XX əsrin bəlası -- Deportasiya
Böyük Azərbaycan şairi, mütəfəkkiri Abbasqulu ağa Bakıxanov uşaq və yeniyetmələrə müraciətlə yazdığı “Nəsihətlər” əsərində bildirir ki, uşaq yaddaşı qaya üzərində çəkilmiş naxışa, rəsm əsərinə bənzəyir. İllər keçsə də bu naxış, bu yazı pozulmaz, silinməz. Doğma Vətənim, qoynunda dünyaya göz açdığım, ayaq tutub torpağında yeridiyim, suyunu içib havasını udduğum Göyçə mahalı, Basarkeçər rayonu, Nərimanlı kəndi də mənim yaddaşımda daim yaşayır. Orada cəmi 6 yaşıma qədər olsam da kəndimiz, evimiz, qohum-qonşularımız, insanların məşğulluğu, məktəbəqədər hazırlığa getdiyim orta məktəbimiz, sinif yoldaşlarım, şəkilli səhifələrini sevə-sevə vərəqlədiyim “Göyərçin” jurnalı, ümumən Nərimanlıdakı qayğısız uşaqlıq illərim daim xatirimdədir.
Mənə ilk dəfə yazıb-oxumağı öyrədən sinif rəhbərim Qalibə müəllimin, əlavə hazırlığa rəhbərlik edən Hətəm müəllimin, ibtidai təhsil alan şagirdlərin məktəb bufetində düzgün qidalanmasına məsul olan Həbibə xanımın əziz ruhlarını bu gün də hörmət və ehtiramla anır, onların tələbkarlığını, qayğıkeşliyini əsla unutmuram. Yəqin ki, çoxlarınız “Ögey ana” filminə dəfələrlə baxmısınız və rəhmətlik aktyor Ceyhun Mirzəyevin yaratdığı İsmayıl obrazını yaxşı xatırlayırsınız. İsmayılın evdən qaçıb dağlara çıxması, heyvandarlıqla məşğul olan çobanların yanına getməsi, qoyun-quzu sürüləri, qurulan alaçıqlar və sair kadrları görmüsünüz. Kolxozda işləyən rəhmətlik babam Əli kişi ilə Nərimanlı kəndinin yaylaqlarını addım-addım gəzib dolaşmışam. Tütünçülük, taxılçılıq, xalçaçılıq, heyvandarlıqla məşğul olan insanların gün-güzəranı, səmimiyyəti, mərdliyi, təknəsindəki çörəyini alaçığına, evinə qədəm qoyan insanlarla sidq-ürəklə bölüşməsi yaddaşımdakı Nərimanlı tablosunun rəngli naxışları, bəzəyidir.
1988-ci ilin qarlı-şaxtalı noyabr günlərinə qədər Nərimanlı mənə görə dünyanın ən təhlükəsiz, rahat yaşayış məntəqəsi idi. Lakin həmin vaxtdan etibarən böyüklərin baxışlarındakı narahatlıqlar, ata-babalarımızın gecə qaranlıq düşəndən sonra evdə tapılmamaları biz uşaqları da qayğılandırmağa başlamışdı. Bizlər qorxmayaq deyə yanımızda heç nə danışılmazdı. Amma hiss edirdik ki, nə isə xoşagəlməz hadisələr baş verir. Biz uşaqlar sonradan biləcəkdik ki, Qərbi Azərbaycan torpaqlarında özlərinə Ermənistan adlı dövlət quran ermənilər bu ərazilərin aborigen əhalisini deportasiya etmək qərarı verib, əliyalın insanlara qarşı silah işlədiblər. Kənd sakini olan ata-babalarımız gecələr kəndə erməni basqını olmasın deyə qadın, qoca və uşaqları qorumaq məqsədilə kəndin dörd bir yanında səhərə kimi keşik çəkiblər. Bu narahat dolu günlər 1988-ci ilin noyabrında başa çatdı. Göyçədən Kəlbəcər istiqamətinə bir-birinin ardınca düzülən, qarlı aşırımlarda sürüşüb qəzaya uğrayan köç karvanları ilə, min cür əzab-əziyyətə qatlaşaraq Nərimanlı kənd sakinləri, o cümlədən mən də Azərbaycana pənah gətirməli olduq. Əvvəl Kəlbəcərdə, ardınca isə Bakıda qaçqına çevrildik...
O vaxtdan 35 il vaxt keçib. Paytaxt Bakıda yaşayıb orta məktəbi bitirmiş, universitetdə bakalavr, magistr, doktorantura təhsili almışam, məslək-peşə sahibi olmuşam, çalışmışam, ailə həyatı qurmuşam. Mənə və ailəmə qucaq açan, Azərbaycanda həqiqi hərbi xidmətə gedib Vətən qarşısında borcumu ödəmişəm. Ömrümün Azərbaycanda keçən 35 ilində daim bu ölkənin layiqli vətəndaşı olmağa, öz sahəmdə doğru-dürüst çalışmaqla dövlətimin gücünə güc qatmağa, ölkəmin təəssübünü çəkməyə çalışmışam. Amma bu həyat Nərimanlıda keçən 6 illik uşaqlıq illərimi əsla unutdurmayıb. Uşaqlığı qaçqınlığa, müharibəyə, məhrumiyyətlərə düçar olan bir insan kimi daim yurd nisgilini ürəyimdə yaşatmışam. Şəhərdə yaşasam da rahatlıq tapa bilməmişəm, ruhən torpağa bağlı olmuşam. O 6 illik qayğısız günlər sanki kinoya baxırammış kimi hər zaman gözlərim önündə canlanıb.
Bu gün Azərbaycanın ən müxtəlif rayonlarında yaşayan müəllim-professoru, akademiki, millət vəkilləri, jurnalistləri, səhiyyə müəssisələrində çalışan 300-ə yaxın həkimi, Birinci Qarabağ savaşında silaha sarılaraq Vətənin müdafiəsinə qalxan 73 qazisi, müqəddəslik mərtəbəsinə ucalan 19 şəhidi, o cümlədən Milli Qəhrəman Şövqiyar Abdullayevlə tam bir qürur mənbəyimdir Nərimanlı. 44 günlük Vətən müharibəsində də qanı və canı ilə şanlı tarix yazan, xalqımıza böyük Zəfəri yaşadan 69 qazimiz, 3 şəhidimiz, Azərbaycanın İrandakı səfirliyində köksünü terror hücumuna sipər edən Orxan Əsgərovdur Nərimanlı. Belə bir müqəddəs yaşayış məntəqəsi, vətənpərvərlik ocağı üçün darıxmamaq, Nərimanlı həsrəti çəkməmək, xatirələri unutmaq mümkün deyil.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun 2020-ci ilin 10 noyabrında Ermənistan üzərində tarixi qələbə əldə etməsi, işğal altındakı torpaqlarımızı daşnak tör-töküntülərindən təmizləməsi, Böyük Qayıdışa hazırlığın başlanması biz Qərbi Azərbaycanlıların da doğma yurdumuza qayıtmaq ümidini artırır. Rəşadətli Azərbaycan əsgərinin Bala Göyçə gölünə nəzarəti tam bərpa etməsi, Kəlbəcərdəki yüksəkliklərdən Nərimanlı kəndini, Göyçə gölü ətrafını müşahidə altında saxlaması bu ümidlərə qol-qanad verir. XXI əsrin müharibəsində qalib gələn müasir Azərbaycana uğurla rəhbərlik edən Prezident İlham Əliyevin 2022-ci ilin 24 dekabrında öz ad gününü Qərbi Azərbaycan İcmasında keçirməsi, səsləndirdiyi fikirlər, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının qəbulu və beynəlxalq miqyasda əməli tədbirlərin həyata keçirilməsi isə bizləri Nərimanlıya, ümumən Qərbi Azərbaycan ərazisindəki tarixi torpaqlarımıza addım-addım yaxınlaşdırır.
Rufik İSMAYILOV,
jurnalist, “Tərəqqi” medallı.