Ölkəmizin artan nüfuzu və tarixi qələbəsindən narahat olan bəzi dövlət və təşkilatlar hazırkı vəziyyətdən istifadə edərək çaxnaşma yaratmaq və sülh prosesini ləngitmək istəyirlər. Bu məsələdə lider qismində çıxış edən isə Ermənistanın "bacı"sı Fransadır. Hazırda həllini gözləyən məsələlərdən biri də məhz Qarabağ ərazisində yaşayan ermənilərin reinteqrasiyasıdır. Onların dəqiq mövqedən çıxış etməməsi, ictimaiyyəti çaşdırması nəticəsində yaranan vəziyyətdən istifadə edən Fransa bölgəyə yük karvanı göndərərək guya oradakı ermənilərə yardım etməyə çalışır. Sözsüz ki, Fransanın bu addımı siyasi təxribatdır. Beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etməyən Fransa Azərbaycanın daxili işinə ciddi şəkildə qarışmağa cəhd edir. Regionda öz mövcudluğunu qoruyub saxlamağa çalışan Fransanın ölkəmizlə razılaşdırılmadan etdiyi bu addım qəbuledilməzdir. Hər iki "bacı"nın bir-birinə yaxın zaman dilimində bölgədə TIR şousu göstərməsi onu deməyə əsas verir ki, Ermənistanın niyyəti sülhdən yayınmaq, təxribat törətməkdir.
Paris meri Ann İdalqonun rəhbərliyi altında Fransanın bir neçə şəhərinin meri sərhədə gəlib. Onlar iddia edir ki, guya bölgədəki ermənilər ac və blokada şəraitində saxlanılır. Bu iddialar tamamilə ictimai rəyi çaşdırmaq üçün ortaya atılıb. Fakt isə ondan ibarətdir ki, bölgəyə rahat gəlib-getmələri üçün müasir avtomobil və dəmiryol şəbəkəsi formalaşdırılır, infrastruktur təmir edilir. Şuşada keçirilən Qlobal Media Forumda, xarici telekanallara verdiyi müsahibələrdə Prezident İlham Əliyev bildirib ki, biz Qarabağdakı erməni azlığının hüquq və təhlükəsizliyinə əməl etməklə Konstitusiyamız çərçivəsində bu məsələlərin inteqrasiya yolu ilə həllinə hazırıq. O, bildirib ki, Qarabağ ermənilərinin nümayəndələri ilə təmas qurmaq üçün xüsusi nümayəndə təyin edilib və bu təmasların qurulması məqsədilə o, Qarabağa göndərilib. Birinci görüş məhz orada, Xocalı qəsəbəsində Rusiya sülhməramlı kontingentinin bazasında baş tutub. Daha sonra Qarabağ ermənilərinin nümayəndələri dialoqu davam etdirmək üçün Bakıya dəvət edilib. Lakin onlar imtina ediblər. Müəyyən vaxtdan sonra onlar yenidən dəvət edilib. Prezident İlham Əliyev əlavə edib ki, ola bilərdi ki, hansısa səhv olub, onların həqiqətən də bunu istəmədiklərinə əmin olmaq məsələsində yanlışlıq ola bilərdi. Lakin onlar yenə də imtina ediblər. Ölkə başçımız vurğulayıb ki, üçüncü dəvət olmayacaq. İstəmirlərsə, demək, istəmirlər. Görünür, həmin görüşün Qarabağ iqtisadi rayonunda məskunlaşmış ermənilərin reinteqrasiyasının həyata keçirilməsi, əhalinin mövcud ağır sosial problemlərdən, həmçinin separatçıların təzyiqlərindən qurtulması baxımından əhəmiyyətli ola biləcəyini anlaya bilməyiblər.
Şübhəsiz ki, hazırda Qarabağda yaşayan erməni icmasının Azərbayacana reinteqrasiyaya meyil etməməsi onların vəziyyətini daha da çətinləşdirir. Hazırda baş verən hadisələr, mediaya ötürülən görüntülər onu deməyə əsas verir ki, tək çıxış yolu reinteqrasiyadır. Bu vəziyyətdən istifadə edən Fransa da Ann İdalqo kimi ermənipərəst şəxsləri bölgəyə göndərərək vəziyyəti daha da qəlizləşdirməyə çalışır. Belə ki, merin daha əvvəl də haylara göstərdiyi dəstək onun digər fransız rəsmiləri kimi erməni lobbisinin tam nəzarətində olduğunun göstəricisidir. Hazırda bunu təsdiq edən bir sıra sübutlar mövcuddur. Erməni diasporu ilə sıx ünsiyyətdə olan həmin merin müavinlərindən biri məhz etnik erməni Anuş Toronyandır. Bununla yanaşı, mer ötən illərdə dəfələrlə Ermənistanın sabiq prezidenti Serj Sarkisyanla görüşüb. Bu görüşlərin nə məqsəd daşıdığı isə məlum məsələdir. Mer bir neçə dəfə Ermənistanda yerləşən şirkətlərin açılışında ən ön sıralarda iştirak edib. Fransada yaşayan və oradakı bölgənin meri nəyə əsasən Ermənistandakı Kreativ Texnologiyalar Mərkəzinin, həmçinin hər hansı bir erməni kilsəsinin açılışında iştirak etməlidir? Burada başqa maraqların olduğu aydındır. Bunlar hələ azmış kimi, merin öz rəsmi sosial media hesablarında ermənilərlə bağlı etdiyi paylaşımlar da gözdən yayınmır. Fransa digər ələ keçirdiyi və neokolonist siyasət yürütdüyü ölkələr kimi, indi də Ermənistanın gözünü boyayaraq, sanki ona dəstək çıxır. Lakin xatırlatmaq lazımdır ki, Afrika, Kaledoniya, Seneqal, Fil Dişi Sahili və Benin kimi ölkələr Fransa tərəfindən qul ticarəti mərkəzləri kimi istifadə edilib və bölgədəki bütün resurslar istismar olunub. Bu isə neokolonist ölkənin bir tərəfdən işğalçı və digər işğalçı dövlətlərə qeyd-şərtsiz dəstək verən bir dövlət olduğunun açıq nümunəsidir.
Azərbaycan tərəfinin un dolu TIR-ları Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin başçılığı ilə bölgəyə göndərilib. Qeyd edək ki, yardım, Qızıl Aypara Cəmiyyətinin vasitəsilə Ağdam-Xankəndi yolundan istifadə edərək bölgəyə çatdırılıb. Prezident köməkçisi jurnalistlərə verdiyi açıqlamada bildirib ki, Azərbaycan tərəfindən dəfələrlə bəyan edilmişdir ki, Ağdam-Xankəndi yolu fəaliyyətdədir və bu yol ilə istənilən yüklərin Xankəndiyə və ətraf ərazilərə çox qısa müddət ərzində çatdırılması təmin oluna bilər: "Bu yoldan bu şəkildə imtina edilməsini biz yalnız rasizm və diskriminasiya kimi qiymətləndirə bilərik. Yoldan bu formada imtina yalnız və yalnız rasizmdir. Azərbaycan yolları açaraq reinteqrasiya prosesini başlamaq niyyətindədir. Bu reinteqrasiya prosesinin tərkib hissəsi olaraq Azərbaycan Qarabağda yaşayan erməni sakinlərin hüquqlarını və təhlükəsizliyini, eyni zamanda, onların öhdəliklərini Azərbaycan Konstitusiyası və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq sənədlər əsasında təmin etməyə hazırdır".
Hikmət Hacıyev öz rəsmi sosial media hesabında yardımların video görüntüsünü paylaşıb. Ermənistan və "bacı"sı nə qədər çalışsalar da Azərbaycanın dünyadakı nüfuzuna ləkə vura bilməyəcəklər.
Töhfə SƏMƏDOVA,
"Respublika".