər.
Ey, Türk İstiqlalının övladı! Bu əhval və şərait içində dahi vəzifən Türk azadlığını və Cümhuriyyətini qurtarmaqdır! Möhtac olduğun qüdrət, damarlarındakı əsl qanda mövcuddur!".
Həsən ŞİRİNOV,
general-mayor.