Laçın-Xankəndi yolundakı etiraz aksiyası davam etdikcə Ermənistanda Rusiyaya qarşı isterika da artır. Çünki mənfur düşmən həmişəki kimi, günahı özündə yox, başqalarında, bu halda Rusiyada və onun Qarabağdakı sülhməramlı kontingentində görür. Anti-Rusiya isterikasının körükləyicisi isə əlbəttə ki, "sorosçu" Nikol Paşinyan hökumətidir. Ermənistan hər zaman imkan düşən kimi Rusiyaya arxa çevirib, onları əvəzləyəcək sahib axtarıb.
Ümumiyyətlə, mental olaraq erməni xalqı hər zaman hansısa havadarının kölgəsində yaşayaraq onun vasitəsilə nəyəsə nail olmaq istəyir. Ermənistan məhz havadarlarının köməyi ilə Azərbaycan ərazilərini işğal etmiş və 30 ilə yaxın işğalda saxlaya bilmişdi. Amma Ermənistan Qarabağ müharibəsində aldığı ağır məğlubiyyətin günahını da bu gün Rusiyada görür. Müharibə bitdikdən sonra isə İrəvan üçtərəfli Bəyanatda yer alan öhdəliklərini hələ də yerinə yetirməyib. Rusiya buna görə Ermənistana ciddi təzyiq etmədi və bu da İrəvanı bir qədər ürəkləndirdi. İndi isə Rusiya ilə Ermənistan arasında ziddiyyətlər açıq müstəviyə keçməkdədir.
Son günlər İrəvanda mütəmadi olaraq keçirilən mitinqlərdə səslənən şüarlar da ermənilərin Rusiyaya aqressiv münasibətinin göstəricisidir. Paşinyan hakimiyyətə gəldiyi dövrdən anti-Rusiya mövqeyi tutub. O, bu gün Rusiya rəhbərliyi ilə görüşlər keçirir, məsləhətləşmələr aparır. Lakin Rusiyaya münasibətdə fərqli mövqe sərgiləyir. Ermənistan anti-Rusiya siyasəti ilə Kremlə müəyyən təzyiqlər göstərir və çalışır ki, yekun sülh sazişinin imzalanmasını ləngitsin və yaxud İrəvan üçün daha yüngül şərtlərlə imzalasın. Ermənistanın Rusiyanı bu formada şantaj etməsinin isə gözlənilən nəticəni verməsi mümkün deyil. İqtisadi və siyasi baxımdan zəif durumda olan Ermənistan Rusiya kimi böyük bir ölkəyə nəyisə diktə, yaxud dolayısı ilə ona təsir edə bilməz.
Bu günlərdə Ermənistanın Gümrü şəhərindəki Rusiyanın 102-ci hərbi bazasının qarşısında aksiya keçirildi. Erməni radikallar "Rusiya Türkiyə və Azərbaycanın müttəfiqidir!", "Ar olsun belə müttəfiqə!", "KTMT-yə yox!" kimi şüarlar səsləndirdilər, Rusiya və KTMT əleyhinə ultimativ çıxışlar etdilər. Bu aksiya həm də erməni millətçiliyinin mahiyyətini ortaya çıxarır. Forpost Ermənistan öz ağasının üzünə ağ olur, özü də Rusiya hərbi bazasının ölkə ərazisində qalmasını nəzərdə tutan 40 illik müqavilə olduğu halda. Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyasının istiqaməti üzrə işi məntiqi nəticəyə gətirmədən Avropa İttifaqının xeyrinə seçim etməyə üstünlük verib. "Əlbəttə, Ermənistan KTMT-nin potensialından istifadə etməkdə maraqlı olsa, təşkilatın missiyası tez bir zamanda Ermənistanda yerləşdirilə bilər". Bunu Rusiya XİN bəyan edib. Rusiya tərəfi Avropa İttifaqının mülki missiyasının Ermənistana yerləşdirilməsini qınayıb. Belə ki, Avropa İttifaqının nəyin bahasına olursa-olsun Ermənistanda möhkəmlənmək cəhdi azərbaycanlıların köklü maraqlarına zərbə vura bilər. Qeyd edək ki, Avropa İttifaqı Ermənistana 2 il müddətinə 100 nəfərdən ibarət müşahidə missiyasının göndərilməsi barədə qərar qəbul edib.
KTMT-nin İrəvanın hərbi yardımla bağlı müraciətini cavabsız qoyması Ermənistanda etiraz aksiyalarına səbəb olub. Etirazçılar rəsmi İrəvanın KTMT-dən çıxmasını tələb edirlər. ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin səfəri və ermənilərə verdiyi "vəd"lərdən sonra erməni hakimiyyəti və cəmiyyəti Rusiyadan üz döndərərək qərbə istiqamətlənib. Politoloqlar bildirirlər ki, Paşinyan məhz Qərb dairələrinin yardımı ilə hakimiyyətə gəlib və hakimiyyətə gəldikdən sonra isə onu bu vəzifəyə gətirənlərə Ermənistanı Rusiyanın orbitindən çıxarıb Qərbə tərəf sürükləyəcəyinə söz verib. O, bu missiyanı həyata keçirir və Rusiyaya təzyiq etməklə Qərbə meyilli addımlar atır. Bütövlükdə Ermənistan cəmiyyətinin əhvali-ruhiyyəsi Moskvaya nifrət üzərində köklənib. Bunun sonu necə olacaq onu zaman göstərəcək. Nə Rusiya hökumətində, nə də rus cəmiyyətində Azərbaycana qarşı hərbi güc tətbiq etməyə səsləyən qüvvələr yoxdur. Rusiya Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Ermənistan isə Kremlə qarşı demarşla özünün vəziyyətini daha da qəlizləşdirir.
Mustafa KAMAL,
"Respublika".