Şərəfimizi, qürurumuzu ucaldan və bizi qalib xalq kimi tanıdan tarixi qələbədən sonra işğaldan azad edilən ərazilərdə aparılan genişmiqyaslı tikinti-quruculuq işləri Azərbaycanın əzminin, iradəsinin, gələcək baxışlarının dönməzliyini, eyni zamanda hərbi, iqtisadi və maliyyə gücünü bütün dünyaya nümayiş etdirir. May ayının əvvəlindən on gün Qarabağda və Şərqi Zəngəzurda səfərdə olan dövlətimizin başçısı bir sıra vacib infrastruktur obyektlərin açılış, bir çox layihələrin isə icra edilməsi üçün təməlqoyma mərasimlərində iştirak edib.
İki il yarımdır ki, Prezident, Qalib Ali Baş Komandan İlham Əliyev işğaldan azad edilən ərazilərə mütəmadi səfərlər edir, aparılan quruculuq işlərinin gedişi ilə tanış olur, tövsiyə və tapşırıqlarını verir. Eyni zamanda işğal dövründə Ermənistanın bu torpaqlarda törətdiyi vəhşiliyi, vandallığı, cinayətləri və azərbaycanlılara qarşı qəddarlığını təkzibedilməz faktlarla dünyaya, beynəlxalq təşkilatlara və erməni havadarlarına çatdırır, işğalçı, faşist erməni mahiyyətinin iç üzünü ifşa edir. İşğaldan azad edilən torpaqların, şəhərlərin və kəndlərin dirçəldilməsi üçün çox mühüm sənədləri imzalayan dövlət başçısı həm də bu ərazilərdə çox böyük infrastruktur layihələrin həyata keçirilməsi üçün strateji fəaliyyət planını təsdiq edib və bölgədə bütün işlər, həyata keçirilən layihələr həmin plan əsasında aparılır. Təsadüfi deyil ki, dünyanın ən böyük şirkətləri işğaldan azad edilən ərazilərdə quruculuq işlərində iştirak etməyə həvəs göstərir və onlardan bir çoxu artıq Qarabağda və Şərqi Zəngəzurda fəaliyyətə başlayıb. Qarabağda və Şərqi Zəngəzurda erməni işğalından azad edilən ərazilərdə bərpa-quruculuq işlərinə başlanılanda dövlətimizin başçısı bildirdi ki, Azərbaycan bu işləri heç kimdən asılı olmayaraq, öz vəsaiti hesabına, heç kimə müraciət etmədən, heç bir kredit götürmədən görür. Biz həmişə bir arzu ilə, bir fikirlə yaşamışdıq ki, gün gələcək, ədaləti bərpa edəcəyik, qürurlu xalq kimi, müzəffər xalq kimi yaşayacağıq və bu gün gəldi.
Dövlət başçısı çıxışlarında bildirib ki, Füzuli rayonunda birinci mərhələdə 450, sonrakı mərhələdə 300 evin tikintisi nəzərdə tutulur. Torpaq da yaxşı, münbit torpaqdır. İndi aparılan şum, səpin, əkin o məqsədi güdür ki, vaxt itirməyək, bu torpağı artıq diriliyə gətirək. Ona görə camaat qayıdandan sonra, əlbəttə ki, yenidən bölgü aparılacaq. Bir də ki, burada həyətyanı torpaqlar da nəzərdə tutulur, mənə məruzə edildi. Kəndlərdə hər bir evin təqribən ən azı 12 sot torpağı olacaq.
Prezidentimizin və birinci xanımın Qarabağa və Şərqi Zəngəzura mayın 5-də səfərində təcavüzkar Ermənistan tərəfindən tamamilə yer üzündən silinən Füzuli şəhərində bir çox həyat əhəmiyyətli layihələrin, o cümlədən içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri kompleksinin təməli qoyulub. Həmin layihənin icrası nəticəsində 2040-cı ilədək perspektiv inkişaf nəzərə alınmaqla Füzuli şəhərində 50 min nəfərin içməli su təchizatının yaxşılaşdırılması nəzərdə tutulur. Layihə çərçivəsində 15 subartezian quyusu qazılacaq, uzunluğu 10,7 kilometr olan magistral su kəməri çəkiləcək, tullantı sutəmizləyici qurğu inşa ediləcək, eyni zamanda, ümumi uzunluğu 103 kilometr olan su şəbəkəsi qurulacaq. Bunun üçün birinci mərhələdə 17 min kubmetr tutumu olan su anbarı inşa ediləcək və bu, şəhər əhalisinin təxminən 80 faizini içməli su ilə təmin edəcək. İkinci mərhələdə isə Füzuli şəhərinin əhalisinin qalan 20 faizinə xidmət göstərən, tutumu 5 min kubmetr olan su anbarı inşa ediləcək. Böyük Qayıdışa dair Dövlət Proqramında əhalinin dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi əsas vəzifə kimi qarşıya qoyulub. Təməli 2021-ci il oktyabrın 17-də Prezident İlham Əliyev tərəfindən qoyulan Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzinin açılışı keçirilib və mərkəz işə salınıb. Ölkənin elektroenergetika sektorunda texnoloji innovasiyaların tətbiqi və infrastrukturun rəqəmsal transformasiyasının sürətləndirilməsi istiqamətində inşa edilən mərkəzin elektrik təchizatı üçün 110/35/10 kV