1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan böyük problemlərlə üzləşmiş, ölkədə hökm sürən özbaşınalıq, xaos dövlət çevrilişinə gətirib çıxarmış, hakimiyyəti ələ keçirən AXC-Müsavat cütlüyünün yarıtmaz fəaliyyəti ölkəni ağır vəziyyətə sürükləmişdi. Ölkə iqtisadiyyatı çökmüş, sənaye potensialı azalmış, ölkədə inflyasiya faizi artmış, vətəndaş müharibəsi başlamışdı. Ermənistan tərəfindən ərazilərimiz işğal olunmuş, vətəndaşlarımız doğma yurd yerlərindən didərgin düşmüşdü.
1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyevin rəhbərliyi ilə təxirəsalınmaz islahatlara başlanılmış, ölkədə siyasi sabitlik bərqərar olmuş, müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan demokratiya yoluna qədəm qoymuşdur. İqtisadi gücü, siyasi arenada nüfuzu olmayan Azərbaycanı qəbul etməyən, heç bir əməkdaşlıq əlaqələri qurmayan ölkələr tədricən ölkəmizi tanımış, ulu öndər Heydər Əliyevin uzaqgörən, müdrik siyasəti sayəsində dünyanın böyük neft şirkətləri neft ölkəsi olan Azərbaycanla maraqlanmağa, ölkəmizə yatırımlar etməyə başlamışlar. Beləliklə ulu öndər, Azərbaycanın dövlət rəhbəri Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə "Əsrin müqaviləsi" imzalanmış və bununla da ölkəmizə xaricdən böyük sərmayə axını başlamışdır.
1994-cü ildə isə Bakının Gülüstan sarayında ulu öndər Heydər Əliyevin sədrliyi ilə "Əsrin müqaviləsi"nin imzalanması ölkəmizin uğurlu inkişaf tarixinin ən önəmli hadisəsinə çevrilmişdir. Bu təntənəli mərasimdən 23 il sonra - 2017-ci il sentyabr ayının 14-də Bakıda Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirilmişdir. Birinci xanım Mehriban Əliyevanın da iştirak etdiyi mərasimdə dövlət başçımız cənab İlham Əliyev çıxış edərək 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi"nin ölkəmiz üçün çox mühüm əhəmiyyətindən bəhs etmiş, "Azəri-Çıraq-Günəşli" nəhəng neft yatağının işlənilməsində yeni dövrün başladığını, kontraktın 2050-ci ilə qədər uzadıldığını bildirmişdir.
Əvvəlki müqavilənin 23 il ərzində Azərbaycanın maraqlarını tam təmin etdiyini bildirən Prezident İlham Əliyev əlverişli şərtlərlə imzalanan yeni müqavilə əsasında ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcəyini, SOCAR-ın "AzAÇG" şirkətinin podratçı qismində kontraktın icrasında iştirak edəcəyini, həmçinin SOCAR-ın payının 11,6 faizdən 25 faizə qaldırılacağını və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsinin 75 faiz təşkil edəcəyini diqqətə çatdırmışdır.
Ötən müddətdə "Azəri-Çıraq-Günəşli" neft yatağından 436 milyon ton neft hasil olunduğunu, bu illərdə Azərbaycanın sürətlə inkişaf etdiyini, dünya ölkələrinin əksəriyyəti ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələri qurduğunu, ölkəmizin 155 ölkə tərəfindən BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildiyini bidirən Prezident İlham Əliyev yeni müqavilənin icrası müddətində daha böyük nailiyyətlər əldə olunacağına əminlik ifadə etmişdir.
Müstəqilliyinin bərpasının ilk illərində ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərliyə gəlişindən sonra həyata keçirilən düşünülmüş daxili və xarici siyasət sayəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artdığını, iqisadi cəhətdən möhkəmləndiyini, iqtisadiyyatının şaxələndiyini, ölkənin neft-qaz amilindən asılılığının azaldıldığını, bütün təbii resurslarından, potensialından səmərəli istifadə edildiyini vurğulayan ölkə başçısı bundan sonra Azərbaycanın daha dinamik surətdə inkişaf edəcəyinə ümid etdiyini vurğulamışdır.
Bütün bu proseslərdə Azərbaycanın dahi rəhbərinin təşəbbüsü ilə reallaşdırılan "Əsrin müqaviləsi"nin mühüm rolunu qeyd edən İlham Əliyev müstəqil Azərbaycanın heç bir ölkədən asılı olmadığını və müstəqil siyasət yürütdüyünü bir daha vurğulamışdır.
Prezident İlham Əliyev 1994-cü ildə "Əsrin müqaviləsi"ndən sonra - 1996-cı ildə "Şahdəniz" yatağı üzrə kontraktın imzalandığını, 1997-ci ildə "Çıraq" platformasından ilk neftin çıxarıldığını, 1998-ci ildə həmin neftin Bakı-Novorossiysk kəməri ilə ixrac edildiyini, 1999-cu ildə Qara dənizin digər limanına - Supsaya Bakıdan neft kəməri çəkildiyini, 2002-ci ildə Heydər Əliyevin şəxsən iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməlinin qoyulduğunu, 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Türkiyənin Ceyhan limanında istifadəyə verildiyini, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin fəaliyyətə başladığını və "Şahdəniz" qazının ilk hissəsinin Türkiyəyə ixrac olunduğunu konfrans iştirakçılarının diqqətinə çatdırmışdır. Bütün bunların "Əsrin müqaviləsi"nin əsasında reallaşdığını deyən dövlət rəhbəri həmçinin, 2012-ci ildə Azərbaycanla Türkiyə arasında TANAP layihəsinə imza atıldığını, 2013-cü ildə TAP layihəsi istiqamətində işlərin uğurla aparıldığını bildirmişdir. Cənab Prezident ökəmizin çox böyük maliyyə resursları hesabına valyuta ehtiyatlarının artması və bunun fonunda "Əsrin kontraktı"nın uzadılması, "Şahdəniz" layihəsinin, Cənub Qaz Dəhlizinin icrası nəticəsində gələcəkdə Azərbaycanın iqtisadi gücünün daha da genişlənəcəyini əminliklə bildirmişdir.
Mərasimdə Prezident İlham Əliyev Azərbaycanla BP şirkəti arasında 23 illik əməkdaşlıq əlaqələrinin olduğunu, BP-nin ölkəmizin bütün əsas layihələrində - "Azəri-Çıraq-Günəşli", Bakı-Tbilisi-Ceyhan, "Şahdəniz", Cənub Qaz Dəhlizi layihələrində əsas tərəfdaş və investor kimi fəaliyyət göstərdiyini qeyd etmişdir. "Azəri-Çıraq-Günəşli" yatağının 1 milyard ton neft ehtiyatı olduğunu söyləyən Prezident İlham Əliyev "Əsrin müqaviləsi"nin vaxtının bitməsinə baxmayaraq, BP ilə SOCAR arasında yaranmış qarşılıqlı etimad, işgüzar münasibətlər nəticəsində bu müqavilənin 2050-ci ilə qədər uzadıldığını bəyan etmiş, bundan sonra da BP ilə SOCAR-ın uzun illər ərzində Azərbaycanın neft-qaz yataqlarının işlənilməsini uğurla təmin edəcəklərinə əmin olduğunu bildirmiş, eyni zamanda "Azəri-Çıraq-Günəşli"nin bütün tərəfdaş şirkətlərinə, sərmayədarlara xüsusi təşəkkür etmişdir.
"Əsrin müqaviləsi"nin Azərbaycana gətirdiyi uğurlardan danışan ölkə rəhbəri ilk olaraq neftdən gələn gəlirlərin qeyri-neft sektoruna yönəldildiyini, Azərbaycanın öz neftini insan kapitalına çevirə bildiyini, eyni zamanda respublikamızın bütün sahələrində tərəqqiyə nail olunduğunu, kəndlərin, qəsəbələrin, şəhərlərin inkişaf etdiyini, o cümlədən ölkə ərazisində 3 mindən artıq məktəbin, 600-dən çox xəstəxananın, bölgələrdə 50-dən çox olimpiya mərkəzinin tikildiyini, 11 min kilometrdən çox yolların çəkildiyini, həmçinin enerji infrastrukturunun, iqtisadiyyatın şaxələndirilməsinin neftdən əldə edilən gəlirlərdən səmərəli istifadə nəticəsində mümkün olduğunu vurğulamışdır. Bu illər ərzində Dövlət Neft Fondundan məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün böyük vəsait ayrıldığı və 250 min köçkünün 100-ə yaxın yeni salınan qəsəbədə gözəl evlərlə, mənzillərlə təmin edildiyi bildirilmişdir.
Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən biri olan "Azəri-Çıraq-Günəşli" neft yatağının işlənilməsinin 2050-ci ilə qədər uzadılması ümummilli liderin 23 il əvvəl uzaqgörənliklə həyata keçirdiyi "Əsrin müqaviləsi"nin əhəmiyyətinin təsdiqi və eyni zamanda sonrakı mərhələdə Azərbaycanın neftlə bərabər, digər təbii ehtiyatlarının işlənilməsinin davam etməsi üçün çox mühüm yol xəritəsi idi. Mərasimdə Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak, Böyük Britaniyanın dövlət naziri Alan Dunkan, Gürcüstanın energetika naziri Elia Elosvili, Yaponiyanın xarici işlər nazirinin parlamentari müavini Manabu Hori, BP şirkətinin baş icraçı direktoru Robert Dadli çıxış etmiş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və nümayəndə heyətləri başçılarının iştirakı ilə Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Saziş imzalanmışdı. Sazişi Azərbaycan hökumətinin, SOCAR-ın, BP, "Chevron", IMPEX, "Statoil", "ExxonMobil", "TP", ITOCHU və "ONGC Videsh" şirkətlərinin rəsmiləri imzalamışlar.
Mehparə ƏLİYEVA,
"Respublika".