Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 24 may tarixində "Fövqəladə hallarla mübarizədə yeni texnologiyaların tətbiqi" mövzusunda kursant və magistrantların X elmi-praktik konfransı keçirilib. FHN-nin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, konfransda ölkəmizdə fəaliyyət göstərən bir sıra ali təhsil müəssisələrinin magistrant, kursant və tələbələri iştirak ediblər.
Konfransın açılış mərasimində çıxış edən Akademiyanın rəisi general-mayor Baba Salayev bildirib ki, tədbir çərçivəsində aparılan müzakirələr, təqdim olunan məruzələr fövqəladə hallarla mübarizədə yeni texnologiyaların tətbiqi sahəsində praktiki tövsiyələr hazırlamağa imkan verəcək və respublikamızda təhlükəsizliyin təmin olunmasına xidmət edəcək. O, həmçinin ölkəmizdə gənc nəslin elm və təhsilə cəlb olunması ücün hərtərəfli şəraitin yaradıldığını və bu sahəyə cənab Prezident İlham Əliyev tərəfindən böyük diqqət və qayğı göstərildiyini də vurğulayıb.
Konfransda FHN-in Akademiyası, Heydər Əliyev adına Hərbi İnstitutu, Milli Aviasiya Akademiyasının kursant, tələbə və magistrantları məruzələrlə çıxış ediblər.
Konfransın sonunda fərqlənən konfrans iştirakçıları FHN Akademiyasının fəxri fərmanı ilə təltif olunublar.
“Respublika”.