İki ölkə arasındakı tarixi əlaqələr bu gün Azərbaycan və Rumıniya üçün yol xəritəsidir. Qeyd edək ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ikitərəfli münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəlmişdir. Rumıniya Azərbaycanın müstəqilliyini 11 dekabr 1991-ci ildə tanıyıb. Rumıniya respublikamızın müstəqilliyini tanıyan dünyada ikinci, Avropa İttifaqına üzv dövlətlərin arasında isə ilk ölkədir. Ölkələrimiz arasında diplomatik əlaqələr 19 iyun 1992-ci il tarixində qurulub. 1998-ci il noyabrın 3-də Rumıniyanın Azərbaycanda, 2001-ci ilin 19 may tarixində isə Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyi təsis edilmişdir.
Azərbaycanın və Rumıniyanın yüksək səviyyəli rəsmilərinin qarşılıqlı səfərləri ikitərəfli siyasi dialoqun artan dinamika ilə inkişafına müsbət təsir göstərir. 2004-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev dövlət başçısı statusunda Rumıniyada ilk dəfə rəsmi səfərdə olub. Azərbaycan Prezidentinin Rumıniyanın rəsmiləri ilə keçirdiyi görüşlərdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin perspektivləri, regional əməkdaşlıq, beynəlxalq məsələlər ətrafında geniş müzakirələr aparılıb və yeni təşəbbüslər irəli sürülüb. Səfər zamanı iki ölkə arasında 11 sənəd imzalanıb. 2009-cu il sentyabrın 28-də Buxarestdə iki ölkə prezidentləri tərəfindən imzalanan "Rumıniya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın qurulması haqqında" Bəyannamə Azərbaycanın Avropa Birliyinə üzv dövlətlərlə strateji tərəfdaşlığa dair ilk sənəddir. Sonrakı mərhələdə hər iki tərəfin siyasi iradəsinə uyğun olaraq tərəfdaşlıq münasibətlərinin hüquqi bazası daha da möhkəmləndirilib. Bütövlükdə, indiyədək Azərbaycanla Rumıniya arasında 61 sənəd imzalanıb ki, həmin sənədlər əməkdaşlığın müxtəlif sahələrini əhatə edir.
İki ölkə son 30 ildə strateji tərəfdaşlıq əsasında əlaqələrini inkişaf etdirir. Qeyd etmək lazımdır ki, hazırda siyasi əlaqələr çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu bir daha təsdiqləyir. Ticari və iqtisadi əlaqələr baxımından Azərbaycan və Rumıniya arasındakı dinamika artmaqda davam edir. Digər tərəfdən, Azərbaycanın SOCAR şirkətinin dost ölkə Rumıniyada fəaliyyətini ildən-ilə genişləndirməsi əlamətdar hadisədir. Hazırda şirkətin Rumıniyada 67 yanacaqdoldurma məntəqəsi və 3 yanacaq deposu fəaliyyət göstərir. SOCAR-ın dost ölkədəki işgüzar komandasında 729 işçi çalışır. Azərbaycan şirkətinin Rumıniyadakı yanacaqdoldurma məntəqələri bu ölkənin Botoşan, Suçeava, Nyamts, İaşi, Bihor, Buzau, Bakau, Vrancea, Timiş, İlfov, Kluj, Valcea, Arad, Argeş, Bistritsa-Nasaud, Hunedoara, Sibiu, Buxarest, Braşov, Satu-Mare və digər regionlarını əhatə edir. Azərbaycandan Rumıniyaya ixrac edilən xam neft artan ticarət dövriyyəsinin böyük hissəsini təşkil edir. Ümumiyyətlə, dünyada enerji sahəsində əməkdaşlığın aktuallığı Rumıniya ilə Azərbaycanı qaz ixracı məsələsində də fəal şəkildə bir araya gətirir. Rumıniya Azərbaycan qazının Avropa məkanında yeni ünvanıdır. Gələcək perspektivdə Azərbaycan qazı Rumıniya üzərindən digər Avropa ölkələrinə nəql edilərək iki ölkə arasında əməkdaşlığın yeni mərhələsini formalaşdıracaq. Rumıniya Prezidentinin Bakıda Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının açılış mərasimində iştirakı da elə bu məqsədə xidmət edirdi.
Fevralın 2-də isə Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində Rumıniya-Azərbaycan sənədlərinin imzalanması mərasimi oldu. Təhsil, mədəniyyət, idman, eləcə də iqtisadi və elmi-texniki sahələrdə gələcək əməkdaşlığa zəmin yarada biləcək sazişlər imzalanıb. Bu baxımdan, Rumıniya ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq haqqında imzalanan bəyannamə xüsusi əhəmiyyət kəsb edir. Bu Sazişin imzalanması ölkələr arasında bir sıra mühüm sahələrdə uzunmüddətli əməkdaşlıq üçün təməl yaradır. Sənəd Azərbaycanın Mərkəzi Asiya ilə bağlılığını artıracaq, Avropa İttifaqını Cənubi Qafqazdakı tərəfdaşlarına daha da yaxınlaşdıracaq və təmiz enerjiyə keçidə nail olmağa kömək edəcəkdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rumıniya Prezidenti Klaus Yohannisin mətbuata bəyanatlarla çıxışı zamanı dövlət başçımızın "Biz keçən ay Sizinlə Buxarestdə görüşmüşdük və şadam ki, bir aydan sonra Siz Azərbaycana rəsmi səfərə gəlmisiniz. Bu, onu göstərir ki, ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq çox fəaldır və müzakirə olunan məsələlər hər iki ölkənin maraqlarına cavab verir" ifadələri iki ölkə arasındakı sıx əməkdaşlığın təcəssümüdür. Cənab Prezident onu da qeyd edib ki, Rumıniya və Azərbaycan uzun illərdir ki, əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər. Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycana səfəri bu əlaqələrin yüksələn xətlə inkişafına, dostluq münasibətlərinə önəmli nümunədir. Azərbaycan Cənubi Qafqaz bölgəsində ilk ölkədir ki, Rumıniya onunla əməkdaşlığını strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb, bu, 2009-cu ilə təsadüf edir. Rumıniya ilə Azərbaycan 30 illik etibarlı diplomatik və siyasi münasibətlərə malikdir. Xüsusi vurğulamaq lazımdır ki, iki ölkə üçün iqtisadi layihələr təkcə neft və qaz ilə məhdudlaşmır. Rumıniya yaşıl enerji, ticarət, sərmayə qoyuluşu, rəqəmsallaşma və kənd təsərrüfatı, yaşıl enerji sahələrində əməkdaşlığa maraqlıdır, eyni şəkildə Azərbaycan da bu sahələr üzrə əməkdaşlığın qurulmasına, genişləndirilməsinə maraq göstərir. 2022-ci ildə bunun çox güclü bir dinamikası baş verdi və Prezident İlham Əliyevin Buxarestə səfər zamanı Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlığa dair Saziş imzalandı.
2022-ci il dekabrın 16-da SOCAR ilə Rumıniyanın "Romgaz S.A." arasında imzalanmış müqaviləyə əsasən bu il yanvarın 1-dən Rumıniya Azərbaycan qazını almağa başlamışdır. Təbii qaz Cənub Qaz Dəhlizinin Avropa qolu olan Trans-Adriatik boru kəmərinin (TAP) Yunanıstan-Komotini çıxış nöqtəsindən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru (IGB) vasitəsilə reallaşdırılır. Azərbaycan qazının Rumıniyaya tədarükü üzrə bağlanan ilkin müqavilədə 300 milyon kubmetr mavi yanacağın vurulması nəzərdə tutulurdu. Qeyd edək ki, 2023-2024-cü illərdə Rumıniyaya əlavə qaz nəql ediləcək. Göründüyü kimi, TAP layihəsinin uğurla reallaşdırılması Cənubi Qafqazın regional lideri kimi Azərbaycanın nüfuzunu olduqca artırdı. Azərbaycan digər regional layihələr kimi, Cənub Qaz Dəhlizinin son seqmenti olan bu layihəni də uğurla icra edərək Avropa İttifaqı üçün etibarlı tərəfdaş olduğunu bir daha sübut etdi.
Nurlan ABDALOV,
"Respublika".