Fransanın bəzi hüquq müdafiə təşkilatları da Qarabağda etnik təmizləmə aparılmadığını təsdiq edir
Siyasət

Fransanın bəzi hüquq müdafiə təşkilatları da Qarabağda etnik təmizləmə aparılmadığını təsdiq edir

Fransaya məxsus "Coordination des Associations et des Particuliers pour la Libert? de Conscience" ("CAP Freedom of Conscience" - CAP-LC) hüquq müdafiə təşkilatı Azərbaycanın Qarabağın erməni əhalisinə qarşı etnik təmizləmə aparılmadığını təsdiq edib. Bu da bir daha sübut edir ki, Azərbaycan erməni əhalisinə qarşı humanist mövqedən çıxış edib, insan haqlarına, barışa və dialoqa üstünlük verib.

CAP-LC təşkilatının nümayəndələri bildiriblər ki, Azərbaycan öz ərazisində və beynəlxalq hüquq normalarına uyğun hərəkət edib. Qarabağda yüzlərlə ağır texnikanın, artilleriya və hava hücumundan müdafiə sistemlərinin, milyonlarla döyüş sursatının və onlarla möhkəmləndirilmiş bölgələrin olduğu vizual məlumatlarla da təsdiqlənib. Təşkilatın apardığı monitorinq nəticələrinə istinadən qeyd edilib ki, mülki əhaliyə qarşı təhlükənin olmadığını Ermənistanın baş naziri Nikol Paşinyan özü də təsdiqləyib: "Bütövlükdə vəziyyət sabitdir. Mülki əhali arasında kütləvi itkilər barədə məlumatlar reallığa uyğun gəlmir. Bu gün Qarabağın mülki əhalisinə qarşı birbaşa təhlükə yoxdur".

Bunlar təşkilatın "Avropa Hüquq və Ədalət Mərkəzi"nin Azərbaycanın Avropa Şurasında üzvlüyünün dayandırılmasını tələb edən petisiyasına cavabında qeyd edilib. Görüldüyü kimi, insan hüquqlarına hörmət edən və müsbət dialoqa əsaslanan siyasəti ilə Azərbaycan regionun daha sabit bir bölgə olmasına töhfə verir, bunu aparılan monitorinqlər də təsdiq edir.

Həmçinin, BMT Qarabağa özünün təyin etdiyi beynəlxalq monitorinq missiyaları təşkil edib. Onun Qaçqınlar üzrə Ali Komissarlığının Ermənistandakı nümayəndəsi Kavita Bilan qeyd edib ki, Qarabağdakı erməni əsilli şəxslərə qarşı heç bir insident və ya kobud rəftar halı yaşanmayıb. "Cap Freedom of Conscience" adlanan BMT-də məşvərətçi statusu 1995-ci ildə yaradılıb, qeyri-hökumət təşkilatı din və inanc azadlığı hüququnun qorunması ilə bağlı fəaliyyət göstərir və ayrı-seçkiliyin bütün növləri ilə mübarizə aparır, bu barədə digər beynəlxalq qurumlara məlumat ötürür.

Ölkəmiz Qarabağda qalmaq istəyən ermənilərin təhlükəsizliyinə təminat verdiyini deyib. Bu barədə CAP-LC-nin bəyanatında da qeyd olunub.

Bildirilib ki, http://reintegration.gov.az veb-portalında erməni dilində də Qarabağın erməni əhalisinin Azərbaycan cəmiyyətinə reinteqrasiyasının sosial, iqtisadi və hüquqi aspektləri barədə məlumatlar əks olunub.

Sentyabrın 19-da Azərbaycanın keçirdiyi lokal antiterror tədbirləri zamanı Qarabağdan separatçı ünsürlərin təmizlənməsi ilə bölgə öz tarixi sahiblərinə qayıdıb. Azərbaycan tərəfi isə bu tədbirlərdən əvvəl və sonra Qarabağın erməni sakinlərinə dəfələrlə reinteqrasiya ilə bağlı çağırış edib. Bu çağırışlar isə separatçı xunta rejiminin əhaliyə qarşı təhdidedici davranışları nəticəsində qismən nəticəsiz qalıb. Lakin Qarabağı tərk edən erməni sakinlərinin də bildirdiyi kimi, Azərbaycan tərəfi onlara qarşı qətiyyən etnik təmizləmə siyasəti aparmayıb. Fransa prezidenti Emmanuel Makronun, Avropa İttifaqının Ermənistana səfər edən missiyasının və bəzi pozucu qüvvələrin bu faktları gözardı edərək Azərbaycana qarşı başlatdığı qarayaxma etnik təmizləmə kampaniyası davam etdirilir. Rəsmi Parisin öz tarixini unudub ölkəmizə qarşı əsassız iddialar səsləndirməsi isə beynəlxalq aləmdə gülüş doğurub. Afrika ölkələrində zaman-zaman neokolonializm və etnik təmizləmə işləri aparan Fransanın özünü ermənilərin müdafiəçisi kimi aparması tamamilə isterikadır. Məhz fransız nümayəndələrinin ölkə prezidenti Makrondan fərqli olaraq reallığa əsaslanan çıxışları rəsmi Parisdə fikir ayrılığının mövcudluğunu bir daha sübut edib. Ölkədə ardı-arası kəsilməyən iğtişaşlardan fikir yayındırmaq istəyən Makron küçədə insanların arasında gəzdiyi videoları sosial şəbəkələrdə yayaraq ölkəsində nə qədər sevildiyini inandırmağa çalışan şoulara əl atıb. Lakin Fransa müxalifəti bu çirkin kampaniyanın üstünü açaraq hətta şəkillərdə küçədə ötüşən velosipedçilərin belə Makronun adamları olması faktını ortaya atıblar.

Ölkədə xaosun davam ediyi bir dövrdə Emmanuel Makronun ziqzaq siyasəti rəsmi Parisi nüfuzdan salır. Məhz Ermənistanı alətə çevirmək istəyən Fransa hökuməti ilə onun nümayəndələri arasında yaranan fikir ayrılığı ölkənin bərbad olan idarəçiliyi bir daha gözlər önünə sərir. Azərbaycan Prezidenti İlham Əliyev isə Makrondan fərqli olaraq daim öz xalqının qayğıları ilə maraqlanaraq hətta erməni sakinlərini də reinteqrasiya prosesinə dəvət edib. Beləcə rəsmi Bakı cəbhədə Ermənistan, masada isə Fransaya qalib gələrək öz qətiyyətini bir daha ortaya qoydu və pozucu qüvvələrə ömür boyu unuda bilməyəcəkləri bir dərs verdi.

 Tacir Sadıqov,

 "Respublika".