Gömrük proseduru mövzusunda sahibkarlarla görüş
Digər xəbərlər

Gömrük proseduru mövzusunda sahibkarlarla görüş

“Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi”nin sadələşdirilməsi mövzusunda Nazirlər Kabinetinin qərarında edilən son dəyişikliklərlə bağlı sahibkarlar üçün görüş keçirilib.

Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov bildirib ki, ölkəmizdə istehsal olunan məhsulların 60%-i xaricdən alınan xammala əsaslanır. “Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə bağlı yeniliklər ixracda Azərbaycan məhsullarının rəqabətə davamlı olmasına imkan verəcək”.

“Respublika” xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Baş İdarə rəisinin müavini Rauf Məmmədov “Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi” ilə bağlı prosedurların sadələşdirilməsi və hazırda tələb olunan qaydalarla bağlı sahibkarlara məlumat verib. O, sahibkarları “şəxsi kabinet”dən aktiv istifadə etməyə çağıraraq, proseslərin daha da rahatlaşdırılması üçün göndərilən sorğulara cavab vermələrini xahiş edib.

İqtisadiyyat Nazirliyinin Sənaye şöbəsi müdirinin müavini Elxan Şiriyev “Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nda edilmiş son dəyişikliklərin və ümumilikdə bu mexanizmin emal və xidmət sektorunun inkişafı, xüsusilə də ixrac fəaliyyətinin genişləndirilməsi üçün mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.

Görüşdə malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydaları, daxildə emal xüsusi gömrük proseduruna icazənin verilməsi və müraciət prosedurları ilə bağlı təqdimatlar edilib və sahibkarları maraqlandıran suallar cavablandırılıb

Nəriman CAVADOV,

“Respublika”.