Ümumiyyətlə, Fransanın dövlət və idarəetmə sistemində məmur heyətinin əksəriyyəti erməni əsilli, yaxud erməni lobbisinin təsiri altında olan şəxslərdir. Buna görə də verdikləri qərarların böyük əksəriyyətində ermənilərin ciddi təsiri var. Hətta Fransa Milli Assambleyasında belə diaspor təşkilatlarının deputatları var və bundan istifadə edirlər.
Fransa Cənubi Qafqazda yerləşməyə çalışır və bunu Ermənistan üzərindən edir. Bu gün Cənubi Qafqazda baş verən proseslər, rəsmi Parisin separatçıları dəstəkləməsi, Fransanın Afrikada yürütdüyü müstəmləkə siyasətini burada da yürütmək niyyətindən irəli gəlir. Ola bilər ki, Fransa Ermənistan vasitəsilə bəzi manipulyasiyalar etmək istəsin, təxribatlarla çıxış etsin, lakin bütün bunlar onların istədiyi nəticəni verməyəcək.
Fransanın Ermənistanla bağlı yürütdüyü siyasət, əslində işğalçı ölkəni fəlakət bataqlığına sürükləyir. Qeyri-konstruktiv mövqeyi ilə Ermənistanı da özünün arxasınca çıxılmaz bir yola çəkmək cəhdlərini beynəlxalq birlik açıq-aşkar görməkdədir. Amma çox təəssüf edir ki, bu birlik də bu məsələlərdə müəyyən mənada səssiz qalır. Amma nəzərə almaq lazımdır ki, Fransa artıq əvvəlki Fransa deyil. Baxmayaraq ki, BMT Təhlükəsizlik Şurasında daimi üzvlük statusu var, artıq Fransa qeyri-konstruktiv mövqeyinə görə özünün təsir imkanlarını itirməkdədir.
Rəsmi Paris Ermənistanı silahlandırır, hətta bir neçə gün öncə də Ermənistana raket müdafiə sistemlərinin verilməsi ilə bağlı müqavilə imzalayıb. Ermənistanı silahlandıran bir ölkənin bölgəyə hər hansı bir formada münaqişənin yatırılması və sülhün əldə edilməsi ilə bağlı töhfə verəcəyi inandırıcı görünmür. O baxımdan düşünürəm ki, məsələyə daha başqa prizmadan baxılmalıdır. O zaman görəcəyik ki, Fransa yalnız öz maraqları kontekstində bölgədə əməkdaşlığa səy göstərir. Fransanın Ermənistanı silahlandırma cəhdləri bölgədə sülhdən çox münaqişənin davam etdirilməsinə və bölgənin qan çanağına çevrilməsinə gətirib çıxara bilər. Bu baxımdan da Fransanın qarşısının alınması istiqamətində Azərbaycan dövləti əlindən gələni edir. Beynəlxalq birlik də bunu görməli və qəbul etməlidir. Fransanın bölgə ilə bağlı maraqları yalnız və yalnız çirkin məqsədlərə xidmət edir.
Fransanın neokolonial mövqeyini davam etdirmək cəhdlərinə gəldikdə isə bu siyasət bu gün də davam edir. Fransanın bu gün de-fakto koloniyaları əlindən çıxmaqdadır. Nigerdə, Malidə, Orta Afrika Respublikasında, Burkino-Fasoda və digər ölkələrdə də bu proseslər davam edir. Belə tempdə davam edən proseslər Fransanın Afrikadan sürətli çəkilməsinə gətirib çıxarar ki, bu da ölkəni iqtisadi böhrana salar. Paris Afrikadan ildə 500 milyard avro xərac toplayır və eyni zamanda fransız nüvə atom reaktorlarının fəaliyyətində Niger uranı daha çox istifadə olunurdu.
Samir HÜMBƏTOV,
politoloq.