Fransa utancverici metodlarını bu gün də davam etdirir
Siyasət

Fransa utancverici metodlarını bu gün də davam etdirir

Yeni Kaledoniyanın Fransa hökumətinə qarşı etirazları davam edir. Belə ki, yanvarın 11-də Yeni Kaledoniya parlamentinin (Konqres) qarşısında etiraz aksiyası keçirilib.

Yerli əhali neokolonialist Fransanın ölkənin daxilində destabillik yaratmaq siyasətinə və yerli əhalinin hüquqlarının kobud şəkildə pozulmasına etirazını bildirib. Fransa hökumətinin yerli əhalinin mövqeyini nəzərə almadan konstitusiyada dəyişikliklər etməsini yolverilməz sayan aksiya iştirakçıları bildiriblər ki, kanaklar əhalinin maraqlarına zidd "konstitusiya islahatlarına" yox deyirlər. Nümayişdə maraq doğuran məqamlardan biri də etirazçıların Yeni Kaledoniya bayrağı ilə yanaşı, Azərbaycan bayrağını dalğalandırmaları olub.

Dövlət bayrağımızın min kilometrlərlə uzaqlıqda təşkil olunmuş azadlıq aksiyasında ucalması təsadüfi deyil. Buna səbəb ölkəmizin Qoşulmama Hərəkatının sədri kimi Fransa kolonializminə qarşı mübarizə aparan ölkələrə daim dəstək olmasıdır. Xatırladaq ki, bir müddət öncə də Yeni Kaledoniyanın paytaxtı Numea şəhərində Fransanın müstəmləkəçi siyasətinə etiraz əlaməti olaraq keçirilən aksiyada Sosialist və Milli KANAK Azadlığı Cəbhəsi Azərbaycanın dövlət atributunu ön cərgədə daşımışdır.

Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verərkən bir daha qeyd edib ki, Azərbaycan dövlətinin Qoşulmama Hərəkatında sədrlik müddəti başa çatsa da neokolonializm ilə mübarizə də daxil olmaqla, fəaliyyətimiz davam edəcək: "Bakı Təşəbbüs Qrupu artıq həyata vəsiqə alıb, onu heç kim heç vaxt yerindən tərpədə bilməz. Hərəkatda aparıcı rola malik olmağımızdan asılı olmayaraq, Bakı Təşəbbüs Qrupu bizim fəaliyyətimizin nəticəsidir. Müstəmləkə ölkələr azadlıq əldə etmədikcə, biz bu məsələdə onlara kömək edəcəyik".

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupu Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda "Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru" adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. Bakı Təşəbbüs Qrupu XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir. Burada Martinik, Qayana, Yeni Kaledoniya, Fransız Polineziyası, Uollis və Futuna, Solomon adalarının nümayəndəlikləri fəaliyyət göstərir. Bakı Təşəbbüs Qrupu bu günə qədər bir sıra beynəlxalq tədbirlərin təşkilatçısına çevrilib. Bu xüsusda BMT-də "Dekolonizasiya: sakit inqilab", "Neokolonializm: insan hüquqlarının pozulması və ədalətsizlik" və s. mövzulu konfransları xüsusi olaraq diqqəti cəlb edir. Keçirilən toplantılarda XXI əsrdə hələ də davam edən kolonializm siyasəti pislənib və onun aradan qaldırılması istiqamətində sistemli və ardıcıl iş aparılması və təşkilatlanmasının sevindirici hal olduğu vurğulanıb.

Zaman dəyişsə də, hələ də imperial təfəkkürdə olan Fransa müasir bəşəriyyət üçün utancverici metodlarını bu gün də davam etdirir. Kolonializm tarixindən əl çəkə bilməyən Fransa Avropadan kənarda, Sakit və Atlantik okeanlarında dənizaşırı icma və ərazilərində yaşayan xalqların azadlıq arzularına və hüquqlarına hörmət etmir və bu arzuların reallaşmasının qarşısının alınması üçün hər vəchlə çalışır. Özünü "insan hüquqlarının hamisi" kimi göstərən Parisin hələ də bəzi xalqların azadlıq çağırışına cavab verməməsi Fransa hakimiyyətinin bu mövzuda başqa dövlətlərə dərs keçməyə çalışmasının absurd olduğunu göstərir.

Musa BAĞIRLI,

"Respublika".