Azərbaycan xalqı ötən iki əsr ərzində silahlı münaqişələr, işğal, etnik təmizləmə, zorla köçürülmə və soyqırımlarına məruz qalıb. Qərbi Azərbaycan soydaşlarımızın min illər boyu sıx şəkildə yaşadığı coğrafi məkandır və burada xalqımızın çox zəngin mədəni-tarixi irsi var. Qərbi azərbaycanlıların indiki Ermənistan ərazisindən deportasiyasına hələ XVIII əsrdən başlanılıb. Tarixçi və tədqiqatçıların fikrincə, azərbaycanlıların etnik təmizləmə və deportasiyalara məruz qalmalarının əsas səbəbi regionun və ölkənin milli tərkibinin dəyişdirilməsi üç mərhələdə - 1905-1920-ci illər, 1948-1953-cü, 1988-ci illərdə reallaşdırılıb. Aparılmış etnik təmizləmə nəticəsində indi həmin ərazilərdə ermənilər yaşayır.
Bütün bu proseslər zamanı erməni vəhşiləri azərbaycanlılara məxsus yüzlərlə yaşayış məntəqəsini, minlərlə evi yerlə-yeksan edərək yandırıb, qoca, uşaq və qadın demədən yüz minlərlə insanı vəhşicəsinə qətlə yetiriblər. Əhalisinin böyük əksəriyyətini azərbaycanlıların təşkil etdiyi Lori-Pəmpək, Şörəyal, Zəngəzur qəzalarında və Göyçə mahalında kütləvi qırğınlar törədərək bu yerləri silahlı yolla ələ keçirməyə cəhd etmişdilər. Bundan sonra ermənilər bu yerlərdən azərbaycanlıların izini itirmək məqsədilə qəbiristanlıqları, tarixi-mədəni abidələri, dini müəssisələri, məktəb, xəstəxana və digər binaları darmadağın etmişlər. 1988-ci ildən sonra Qərbi Azərbaycanda ermənilər azərbaycanlılara məxsus 2000-dən artıq qəbiristanlığı dağıtmışlar.
Ermənilər tarixən azərbaycanlılara, türklərə qənim kəsildikləri halda, bu faktlar gizlədilib, dünya ictimaiyyəti isə bu məsələlərə biganə yanaşıb. Azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası əsasən 1948-1953-cü illərdə Stalinin göstərişi ilə həyata keçirilmişdir. Azərbaycanlıların köçürülməsinə yeganə səbəb onların azərbaycanlı olması idi. Bununla yanaşı, Qəmərli-Artaşat, Arpaçay-Axuryan, Kəvər-Kamo, Basarkeçər-Vardenis, Allahverdi-Tumanyan, Aşağı Qaranlıq-Martuni, Qarakilsə-Sisian, Hamamlı-Spitak kimi dəyişdirilərək erməniləşdirilmişdir.
1989-cu ildə "Azərbaycan Qaçqınlar Cəmiyyəti" kimi təsis edilmiş, 2022-ci ildə Qərbi Azərbaycan İcması adını almış təşkilat indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların hüquqlarının müdafiəsi ilə məşğuldur. Azərbaycanın Vətən müharibəsindəki zəfəri nəticəsində artıq soydaşlarımızın öz ata-baba yurdlarına qayıdacaqları gün yaxındadır. 2022-ci il dekabr ayının 24-ü Qərbi Azərbaycan İcmasının, bütövlükdə Azərbaycan xalqının tarixində yeni bir hadisə kimi yadda qaldı. Azərbaycan Prezidenti İlham Əliyev Qərbi Azərbaycan İcmasının bir qrup nümayəndəsini qəbul edərkən icmanın fəaliyyəti ilə bağlı özünün konseptual fikirlərini səsləndirdi. Bu fikirlər Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının da əsasını təşkil edir. Azərbaycan Prezidenti ziyalılarla görüşündə demişdir: "Gün gələcək Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar". Ölkə başçımız onu da qeyd edib ki, Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran məsələ Qərbi Azərbaycana dinc yolla qayıdışın təmin olunmasıdır.
Qayıdış Konsepsiyası indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün İcmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivəni müəyyən edir. Konsepsiya beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir. Bu il martın 28-də Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyi Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyasını BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayıb. Sənəd BMT-nin adıçəkilən əsas orqanlarının gündəliyinin sülh quruculuğu, qaçqınların hüquqlarının qorunması, irqi ayrı-seçkiliyin aradan qaldırılması, insan hüquqlarının təşviq olunması, silahlı münaqişələrin, soyqırımlarının, etnik təmizləmənin və insanlığa qarşı cinayətlərin qarşısının alınmasına dair bəndləri altında yayılıb. Bu, İcmanın BMT tərəfindən yayılmış ikinci sənədidir