Ermənistanın baş naziri Nikol Paşinyan Fransanın Strasburq şəhərinə işgüzar səfərə gedib. N.Paşinyan oktyabrın 17-də Avropa Parlamentində çıxış edib və qurumun rəhbəri Roberta Metsola ilə görüşüb.
Fransa prezidenti Emmanuel Makronun illərdir davam edən Cənubi Qafqazda söz sahibi olmaq, buradakı siyasi proseslərə müdaxilə etmək cəhdləri səngimir. Makron yenə öz çirkin fikirlərini aşılamaq üçün “bacısını” yanına çağırıb.
Rusiyanın Ermənistanla Azərbaycan arasında vasitəçi və sülhməramlı fəaliyyətində dominant rolundan narahatlıq duyan rəsmi Paris bölgəyə demokratiya, sülh gətirmə bəhanəsi ilə əsrlərdir davam etdirdiyi neokolonial siyasətindən əl çəkmir. Lakin vasitəçi olmaq üçün isə qərəzsiz, bitərəf mövqedən çıxış etmək lazımdır. Fransanın Azərbaycana qarşı yürütdüyü siyasətin isə qərəzsiz olduğunu demək çətindir. Belə ki, rəsmi Paris ölkəmizə qarşı dəfələrlə yalan ittihamlarla, böhtan dolu bəyanatlarla çıxış edib. BMT və digər beynəlxalq təşkilatlarda erməni sakinlərin ərazidən zorla köçürülməsi iddialarını səsləndirməsi, Makronun televiziya müsahibələrində, həmçinin Qranadada mətbuat konfransı zamanı yalan iddialarla çıxış etməsi və daha bir çox bu kimi fəaliyyət Fransanın qərəzli mövqeyinin göstəricisidir. Fransa Ermənistan tərəfindən qovulmuş 1 milyon azərbaycanlının taleyinə biganədir, faktlara göz yumur, hər zaman birtərəfli mövqedən çıxış edir.
Ölkəmizin həyata keçirdiyi son antiterror tədbirlərindən sonra bölgədə yeni siyasi reallıq yaranıb. İllər ərzində buradakı keçmiş münaqişədən istifadə edən, öz maraqlarını güdən Fransanı bölgədəki sabitlik narahat edir. Rəsmi Paris öz siyasətini, ölkələrə daha çox problemlər yaradaraq və ya baş vermiş münaqişələrdə təchizatçı, yaxud vasitəçi kimi rol oynamaqla formalaşdırır. Münaqişələrin uzun müddət davam etməsində rol oynayır.
Əslində, Fransanın bölgəni qarışdırıb, münaqişə yaratma istəyi onun tarixən davam etmiş müstəmləkəçilik siyasətinin nəticəsidir. Keçən əsrlərdən bəri müxtəlif xalqlara qarşı zorakılıq etmiş Fransa, imperiyanın süqutundan sonra da öz neokolonial mövqeyindən qopa bilməyib. Rəsmi Parisin müstəmləkə tarixindən ayrıla bilməməsinin nəticəsidir ki, bu gün ölkədə etnik, dini və digər azlıqlara qarşı diskriminasiya davam edir. Fransada irqçilik, xüsusilə islamofobiya son illərdə artıb. Ölkədə yerləşən Afrika Mundus beyin mərkəzinin rəhbəri olan Argo müstəmləkədən əziyyət çəkən insanlara təzminatın ödənilməsi məsələsini qabardıb. O, həmkarlarının irqçi hücumlarına məruz qalıb və ölümlə hədələndiyini deyib.
Həmçinin Fransada maaşların artırılmasını və gender bərabərliyini tələb edən müxtəlif peşə sahibləri, o cümlədən müəllimlər həmkarlar ittifaqlarının çağırışı ilə tətillərə başlayıb. Makron başqa ölkələrin daxili işləri ilə məşğul olduğu halda, daxili problemlərini unudub. Ara qarışdırma siyasətini davam etdirən Makron öz ölkəsini fəlakətə doğru aparır. Etirazçılar əsasən Paris, Marsel və Lion şəhərləri olmaqla, ölkənin təxminən 200 nöqtəsində nümayiş keçirirlər. Onlar Parisdə İtaliya meydanından Vauban meydanına doğru yürüş edib. Polislər aksiyalara sərt müdaxilələr edərək bəzi etirazçıları həbs edib. Təşkilatçılar aksiyalarda 200 mindən çox insanın, polis isə 92 min 500 nəfərin iştirak etdiyini deyib.
Demokratiya və insan hüquqları təmsilçisi kimi aktyorluq edən Fransa Əlcəzairdə, Ruandada, Malidə, Seneqalda, Burkina-Fasoda və işğal etdiyi bütün digər bölgələrdə milyonlarla insanı dini və etnik zəmində ayrı-seçkiliyə, nifrətə əsaslanaraq qətlə yetirməsini unutmuş kimi görünür. Rəsmi Paris həyata keçirdiyi soyqırımı cinayətlərinə görə hələ də beynəlxalq hüququn tələblərinə uyğun şəkildə cavab verməyib, ona görə də öz müstəqilliklərini elan etmiş həmin ərazilər üzərində yeni xain planlar qurur. Azərbaycan dəfələrlə qeyd edib ki, öz daxili problemlərinə müdaxiləyə icazə verməyəcək. Fransa anlamalıdır ki, ölkəmiz neokolonializm siyasətinə qarşıdır. Ölkəmizə qarşı əsassız ittihamlarla çıxış edib bölgədə gərginliyi artırmaq və sülh prosesini pozmaq cəhdi də nəticəsiz qalacaq.
Nurcan SÜLEYMANOVA,
"Respublika".